Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-369/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş, təmiz çəkisi 0,475 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsinə gələrək həmin narkotik vasitəni üzərində daşıyaraq saxlamış, həmin gün saat 12:40 radələrində Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, A.Abbasov küçəsində 11 nömrəli binanın yaxınlığında saxlanılaraq Yasamal rayon polis idarəsinin 29cu polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş, təmiz çəkisi 0,475 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 20 il müddətdir ki, narkotik vasitə heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd siqaretin qızılı rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan büküm almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı Yasamal rayonu, A.Abbasov küçəsinə gəlmişdir. Aradan bir neçə saat keçdikdən sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində Yasamal rayonu, A.Abbasov küçəsində yaşadığı binanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin polislər ona üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşduqda, o, şəxsiyyət vəsiqəsinin evdə olduğunu bildirmişdir. Söhbət əsnasında polis əməkdaşları ona narkotik vasitə istifadəsində şübhəli olduğunu deyərək onu Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə getmişdir. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan polis şöbəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o. da həmin protokolun doğruluğunu öz imzasıilə təsdiq etmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin özünə məxsusdur, xx.xx.2023- cü il tarixdə saat 09 radələrində Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində almış, həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində Yasamal rayonu, A.Abbasov küçəsində yaşadığı binanın yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman üzərində mobil telefon olmamışdır. O, ümumiyyətlə mobil telefondan çox istifadə etmədiyini, arada lazım olanda evdən telefon götürdüyünü, ***-***-**-** saylı mobil nömrəsi olduğunu, həmin nömrəni təxminən 1 il müddətdir ki, istifadə etdiyini, elə də mobil telefon işlədən olmadığını, lazım olanda istifadə etdiyini bildirmişdir. Əməlini etiraf etməsini, səmimi peşman olmasını, xəstəliyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2012-ci ildən, tutduğu vəzifədə, yəni Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində 2019-cu ildən xidmət edir. Hazırda polis baş leytenantı rütbəsi ilə xidmət edir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 12 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Yasamal rayonu, Akim Abbasov küçəsinə getmişlər. Həmin küçədə yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə ona şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nə dəvət etmişlər. Kamal da heç bir etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. 29-cu polis şöbəsinin inzibati binasında təhqiqatçı Elnur Məmmədov və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Kamal üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə heroini həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2535 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №169» dairəvi möhür əksi olan, Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, üç imza, Təhqiqatçı E.Məmmədov- imza yazı əlaəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi – 0,475 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 2667 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-270/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum olunmuş, həmin hökmün sürəti və icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən qəbul edilmişdir. Bununla da müəyyən olunur ki, ona təyin olunmuş cəza tamamilə çəkilməmiş qalmışdır. Bununla da Təqsirləndirilən şəxs çəkilməmiş həmin cəzası nəzərə alınmaqla, ona CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən təqsirləndirilən şəxsin xx.xx.2004-cü il təvəllüdlü Babaş adlı, xx.xx.2006-cı il təvəllüdlü İbrahim adlı uşaqları vardır. İş materiallarına əsasən 19 saylı şəhər polklinikasının amblator kartoçkasından xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs ağ ciyərlərin dəqiqləşdirilməmiş xəstəliyi, xx.xx.2023-cü il tarixli kartoçkadan çıxarışa əsasən ürəyi ilə bağlı xəstəlikləri aşkar edilmişdir. Xəstə xəbərdarlıq edilmədən xəstəxananı tərk edib getmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və səmimi peşman olmasını, xəstəliklərinin olmasını, uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 28 gün (bir il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,425 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-369/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-369/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver