Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-368/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: Muradova (Alovlu) Ülviyyə Niyaz qızı, nümayəndəsi vəkil Müdafiəçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X3, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Muradova (Alovlu) Ülviyyə Niyaz qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Muradova (Alovlu) Ülviyyə Niyaz qızı tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X3 özünün “Facebook” sosial şəbəkəsindəki “Bakhtiyar Hajiyev” hesabı vasitəsi ilə 23-26 iyul 2021-ci il tarixlərində onun barəsində aşağıdakı şərhləri və ifadələri yazmışdır: “Ulviyya Alovlu qovulmusan, ona görə yanırsan, alovlanırsan. Dil ustası isə sənə tərbiyə verməyən atandır. Gorda indi fırlanır, nə qədər istəyirsən hür bundan sonra, tərbiyəsizliyini bilməyənlər gördü, görməyənlər də görəcəklər zamanla.” “Ulviyya Alovlu binamus sənə tərbiyə verməyən ata və anadır. Sevda sənin yanına gələndə bir yerdə idik. Səbrli ol, sabah cavabını alacaqsan.” “Anar Mammadov “pulunu ver, sənə işləyim, verməsən Raminlərə (hacılı və DTXdan biri) işləyəcəm, kirayə vermək olmur” deyən adamın ard-arda 20 post yazması siyasi olmaya bilər?” “Anar Mammadov pula işləyən alovlu budur” “Vilayət Eyvazov, fahişələrini uzaq tut məndən!” “30 AZN-ə bədənini satan sahibsiz küçə adamına başqasını qaralamaq üçün bir post üçün 50 AZN verəndə susmaz. Allah Azərbaycanımızı həyasız Ermənistan şərindən, dəyərli adamları da ləyaqətsiz, tərbiyəsiz, əxlaqsız, şərçi, şantajçı tör-töküntülərdən xilas eləsin.” “Zərrə qədər hörmətim varsa, şərhdə qovacağım profili şikayət (report) edin. Küçə fahişəsini üstümə hürdürürlər, o da “Polisə pul vermişəm, susdurmuşam,...-ı da yeyə bilməz polis” deyir yaxınlarına. Yiyəsi yoxdur, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi də kənardan gözləyir ki, özümdən çıxıb, ona bir çırtma vurum.” Yuxarıda qeyd edilən yazıda o, nalayiq formada təhqir olunmuşdur. Bəxtiyar Hacıyev onu ləyaqətsiz, tərbiyəsiz, əxlaqsız, şərçi, şantajçı şəxs kimi ictimaiyyətə təqdim etmişdir. Bu təhqir və böhtanlardan o, mənəvi sarsıntı keçirmişdir. Bu təhqiredici yazılar və şərhlər “Facebook” sosial şəbəkəsində kütləvi formada yayımlanmışdır. Bəxtiyar Hacıyev ona böhtan ataraq, guya onun 30 AZN-ə bədənini satmağını, 50 AZN müqabilində post yazmaqda təqsirləndirib. Yenə də bu böhtanlarla barəsində şikayət etdiyi şəxs onu alçaldıb, onun haqqında ictimaiyyətdə mənfi rəy yaratmağa çalışıb. Bu səbəbdən hazırki şikayətə Bakı şəhəri Yasamal rayon Məhkəməsində ərazi aidiyyəti üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (Təhqir) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Muradova (Alovlu) Ülviyyə Niyaz qızının nümayəndəsi, vəkil Müdafiəçi şikayətin icraata qəbul edilməsini və X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayətin verildiyi yer və tarix göstərilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan əlavə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Belə olduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici hər hansı bir şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsi bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vəzifəsidir. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr inzibati xətalar haqqında iş üzrə qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində qeyd olunan şikayət verən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsaslanaraq məhkəmə aidiyyəti məsələsini həll etməlidirlər. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb olan yaşayış yerinin və olduğu yerin müəyyən edilməsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan sənədlərdə və (və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsasən müəyyən edilir. Belə olduğu təqdirdə hüquqi nəticələr olan ərazi üzrə məhkəmə aidiyyəti də həmin sənədlərdəki və (və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsasən müəyyən edilir. Lakin hazırkı şikayətə, barəsində şikayət verilmiş şəxsin yaşayış yerini müəyyən edən qeyd edilən sənədlər əlavə edilməmişdir. Ona görə də şikayətin məhz bu məhkəmədə baxılmalı olmasına dair sübutlar əlavə edilməmiş, şikayətdə bu barədə əsaslandırma aparılmamışdır. Qeyd edilənlərə əsasən şikayət həm də əsassızdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Muradova (Alovlu) Ülviyyə Niyaz qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-368/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-368/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver