Məhkəmə qərarları › İş №1(004)-37/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-37/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-37/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1979-cu ildə Lənkaran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə və xx xxxxxx 1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 cavabdeh kimi ondan 55000,00 manat pul vəsaitinin və ödənilmiş 30,00 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 nömrəli, 23.12.2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon Məhkəməsinin 3(049)-774/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək beş yüz manat məbləğində inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə təqdimat verilən günə, yəni 23 oktyabr 2019-cu il tarixə kimi 51630,00 manat məbləğində borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs2 cavabdeh kimi ondan 55000,00 manat pul vəsaitinin və ödənilmiş 30,00 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 nömrəli, 23.12.2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Nizami Rayon Məhkəməsinin 3(044)-325/19 saylı, 20.05.2019-cu il tarixli qərarı ilə on gün müddətinə inzibati həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə təqdimat verilən günə, yəni 07 avqust 2019-cu il tarixə kimi 51630,00 manat məbləğində borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər fiziki şəxs kimi sahibkarlıqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs ilə qohumluq münasibətləri vardır. Zərərçəkmiş şəxs ona İran İslam Respublikasında olan qohumunun Azərbaycanda iş qurmaq istəyini bildirmiş, əvvəllər dostluq etdiyi və Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs2la bu barədə məsləhətləşmiş, Təqsirləndirilən şəxs2 keşniş toxumu gətirən olsa Azərbaycanda satıb gəlir əldə etməyin mümkün olduğunu bildirmiş, o da bu barədə Zərərçəkmiş şəxs dedikdən sonra o, 2016-cı ilin yanvar ayında Təqsirləndirilən şəxs2la görüşmüş, Zərərçəkmiş şəxslə İran İslam Respublikasından göndərəcəyi malların pulunu əvvəlcədən ödəməklə yox, satdıqca hissə-hissə verilməsi barədə razılaşmışlar. Zərərçəkmiş şəxs vasitəçiliyi ilə İran İslam Respublikasının vətəndaşı Fərhad Abbasi adlı şəxs tərəfindən onun adına göndərilmiş keşniş toxumu Azərbaycana idxal edilmiş, satılaraq dəyəri ödənilmiş, lakin sonuncu dəfə göndərilən on ton malın dəyəri olan 55000,00 manat ödənilməmişdir. 2016-cı ilin mart ayında Zərərçəkmiş şəxs ona bildirmişdir ki, sənəd olmasa Təqsirləndirilən şəxs2 onu aldada bilər, ona görə də ödənilməmiş qalan on ton malın dəyərinin guya beh kimi verilməsini təsdiq edən 18 mart 2016-cı il tarixli beh müqaviləsini həm özü imzalamış, həmdə Təqsirləndirilən şəxs2 imzalatdırmışdır. 2016-cı ilin noyabr ayında Zərərçəkmiş şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmə prosesində özü də iştirak etmiş, dediklərini məhkəmə zamanı bildirsə də Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 saylı, 23.12.2016-cı il tarixli qətnaməsinə əsasən ondan və Təqsirləndirilən şəxs2 müştərək qaydada 55000,00 manat pul və 30,00 manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi qeydiyyatda olduğu yer üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qeyd edilən məhkəmə qətnaməsinin hissə-hissə ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmiş, lakin Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-1131/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 nömrəli, 23.12.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasını təmin etmədiyi və icra məmurlarının qanuni tələbini yerinə yetirmədiyi üçün Lənkəran Rayon Məhkəməsinin 3(049)-774/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində hazırda fəhləliklə məşğul olduğunu, yaranmış borcdan zərərçəkmiş şəxsə hər ay 250 manat ödəyə biləcəyini bildirmişdir. O, həmçinin son sözündə əməlindən səmimi peşman olmasının, özünün xəstəliyinin, ailənin yeganə qazanc gətirən şəxsi olmasının və himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Gəncə şəhərində bitkilərin və toxumların alqı-satqısı ilə məşğul olmuşdur. 2016-cı ilin yanvar ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ona qohumu Zərərçəkmiş şəxs ilə birlikdə iş qurmağı və İran İslam Respublikasından Azərbaycana keşniş bitkisi toxumunu gətirib satışını təşkil etməyi təklif etmiş, bu işlə məşğul olduğu üçün və heç bir sərmayə tələb edilmədiyi üçün razılaşmışdır. Həmin ilin yanvar-fevral aylarında Təqsirləndirilən şəxs1 ona 55000,00 manatlıq beh müqaviləsini gətirmiş, bu sənəd üzrə heç kimin məsuliyyət daşımadığını, sadəcə malları İran İslam Respublikasından gətirmək üçün lazım olduğunu bildirmiş, həmin sənəd notarial qaydada təsdiq olunmadığı üçün əhəmiyyətsiz hesab etmiş və Təqsirləndirilən şəxs1 xahişini nəzərə alıb onu imzalamışdır. 2016-cı ilin aprel ayında həqiqətən Təqsirləndirilən şəxs1 adına təxminən 10000,00 ABŞ dolları dəyərində on ton toxum gətirilmiş, bir hissəsi satılmış, yerdə qalan hissəsi isə xarab olmuşdur. 2016-cı ilin noyabr ayında Zərərçəkmiş şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinə onlara qarşı iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmə prosesində o da iştirak etmiş, bütün olanları hakimə desə də Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 saylı, 23.12.2016-cı il tarixli qətnaməsinə əsasən ondan və Təqsirləndirilən şəxs1 55000,00 manat pul və 30,00 manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, qeyd edilən məhkəmə qətnaməsinin hissə-hissə ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmiş, lakin Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-1131/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 nömrəli, 23.12.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasını təmin etmədiyi və icra məmurlarının qanuni tələbini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 3(044)-325/19 saylı, 20.05.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. 19 avqust 2019-cu ildə Azərbaycan Respublikası ƏƏSM-nin Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Nizami rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və Gəncə şəhəri Yaşıllaşdırma idarəsinə işə düzəlmiş, hər ay aldığı 240,00 manat əmək haqqının 150,00 manatını tələbkara ödəmiş, bu qaydada hal-hazıradək ona 1000 manatdan çox vəsait ödəmiş, üzərinə düşən borc məbləğini tam olaraq ödəmək iqtidarında deyildir, lakin qalan borcdan hər ay tələbkara 300 manat pul ödəyə bilər. Lakin məhkəmə icraatı dövründə hər hansı məbləğdə ödəniş edə bilməmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşman olmasının, ailənin yeganə qazanc gətirən şəxsi olmaqla himayəsində xəstə anasının və iki azyaşlı övladının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qohumudur, Təqsirləndirilən şəxs2 da ona görə tanımışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında olan beh müqaviləsi əsasında Gəncə şəhər Nizami Rayon Məhkəməsində pul tələbi ilə iddia qaldırmış, Gəncə şəhər Nizami Rayon Məhkəməsin 2(044)-7771/2016 saylı, 23.12.2016cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 55000,00 manat pul vəsaitinin və 30,00 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra verilmiş icra sənədi Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yer üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə və Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclulara tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyətləri izah edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 nömrəli, 23.12.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasını təmin etmədikləri və icra məmurlarının qanuni tələblərini yerinə yetirmədikləri üçün Axundov X8 Rayon Məhkəməsinin 3(049)-774/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə, Təqsirləndirilən şəxs2 isə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-325/19 saylı, 20.05.2019-cu il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən onlara yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Lakin yenə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhər Nizami Rayon Məhkəməsin 2(044)-7771/2016 saylı, 23.12.2016-cı il tarixli qətnaməsini qərəzli olaraq yerinə yetirmədiklərinə görə barələrində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Zərərçəkmiş şəxs ifadəsində Gəncə şəhər Nizami Rayon Məhkəməsin 2(044)-7771/2016 saylı, 23.12.2016-cı il tarixli qətnaməsində nəzərdə tutulmuş 55000,00 manat pul vəsaitinin və onun tərəfindən ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumunun müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tam formada tutularaq ona ödənilməsini tələb etdiyini, təqsirləndirilən şəxslər ona olan borcu qaytarmadıqları təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmalarını məhkəmədən xahiş etdi. O, həmçinin çıxışında məhkəmə icraatı zamanı ona təqsirləndirilən şəxslər tərəfindən hər hansı məbləğdə ödəniş edilmədiyini və sonunculardan şikayətçi olmaqla ağır cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 saylı, 23.12.2016-cı il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 55000,00 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. İcra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etmək üçün borclu Təqsirləndirilən şəxs2 “tələbin könüllü icrası haqqında” bildiriş poçt vasitəsi ilə göndərilsə də icra sənədi üzrə tələb borclu tərəfindən yerinə yetirilməmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)- 339/2018 saylı, 12.04.2018-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu 20.05.2019-cu il tarixdə verdiyi izahatında icra sənədi üzrə borcu qəbul etmədiyini və heç bir ödəniş etməyəcəyini bildirmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(044)-325/19 saylı, 20.05.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətinə inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs2 həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya məhkəməsinin 3(104)-154/2019 saylı qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 icra sənədi üzrə tələbin yerinə yetirilməsi üçün yeni könüllü icra müddəti verilmiş, habelə məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyəcəyi halda Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə 30.05.2019-cu il, 11.06.2019-cu il, 11.07.2019-cu il, 19.07.2019-cu il tarixlərdə xəbərdarlıqlar verilmişdir. Lakin Təqsirləndirilən şəxs2 yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsi məhkəmə iclasında elan edilərkən müəyyən edilmişdir ki, o, Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-7771/2016 saylı, 23 dekabr 2016-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 55000.00 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra «İcraata başlamaq haqqında» qərar qəbul edilmiş və icra edilməsindən ötrü müvafiq bildirişlə Təqsirləndirilən şəxs1 göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs1 verilmiş könüllü icra müddətində tələb təmin edilmədiyi üçün məcburi icra tədbirlərinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən 2000,00 manat pul poçt vasitəsi ilə tələbkar Zərərçəkmiş şəxs ödənilmişdir. Təqsirləndirilən şəxs1 icra sənədinin tələbini tam şəkildə təmin etmədiyindən Lənkəran Rayon Məhkəməsinin 8(049)- 230/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs1 ərizə ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək borcunun hissə-hissə ödənilməsi üçün möhlət verilməsini xahiş etmiş, lakin həmin məhkəmənin 8(044)-1131/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərardadı ilə borclunun hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs1 ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Lənkəran Rayon Məhkəməsinin 3(049)-774/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. İcra tədbirləri zamanı Təqsirləndirilən şəxs1 sahibkar X1 məxsus Foto studiyada fotoqraf işləməsi müəyyən olunmuş və icra sənədi üzrə tələb 30 sentyabr 2019-cu il tarixdə borclunun əmək haqqının 50 faizinə yönəldilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs1 07 oktyabr 2019-cu il tarixdə bildiriş verilmiş və ona yeni müddət təyin edilərək borcunun tam ödənilməsi tələb olunmuşdur. Borclu Təqsirləndirilən şəxs1 tərəfindən müxtəlif vaxtlarda olmaqla təqdimat verilən 23.10.2019-cu il tarixədək cəmi 3400,00 manat ödənilmişdir. Lakin Təqsirləndirilən şəxs1 öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı Lənkəran Rayon İcra şöbəsinin icra məmuru Şahid4 teleqram ilə məhkəməyə müraciət edərək iş yükünün ağırlığı və sərt karantin rejimi ilə bağlı məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsi elan edilərkən müəyyən edildi ki, o, Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları özlərinin etirafı ilə yanaşı zərərçəkmiş və şahidlərin ifadələri və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(004)-7771/2016 nömrəli qətnaməsindən və həmin tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 55000 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2017-ci il tarixli 2(104)-1109/2017 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(044)-7771/2016 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(009)-3301/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs2 cavabdehlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 qarşı “beh müqaviləsinin etibarsız sayılması” barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli 2(103)3556/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs2 və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli 2(102)-5277/2019 nömrəli qərarından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs2 kasassiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli 2(103)-3556/2019 nömrəli qətnaməsi onun kasassiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 icraata başlamaq haqqında 05 yanvar 2018-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və borclular Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 10 gün müddətinə icranı könüllü təmin etmələri üçün möhlət verilməsi, könüllü təmin edilmədiyi təqdirdə barələrində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. İş materiallarında olan Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid4 icraata başlamaq haqqında 21 may 2018-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması və borclu Təqsirləndirilən şəxs1 10 gün müddətinə icranı könüllü təmin etməsi üçün möhlət verilməsi, könüllü təmin edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında 05 yanvar 2018-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 23 dekabr 2016-cı il tarixli 2(044)-7771/2016 nömrəli 23.12.2016-cı il tarixli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onları gözləyən məsuliyyət barədə xəbərdar olunmuşlar. Bildiriş 11 yanvar 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə icra idarəsi tərəfindən Təqsirləndirilən şəxs2 ünvanlanmış 22 yanvar 2018-ci il, 03 iyul 2018-ci il və 14 avqust 2018-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2016cı il tarixli 2(044)-7771/2016 nömrəli icra sənədində göstərilən məbləği könüllü ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi, inzibati məsuliyyətə cəlb edildikdən sonra da öz hərəkətlərini davam etdirərək qətnamənin icrasından boyun qaçırdığı təqdirdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Lənkəran Rayon İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs1 ünvanlanmış 21 may 2018-ci il və 01 oktyabr 2019-ci il tarixli bildirişlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(044)-7771/2016 nömrəli icra sənədində göstərilən məbləği könüllü olaraq ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi, inzibati məsuliyyətə cəlb edildikdən sonra da öz hərəkətlərini davam etdirərək qətnamənin icrasından boyun qaçırdığı təqdirdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli 3(104)-154/2019 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməyərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli 3(044)-325/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 3(049)-774/2019 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 3(106)-292/2019 nömrəli qərarından görünür ki, tənbeh olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Lənkaran Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 3(049)774/2019 nömərli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan məcburi icra tədbirlərinə dair müvafiq sənədlərdən görünür ki, borclular Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, bankda hesabı və digər gəlirləri yoxdur. İş üzrə təyin olunmuş sağlamlıq dərəcəsinin müəyyən edilməsi ilə əlaqədar komisyon məhkəmə-tibbi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 04 mart 2020-ci il tarixli, 97/KEŞ nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 müayinə olunarkən onda “keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri TDM(-) mənfi” xəstəliyinin olması müəyyən edilmiş, xəstəliyin uzun sürən xroniki xəstəliklərə aid olması və hal-hazırda remisiya mərhələsində olması nəzərə alınaraq Təqsirləndirilən şəxs1 müalicəyə ehtiyacının olmadığı qeyd edilmişdir. İş üzrə təyin olunmuş sağlamlıq dərəcəsinin müəyyən edilməsi ilə əlaqədar komisyon məhkəmə-tibbi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 12 mart 2020-ci il tarixli, 98/KEŞ nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 müayinə olunan zaman aparılmış EKQ və Exo KQ müayinələri zamanı onda ürəkdə üzvü dəyişikliklərin olduğu müəyyən edilməmiş, hal-hazırki sağlamlıq durumu ilə əlaqədar Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində məlumat aşkar edilməmiş və əlilliyi olmayan şəxlərin əmək qabiliyyətinin itirilməsi ilə bağlı rəy bildirmək tibbi-sosial ekspert komissiyalarının səlahiyyətləri xaricindədir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin 07 avqust 2019-cu il tarixli təqdimatından görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(044)-7771/2016 nömrəli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət edilmişdir. İş materiallarında olan Lənkəran rayon icra və probasiya şöbəsinin 23 oktyabr 2019cu il tarixli təqdimatından görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(044)-7771/2016 nömrəli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət edilmişdir. İş materiallarından müəyyən edilir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(044)-7771/2016 nömrəli icra sənədinə əsasən borclular Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulması qət edilmiş 55000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumundan Təqsirləndirilən şəxs2 tərəfindən 1250 manat, Təqsirləndirilən şəxs1 tərəfindən isə 4030 manat ödəniş edilmişdir. İş materiallarında olan 29.10.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tərəfindən icra sənədi üzrə borcundan 150 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddət ərzində dəfələrlə onlara məsuliyyət barədə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qərarını icra etməmələrinə görə inzibati məsuliyyətə cəlb edilmələrinə baxmayaraq, məhkəmə qərarının icrası üçün yetərli tədbirləri görməmələri və qərəzli olaraq icra etməmələri özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan 08 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, eyni tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 380116 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X9 arasında 05 mart 2008-ci il tarixdə nikah bağlanılmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 025321 nömrəli və AZ-İİ seriyalı 076096 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X5 02 iyul 2013-cü ildə, X6 25 yanvar 2008-ci ildə Lənkaran şəhərində doğulmuşlar, şəhadətnamələrin atası adı qrafasında ata adı Təqsirləndirilən şəxs1, anası adı qrafasında ana adı X9 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 16 dekabr 2019-cu il tarixli və 13 oktyabr 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını, icra sənədi üzrə borcunun bir qismini ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək, onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 07 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan 10 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilmiş, eyni tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 415021 nömrəli və AZ-İV seriyalı 101393 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X11 23 sentyabr 2014-cü ildə, X10 28 mart 2018-ci ildə Gəncə şəhərində doğulmuşlar, şəhadətnamələrin atası adı qrafasında ata adı Təqsirləndirilən şəxs2 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 02 dekabr 2019-cu il tarixli və 13 oktyabr 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək, onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən o, hazırki hökmlə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 07 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri X3, X12, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 19 və 28 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 19 saylı və “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 19 və 28 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 19 saylı və “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar