Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-369/2022 20.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittiham qaydasında sikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Masallı rayonu Sığdaş kəndində yaşayan X2, haqqında böhtan atdığına, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən məlumatları kütləvi informasiya vasitəsində yaydığına görə Azərbaycan Respublikası CMnin 147.1-ci maddəsi ilə cinayət təqibi başlanması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu Sığdaş kənd sakini X1 informasiya vasitəsi olan «Təzadlar» qəzetində haqqında şərəf və ləyaqətini alçaldan ləkələyici böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, həmin qəzetin xx.xx.2022-ci il tarixli sayının «Masallıda baş verənlərdən Allahın xəbəri varmı?» adlı məqalə verilmiş, həmin məqalədə X2 redaksiyaya müraciət edərək guya onun və qardaşının 10 hektara qədər münbit pay torpağı əlindən alıb imkanlı adamlara satmaq üçün onun adından Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ərizə yazaraq torpağının yerinin dəyişdiriməsini xahiş etməyi göstərmişdir. Bu məlumatlar isə təbii ki, həqiqətə uyğun olmamaqla barəsində mənfi fikir formalaşdırmaqla onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Göründüyü kimi Zeynal Nəhmətov barəsində şərəf və ləyaqətini ləkələyən yuxarıda göstərilən böhtan xarakterli məlumatları kütləvi informasiya vasitəsi olan «Təzadlar» qəzetində yaymışdır. Bu da Zeynal Nəhmətovun həmin məlumatların yalan olduğunu bilə-bilə kütləvi informasiya vasitəsində yayaraq ona böhtan atdığını göstərir. X6 15 hektardan çox torpaq sahəsini zəbt etməyi və sair qanunsuzluqlar barədə şikayəti əsasında Masallı Rayon Prokurorluğunda araşdırma aparılmış, həmin xüsusatlar təsdiq olunmadığından 22 sentyabr 2021-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Bu isə Zeynal Nəhmətovun barəsində olan böhtan xarakterli məlumatların yalan olmasını bilməsinə baxmayaraq yaymasını göstərir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək, X2 barəsində CM-in 147.1-ci maddəsi cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X2 müdafiəçisi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, verilmiş şikayətin əsaslılığına dəlalət edən heç bir sübutun olmadığını bildirərək məhkəmədən işə baxılmasından imtina edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Xüsusi ittiham qaydasında şıkayətin məzmununun CPM-nin tələblərinə uyğunluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin şikayət tərtib edilərkən CPM-nin 293.3.4-cü maddəsinin tələblərinə tam riayət edilməmişdir. Belə ki, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, məlum olduğu kimi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti - obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. Göründüyü kimi yuxarıda qeyd olunan cinayət obyektiv cəhətinin mühüm əlamətlərindən biri maddənin dispozisiyasında təsvir olunan qanunazidd əməllərin konkret şəxsə qarşı yönəlməsidir. Bu hərəkətlər konkret şəxsə qarşı yönəlmədikdə, yəni Azərbaycan Respublikası CMnin 147.1-ci maddəsində təsvir olunan əməllər (hərəkətlər) ümumi xarakterli olduqda, həmin maddələrin tərkibinin obyektiv cəhətdən mövcud olmasından söhbət gedə bilməz. Cinayətin obyektiv cəhətinin mövcud olmaması faktı isə cinayətin mövcudluğunu istisna edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində şikayət verilən şəxsin təqsirini təsdiq edəcək sübutlar məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilməməklə bərabər, şikayət ərizəsində şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks etdirilməmişdir. Belə ki, şikayətə əlavə olunmuş “Təzadlar” qəzetinin elektron versiyasının çap edilmiş üz səhifəsində xüsusi ittihamçının qeyd etdiyi Z.Nəhmətov tərəfindən yazılmış məqalənin olması müəyyən edilməmişdir. Belə olan halda X3 xüsusi ittihamçı qismində X4 qarşı cinayət təqibinə başlamaq hüququ da əmələ gəlmiş hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və “şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə ”məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin qeydinin (şərhinin) fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq “açıqlanmış fikir qiymətləndirici mülahizə sayıldığı halda belə, müdaxilənin mütənasib olub-olmamasına verilən qiymət etiraz olunmuş rəyin yetərli faktual əsasının varlığından asılı ola bilər. Hətta hər hansı faktual əsasa söykənməyən qiymətləndirici mülahizəyə qarşı müdaxilə tədbirinin özü də zəruri həddi aşa bilər.” (Yerusəlim Avstriyaya qarşı. 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2001) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 302.1.3, 302.1.6 və 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə qərara aldı: X3 X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimRəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-369/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-369/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver