Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-367/2023 12.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, Ağsu şəhəri, ünvan 1 ünvanında qediyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 30 noyabr 2022-ci il tarixdə saat 10 radələrində AB515846 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «Kia Rio» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.B.Hüseynzadə küçəsi ilə saatda 10 km/saat sürətlə hərəkətdə olan zaman Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkəti istiqamətində yolayrıcında qarşısında 2.5 «Dayanmadan keçmək qadağandır» üstünlük yol nişanı olmasını nəzərə alaraq idarə etdiyi avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, kəsişən küçə ilə yolayrıcına yaxınlaşan digər nəqliyyat vasisinə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin oluqnacağına əmin olaraq avtomobili yolayrıcına daxil etməli olduğu halda və bunlara riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bunlara riayət etməyib, hərəkəti dayandırmadan davam etdirərək yolayrıcına daxil olmuş və həmin zaman Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə saatda 50 km/saat surətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Tufan M 50 markalı moped «Kia Rio» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısı ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan İİ bel və Xİİ döş fəqərələrinin kompression sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı, **-NY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.B.Hüseynzadə küçəsi ilə hərkətdə olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinə çıxıb təxminən 2 metr irəlilədikdən sonra ani anda arxa sağ qapısına moped çırpılmış və həmin mopedin sürücüsü yerə yıxılmışdır. O, cəld avtomobildən yerə düşmüş və sürücüyə yaxınlaşmışdır. Bundan sonra təcili tibbi yardım maşını gəlmiş və sonradan adını bildiyi Murad adlı sürücünü xəstəxanaya aparmışlar. O, mopedin gəldiyini görməmiş, ola bilsin həmin zaman fikri yayınmışdır. Həmçinin qeyd etmişdir ki, o, ümumiyyətlə spirtli içki qəbul etmir, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 noyabr 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi Tufan M 50 markalı mopedlə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə saatda 50 km sürətlə hərəkətdə olan zaman «Nizami» metrostansiyasının yaxınlığında həmin küçənin sol istiqaməti ilə hərəkət edən zaman ara küçədən 7-5 metr məsafədə qarşısına «Kia Rio» markalı avtomaşının çıxdığını görmüş, əyləcdən istifadə etsə də məsafə az olduğundan Kia markalı avtomobilin arxa sağ qapısı ilə toqquşmuş və o, yerə yıxılmışdır. Həmin avtomobil dayanmış və sürücü ona yaxınlaşmışdır. Bundan sonra təcili tibbi yardım çağırmışlar və onu 1 saylı xəstəxanaya aparmışlar. Həmçinin qeyd etmişdir ki, baş vermiş hadisə zamanı o, mopedi 50 km/saat surətlə idarə etmiş, asfalt örtüyü quru və düz olmuş, idarə etdiyi moped hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. O, saatda 50km/saat surətlə yolun sol zolağı ilə hərəkətdə olan zaman 4-5 metr məsafədə Kia markalı avtomobil yola çıxmış və bu zaman o, dərhal əyləcə basmışdır. Lakin bunun nəticəsi olmamış və toqquşma baş vermişdir. Bundan əlavə Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş zərər tam aradan qaldırılmış, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin 84-85-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Ağsu RQİTBŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AB seriyalı, 515846 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və xx.xx.2032-cü il tarixədək etibarlıdır. Cinayət işinin 55-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan 30 noyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısı zədələnmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Cinayət işinin 16-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli 2/39617 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 91-93-cü vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, «Kia Rio» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 23-25-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2022-ci il tarixli 1236 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – İİ bel və Xİİ döş fəqərələrinin kompression sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqldiyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 56-59-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 8/885 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Kia» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 «dayanmadan keçmək qadağandır» yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Tufan M 50 markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəlləyə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanununa əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.127.3.2-ci bəndinə əsasən Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: - "2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir." Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanunununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «X5» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Kia Rio» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarıldığından sonuncunun istifadəsinə verimiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili N.M.Əhmədova və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili N.M.Əhmədova ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə digər maddi sübut olan «Kia Rio» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri 26 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-367/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-367/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver