Məhkəmə qərarları › İş №1(004)-367/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-367/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-367/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 29 aprel 2021-ci il tarixdə səhər saat 10 radələrində atası X5 tibbi müayinədən keçməsi üçün onunla birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda yerləşən Milli Onkologiya Mərkəzinə getmiş, Şirin Quliyev müəssisənin qan nümunəsinin götürülməsi otağına növbədənkənar daxil olduqda növbə gözləyən digər xəstələr buna narazılıqlarını bildirmiş, adıçəkilən səhiyyə müəssisəsində mühafizəçi işləyən Zərərçəkmiş şəxs Ağah oğlu xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Şirin Quliyevə yaxınlaşaraq iradını bildirib sırada gözləməsini və növbə çatdıqdan sonra qan nümunələrinin götürülməsi otağına daxil olmasını demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən atası Ş.Quliyevə irad bildirməsi səbəbindən onu inzibati binanın Diaqnostika korpusunda tibbi personalın soyunma-geyinmə otaqlarının yerləşdiyi mənfi birinci mərtəbəsinin dəhlizinə-pilləkan meydançasına çağırmış, baş vermiş mübahisə zamanı qəsdən başı ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir dəfə vuraraq hər iki burun sümüklərinin cərrahi müdaxiləyə ehtiyacı olan yerdəyişmiş sınığı kimi az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət poluzmasına səbəb olmaqla zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, atası X6 onkoloji xəstə olduğu üçün 29 aprel 2021-ci il tarixdə saat 10 radələrində birlikdə Bakı şəhərində yerləşən Milli Onkologiya Mərkəzinin Diaqnostika Mərkəzinə gəlmiş və həmin gün orada atasını müayinədən keçirtmişdir. Sonra onlar qan analizi verilən şöbəyə yaxınlaşanda görmüşdülər ki, orada növbə var, buna görə də onlar həkimlərdən xahiş etmişdirlər ki, onları növbədən kənar qəbul etsinlər. Bu zaman həmin xəstəxanada mühafizəçi işləyən adını sonradan bildiyi Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq növbə gözləmələrini bildirmişdir. O, da Böyükkişinin onun atası ilə kobud danışmağını görüb onunla söz mübahisəsi etmiş, sonra o, Böyükkişiyə bildirmişdir ki, kənara çəkilib söhbət etsinlər. Onlar Böyükkişi ilə pilləkən olan meydançaya tərəf getmiş, həmin vaxt orada onlardan başqa heç kəs olmamışdır. O, Böyükkişi ilə mübahisə edən zaman sonuncunun hərəkətlərinə əsəbləşib başı ilə bir dəfə Böyükkişinin üz nahiyyəsindən vurmuşdur. Zərbədən Böyükkişinin burun nahiyyəsindən qan açılmışdır. Sonra isə Böyükkişi də onun baş nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra həmin yerə digər mühafizəçi işləyən adını sonradan bildiyi Şahid gəlib onları ayırmış və Böyükkişini oradan uzaqlaşdırmışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələb və mülki iddialarının olmamasını, əvvəllər məhkum edilməməsini, atası rəhmətə getdiyindən ailənin yeganə qazanc gətirən şəxs və cavan olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda Milli Onkologiya Mərkəzində mühafizəçi işləyir. 29 aprel 2021-ci il tarixdə saat 10 radələrində o, işdə olan zaman bir nəfər şəxsin özünü əlil kimi təqdim edərək analiz otağına növbəsiz keçmək istədiyini görmüş, həmçinin həmin vaxt aznaliz otağının qarşısında növbədə dayanan xəstələrin narazı olduğunu görüb həmin şəxsə yaxınlaşıb bildirmişdir ki, öz növbəsini gözləsin. Bu zaman həmin şəxsin oğlu, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs kənardan onlara yaxınlaşıb, nə üçün onun atası ilə mübahisə etdiyini soruşmuş, o, isə Cəlala demişdir ki, onun atası analiz otağına növbəsiz daxil olmaq istəyir və buna görə də növbədə dayanan xəstələr narazılıq edir. Bundan sonra Cəlal ilə onun arasında söz mübahisəsi yaranmış, həmin vaxt Cəlal ona demişdir ki, kənara çəkilək söhbətimizi davam edək. O, da Cəlala etiraz etməyib onunla birlikdə xəstəxananın pilləkən meydançasına getmişlər. Həmin vaxt orada onlardan başqa heç kəs olmamışdır. Cəlal ona yaxınlaşan kimi heç bir söz demədən başı ilə onun üz nahiyyəsindən bir dəfə vurmuşdur. Zərbədən onun burun nahiyyəsindən qan açılmış və o, da özünü müdafiə etmək məqsədi ilə bir dəfə Cəlalın üz nahiyyəsindən yumruqla vurmuşdur. Bundan sonra onların yanına iş yoldaşı Asim gələrək onları ayıraraq aralaşdırmışdır. Sonra o, Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək baş vermiş hadisə ilə əlaqədar rəsmi ərizə ilə müraciət etmişdir. Sorğu zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, onun vəzifələsi Milli Onkologiya Mərkəzində təhlükəsizliyin təmin olunması, mərkəzdə müayinə və müalicədə olunan şəxslərin tibbi prosedurlardan növbəli qaydada yararlanmalarının tənzimlənməsi, xəstə və yaxınlarının eləcədə digər şəxslərin xəstəxana xidmətlərindən istifadə edərkən qəbul olunmuş ümumi davranış qaydalarına, biri-birlərinə və tibbi personala münasibətdə etik qaydalarına riayət olunmasını təmin etməkdən ibarətdir. Həmçinin mərkəzdə yaranmış bu və digər problemlərlə əlaqədar yuxarı rəhbərliyə və zərurət olduğu halda hüquq mühafizə orqanlarına müraciət etrməkdən ibarətdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, hazırda Milli Onkologiya Mərkəzində mühafizəçi işləyir, həmçinin Zərərçəkmiş şəxs da onunla birlikdə mühafizəçi işləyir. 29 aprel 2021-ci il tarixdə saat 10 radələrində o, xəstəxananın gözləmə zalında dayanan zaman iş yoldaşı Böyükkişi qışqıraraq onu xəstəxananın pilləkən meydançasına köməyə çağırmışdır. O, dərhal həmin yerə gedəndə görmüşdür ki, Böyükkişi əvvəllər tanımadığı sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə mübahisə edir və Böyükkişinin burun nahiyyəsindən qan axır. Bu zaman o, onların arasına keçib ayırmış və Böyükkişini oradan kənarlaşdırmışdır. Sonra ona məlum olmuşdur ki, Böyükkişi işdə olan zaman Cəlalın atası analiz otağına növbəsiz daxil olmaq istəyəndə Böyükkişi onu növbəsiz daxil olmağa qoymayıb və buunun üstündə onların arasında mübahisə baş vermiş, sonra onlar xəstəxananın pilləkən meydançasına tərəf gedərək orada söhbət etmək istəyən zaman Cəlal heç bir söz demədən başı ilə Böyükkişinin burun nahiyyəsindən vurmuş və zərbədən Böyükkişinin burunu sınmışdır. Bundan sonra Böyükkişi Yasamal RPİ-nin 29-cu PB-nə gedərək baş vermiş hadisə ilə əlaqədar rəsmi ərizə ilə müraciət etmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi barədə 13.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 04.05.2021-ci il tarixli, 355 canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs alının şişkinlik halında əzilməsi, boyunun və alının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 29.04.2021-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin 20-21-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 24.05.2021-ci il tarixli, 338 canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki burun keçəcəklərində tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin cərrahi müdaxiləyə ehtiyacı olan yerdəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 29.04.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17.09.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 151229 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (Təqsirləndirilən şəxs atası) 01.06.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda sonuncuya qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını və atası rəhmətə getdiyindən ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, ilk dəfə məhkum olunmasını, habelə özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəçəkmiş şəxsin ona qarşı heç bir şıkayət, tələb və mülki iddiasının olmamasını və atası rəhmətə getdiyindən ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili F.H.Yusubova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili F.H.Yusubovun məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353,358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 01 (bir) il müddət azadlıqdan məhrum etmə 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar