Məhkəmə qərarları › İş №1(004)-370/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-370/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-370/2024 12.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Tərcüməçi – X2, müdafiəçi - Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2a yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əvvəllər mənzil alqı-satqısı ilə məşğul olması səbəbindən bu sahədə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 ev almasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksində ev sahibi olacağı barədə köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısında 2500 manat, 16 mart 2023-cü il tarixdə istintaqla müəyyən olunmayan bank kartına köçürdüyü 9015 manat və 26 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısında 17700 manat olmaqla ümumilikdə 29200 (iyirmi doqquz min iki yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Akif Mərdanovun vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, sonuncunun oğlu X1 həqiqi hərbi xidmətə çağrılacağının qarşını alaraq möhlət alacağı ilə əlaqədar heç bir səlahiyyəti olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin iyun ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, metronun “Elmlər Akademiyası” stansiyasının çıxışında 2000 manat, bir neçə gün sonra, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, metronun “Elmlər Akademiyası” stansiyasının çıxışında 1000 manat və 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində 3000 manat olmaqla ümumilikdə 6000 (altı min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əvvəllər mənzil alqısatqısı ilə məşğul olması səbəbindən bu sahədə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 ev almasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksində ev sahibi olacağı barədə köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 4000 manat və 25 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən “Bravo” marketin qarşısında 4000 manat olmaqla ümumilikdə 8000 (səkkiz min) manat pulunu ələ keçirərək zərərçəkmiş şəxs İmamhüseyn Şəfiyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 ilə əvvəllər qonşu olmuş, hər zaman yaxşı qonşuluq münasibətləri olmuşdur. Təxminən 2023-cü ilin fevral ayının sonlarında, mart ayının əvvəllərində qonşusu Zərərçəkmiş şəxs1 ona müraciət edərək evini satdığını və əldə etdiyi puluna özünə münasib qiymətə ev almaq istədiyini bildirmişdir. Ev almağında ona köməklik edəcəyini bildirmiş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksində ipoteka ilə ev ala biləcəyini, heç bir dövlət müəssisəsində işləməməsinə, rəsmi olaraq əmək haqqının olmamasına baxmayaraq ipoteka ilə ev almasında ona köməklik edəcəyini, bu prosesin qarşılığında təxminən 30000 manat pulu alacağını bildirmişdir. Bunun üçün ilkin olaraq sənədləşmə üçün 2500 manat pul lazım olduğunu demiş və təxminən 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət Mərkəzi’nin qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb ondan 2500 manat pul almış və müvafiq sənədləri, yəni, özünün və övladının şəxsiyyət vəsiqəsinin surətini,oğlunun iş yerindən arayışını, əmək haqqısından çıxarışı və digər əsnədləri götürmüşdür. Bundan sonra, təxminən 16 mart 2023-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs1 ilə görüşüb “Novruz Bayramı” ilə əlaqədar kampaniya olduğunu, 9000 manat ilkin ödəniş edərək 04 ay aylıq 475 manat ödəməkdən azad olacağını bildirirək həmin məbləğdə pulu Zərərçəkmiş şəxs1 istəmişdir. Təxminən həmin tarixdə, yəni, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 9000 manat pulu göndərdiyi və hazırda xatırlamadığı bank hesabına göndərmişdir. Bundan sonra, sonuncu dəfə, təxminən 2023cü ilin mart ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısında yenidən Zərərçəkmiş şəxs1 ilə görüşüb ipoteka ilə ev almasında köməklik edəcəyi və bunun qarşılığında alacağı puldan qalıq qalan bir hissəsini, yəni 17700 manat pulu Zərərçəkmiş şəxs1 götürmüşdür.Beləliklə, 2023-cü ilin mart ayı ərzində Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə həqiqətə uyğun olmayan yalan vədlər verib Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” Y/K-də ev sahibi olacağı barədə köməklik göstərəcəyini və bunun qarşılığında ümumilikdə 30000 manat pul alacağını bildirib hissə-hissə olmaqla ümumilikdə həmin məbləğə yaxın, yəni, 29200 (iyirmi doqquz min iki yüz) manat pulunu əvvəllər qonşusu olmuş Zərərçəkmiş şəxs1 almışdır. Bir müddət keçmiş və əvvəllər qonşusu olmuş Zərərçəkmiş şəxs1 ev almasında köməklik göstərəcəyinə dair verdiyi vədinə əməl edə bilməmişdir. Zərərçəkmiş şəxs1 mütəmadi olaraq zəng edib işi barədə maraqlandıqda ilk başda cavab verib və müəyyən bəhanələr söyləyərək işinin alınacağını demiş, lakin sonradan ümumiyyətlə zənglərinə cavab verməmişdir. Bununla da həm verdiyi vədə əməl edə bilməmiş, həm də Zərərçəkmiş şəxs1 ona verdiyi pulu şəxsi istifadəsi üçün xərclədiyindən ona verdiyi 29200 manat məbləğində pulu geri qaytara bilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin iyun ayının əvvəllərində oğlu, Akif Mərdanov ona müraciət edərək X3 adında tanışının olduğunu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda oxuduğunu, ali təhsil müəsissəsində akademik kəsirləri olduğu üçün diplom ala bilmədiyini və 2023-cü ilin iyul ayında hərbi xidmətə çağırılacağını, lakin tanışı Çingiz Allahverdiyevin akademik kəsirlərini düzəldib diplomunu aldıqdan sonra hərbi xidmətə getmək istədiyini, bunun üçün tanışı Çingiz Allahverdiyevin hərbi xidmətə getməməyi üçün möhlət almasında tanışına köməklik etməyini xahiş etmişdir. Kömək edə biləcəyini bildirirək oğluna, tanışının atasının onunla əlaqə saxlamağını demişdir. Eyniliklə belə olmuş və oğlu Akif Mərdanovun tanışı, Çingiz Allahverdiyevin atası, Zərərçəkmiş şəxs3 ona zəng edib əlaqə saxlamış və 2023-cü ilin iyun ayının əvvəlində, əvvəl işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yeni Ev” daşınmaz əmlakın alqı-satqı ofisində Zərərçəkmiş şəxs3 ilə görüşmüşdür. Yuxarıda qeyd etdiyi məsələ ilə bağlı köməklik etməyini Zərərçəkmiş şəxs3 ondan xahiş etdikdə, əvəllər xüsusi xidmət orqanlarında xidmət etdiyini, geniş əlaqələrinin olduğunu, oğlu, Çingiz Allahverdiyevin 03 illik hərbi xidmətə getməməsi üçün möhlət ala biləcəyini vəd edərək bu işin 6000 manat pul qarşılığında həll olacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 təklifi ilə razılaşmış və təxminən 02 gün sonra mənimlə, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, metronun “Elmlər Akademiyası” stansiyasının çıxışında görüşüb 2000 manat pulu ona vermişdir. Təxminən bir neçə gün sonra yenidən həmin yerdə, yəni, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, metronun “Elmlər Akademiyası” stansiyasının çıxışında görüşmüş və Zərərçəkmiş şəxs3 1000 manat pulu götürmüş, öncədən danışıb razılaşdığı puldan 3000 manat qalıq qalan məbləği soruşduqda qısa zamanda verəcəyini bildirmişdir. Təxminən 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs3 ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu ərazisində görüşüb qalıq qalan 3000 manat pulu Zərərçəkmiş şəxs3 götürmüşdür. Beləliklə, 2023-cü ilin iyun ayı ərzində Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə həqiqətə uyğun olmayan yalan vədlər verib övladı, Çingiz Allahverdiyevin hərbi xidmətə çağırılmağının qarşısını alaraq 03 il müddətinə ona möhlət alacığına dair köməklik göstərəcəyini və bunun qarşılığında ümumilikdə 6000 manat pul alacağını bildirib hissəhissə olmaqla ümumilikdə həmin məbləğdə, yəni, 6000 (altı min) manat pulu Zərərçəkmiş şəxs3 almışdır. Bir müddət keçmiş, oğlunun tanışı Çingiz Allahverdiyevin hərbi xidmətə çağırılmağının qarşısını ala bilməyərək verdiyi vədinə əməl edə bilməmişdir. Bunun üçün pulunu aldığı Zərərçəkmiş şəxs3 mütəmadi olaraq zəng edib işi barədə maraqlandıqda ilk başda cavab verib müəyyən bahənələr söyləyərək işinin alınacağını demiş, lakin sonradan ümumiyyətlə zənglərinə cavab verməmişdir. Bununla da həm verdiyi vədə əməl edə bilməmiş, həm də Zərərçəkmiş şəxs3 ona verdiyi pulu şəxsi istifadəsi üçün xərclədiyindən həmin məbləğdə pulu geri qaytara bilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin avqust ayının əvvəllərində evlərinə gedib-gəldiyi, toyunda iştirak etdiyi, atası, Ənvər Səfiyev ilə dostluq münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq özünə ev almaq istədiyini bildirmişdir. “İİ Qarabağ Müharibəsi” iştirakçısı və həmçinin atası Ənvər Səfiyevin 1-ci qrup əlil olmasından istifadə edərək Azərbaycan Respublikası “Sosial Müdafiə Fondu” tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kopleksindən 02 otaqlı mənzil almaqda ona köməklik edə biləcəyini bildirmişdir. Təxminən 02 saat sonra Zərərçəkmiş şəxs2 ilə təkrar əlaqə saxlayıb Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kopleksində 02 otaqlı ev alması üçün vatsapp proqramı vasitəsi ilə özünə və atasına aid olan sənədlərini göndərməsini bildirmişdir. İstədiyi evi almaqda ona köməkik edə biləcəyini, bunun üçün ilkin olaraq 10000 manat aylıq isə 400 manat ödəmək lazım olduğunu, lakin onu və atasını tanıdığı üçün ilkin olaraq 8000 manat pul qarşılığında işini həll edə biləcəyini, ona köməklik edəcəyini vəd etmişdir. Zərərçəkmiş şəxs2 hazırda o qədər məbləğdə pulunun olmadığını, 8000 manat pulu iki dəfəyə verə biləcəyini bildirdikdə onunla razılaşmışdır. Bu danışıqdan sonra növbəti günü, təxminən 2023-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Zərərçəkmiş şəxs2 ilə görüşüb 4000 manat pulu alıb qalıq qalan 4000 manatı isə xx.xx.2023-cü il tarixdə mənzili təhvil verəcəyi zaman ödəyə biləcəyini bildirmişdir. Bundan sonra, təxminən 25 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən “Bravo” marketin qarşısında tanışı İmamhüseyn Şəfiyev ilə yenidən görüşmüş və ev almasında köməklik edəcəyi və bunun qarşılığında 8000 manat pul alacağı danışığa əsasən verdiyi məbləğdən qalıq qalan 4000 manat pulu Zərərçəkmiş şəxs2 almışdır. Beləliklə, 2023-cü ilin avqust ayı ərzində Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə həqiqətə uyğun olmayan yalan vədlər verib Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksində ev sahibi olacağı barədə köməklik göstərəcəyini və bunun qarşılığında ümumilikdə 8000 manat pul alacağını bildirib hissə-hissə olmaqla ümumilikdə həmin məbləğdə, yəni, 8000 (səkkiz min) manat pulu tanışı Zərərçəkmiş şəxs2 almışdır. Bir müddət keçmiş və tanışı Zərərçəkmiş şəxs2 ev almasında köməklik göstərəcəyinə dair verdiyi vədinə əməl edə bilməmişdir. Bu ərəfədə Zərərçəkmiş şəxs2 mütəmadi olaraq zəng edib işi barədə maraqlandıqda ilk başda cavab verib müəyyən bəhanələr söyləyərək işinin alınacağını demiş, lakin sonradan ümumiyyətlə zənglərinə cavab verməmişdir. Bununla da həm verdiyi vədə əməl edə bilməmiş, həm də Zərərçəkmiş şəxs2 ona verdiyi pulu şəxsi istifadəsi üçün xərclədiyindən həmin məbləğdə, yəni, 8000 manat pulu geri qaytara bilməmişdir. Bundan sonra, işlərində köməklik göstərəcəyini vəd edərək pullarını aldığı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onu axtarmağa, əvvəllər yaşadığı mənzilinə getməyə və oğlu Akif Mərdanov ilə görüşüb nə baş verdiyini, niyə belə etdiyini maraqlanmağa başlamış, həmçinin verdikləri pullarını geri istəmişlər. Belə olan halda, 2023-cü ilin iyun ayında oğlu, Akif Mərdanovun vasitəsi ilə hissə hissə olmaqla 2600 manat pulu Zərərçəkmiş şəxs1, bundan başqa, 2023-cü ilin avqust ayının ortalarında 3000 manat pulu Zərərçəkmiş şəxs3 göndərdiyi, hazırda seriya nömrəsini xatırlamadığı bank kartına göndərmişdir. Bundan sonra, maddi vəziyyəti daha da çətinləşmiş və heç kimə geri olaraq pul ödənişi edə bilməmişdir. Bir müddətdən sonra Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən ona zəng olunaraq oraya dəvət olunmuş və Zərərçəkmiş şəxs2 barəsində etdiyi şikayəti ilə tanış olub hazırda dediklərini orada da qeyd etmiş və qalıq qalan məbləğdə pulu ödəyəcəyinə söz verib oradan uzaqlaşmışdır. Bundan sonra, bir çox şəxsi və ailəvi çətinlikləri, həmçinin maddi sıxıntıları olduğundan pullarını alıb verdiyi vədimə əməl etmədiyi şəxslərə pullarını geri qaytara bilməmişdir. Həmçinin istifadəsində olan mobil telefon nömrəsini dəyişdiyindən barəsində cinayət işinin başlandığını, buna görə Polis İdarəsinə dəvət olunmağı haqqında hər hansısa bir məlumatı olmamışdır. Bundan sonra, daha dəqiq desə, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları onu saxlayıb hazırda axtarışda olduğunu bildirmiş və aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, beləki əvvəllər qonşu yaşamış, hər zaman yaxşı qonşuluq münasibətləri olmuşdur. 2023-cü ilin fevral ayının sonlarında valideyinlərindən miras qalmış evi satmış, əldə olunan pulu bacısı ilə bölmüş, özünə münasib qiymətə ev almaq istəmişdir. Bu məqsədlə ev axtarmış, Rövşənin uzun müddət ev alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Oğlu Elvin ona məsləhət bilmişdir ki, əvvəllər qonşu olmuş Rövşənə müraciət etsin, Rövşən ev almaqda ona köməklik göstərsin. O, Rövşənə zəng edib münasib qiymətə ev almaq istədiyini demişdir. Rövşən isə ona MİDA yaşayış kompleksində ipoteka ilə ev ala biləcəyini demişdir. O, Rövşənə heç bir dövlət müəssisəsində işləmədiyini demiş, belə olan halda rəsmi əmək haqqı olmadan ipoteka ilə ev almağın mümkünsüz olduğunu bildirmişdir. Rövşən demişdir ki, bu işi özü həll edəcəkdir, ilkin sənədləşmə üçün 2500 manat lazımdır. O, Rövşənə inanmış 2023-cü ilin mart atında Yasamal rayonu, «Asan Xidmət»-in qarşısında Rövşənə 2500 manat pul vermiş, Rövşən ondan müvafiq sənədləri istəmiş, istəyinə uyğun olaraq özünün, oğlunun şəxsiyyət vəsiqəsin oğlunun iş yerindən arayış, əmək haqqısından çıxarış və digər sənədləri Rövşənə vermişdir. Rövşən demişdir ki, o, artıq sənədləşmə işlərini həll edir, ilkin ödəniş etdikdən sonra aylıq 475 manat olmaqla 2 otaqlı məmzil alacaqdır. xx.xx.2023-cü il tarixdə Rövşən onunla görüşüb demişdir ki, Novruz bayramı ilə əlaqədar kampaniya keçirilir indi 9.015 manat ilkin ödəniş etsə 4 ay aylıq 475 manat ödəməkdən azad olacaqdır. O, Rövşənə inanmış görüşüb Elmlər Akademiyası yaxınlığında yerləşən «Kapital Bank»-a getmişdir. Rövşən ümumilikdə ondan 9015 manat olmaqla hansısa hesaba göndərmiş, ona demişdir ki, həmin hesab göndərdiyi MİDA yaşayış kompleksinin sahibidir. Bundan sonra gündəlik Rövşənlə danışmış, hər şeyin qaydasında olduğunu 5-ci mərtəbədə ona mənzil ayrıldığını demişdir. Bundan sonra sonuncu dəfə 26 mart 2023-cü il tarixdə yenədə Yasamal rayonunda «Asan Xidmət»-in qarşısında görüşmüş, Rövşənə 17.700 manat pul vermişdir. Rövşən demişdir ki, mənzil tam hazır olacaq yaxın günlərdə köçəcəkdir. Bir neçə gün sonra Rövşən ona hansısa mənzilin texniki pasportunun şəklini göndərmiş və bildirmişdir ki, «təbrik edirəm artıq sizin mənzil hazırdı, yaxınlaşacaqsınız ofisə sizə sənədlər və açar təqdim olunacaq». Lakin sonradan dəfələrlə zəng eləsə də Rövşən müxtəlif bəhanələrlə onu aldatmış, görüşməkdən yayınmışdır. Sonda 2023-cü ilin iyun ayında oğlu Elvin, Rövşən və Rövşənin oğlu Akif üçü birlikdə görüşəndə demişdi ki, guya onu da aldatmış, amma aldığı pulları hissə-hissə geri qaytaracaqdır. Buna baxmayaraq Rövşən yenədə gizlənmiş, müxtəlif bəhanələrlə onları aldatmışdır. Bundan sonra Rövşənin oğlu Akif hissə hissə olmaqla oğluna 2600 manat pul qaytarmışdır. 2023-cü ilin sentyabr ayında o, görmüşdür ki, Rövşən onu aldadır pulu qaytarmaq istəmir ona görədə rəsmi müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu X3 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda oxumuşdur. Oğlunun oxuduğu ali təhsil müəsissəsində akademik kəsirləri olmuş, bu səbəbdən diplom ala bilməmişdir. 2023-cü ilin iyul ayında hərbiyə xidmətə çağırılacağından akademik kəsirlərini düzəltmək və diplom alması üçün hərbi xidmətdən möhlət almaq istəmişdir. Söhbət əsnasında həmin ərəfələrdə oğlu Çingiz demişdir ki onun Akif adlı dostunun atası Rövşən hərbi xidmətdən möhlət almağına köməklik göstərə bilər. Akifi oğlu ilə əvvəllər bir neçə dəfə birlikdə görmüş, yaxşı münasibətləri olub ona görə inanmışdır. Akifin atası Rövşənlə görüşmək qərarına gəlmişdir. Oğlu ona Rövşənin mobil telefon nömrəsini vermiş, zəng edib onunla əlqaə saxlamış, 2023-cü ilin iyun ayının əvvəlində Rövşənlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yeni ev” Daşınmaz əmlakın alqı-satqı ofisində görüşmüşdür. Rövşənə oğlu üçün hərbi xidmətdən möhlət almaqda köməklik edə biləcəyini soruşmuş, Rövşən demişdir ki, əvəllər xüsusi xidmət orqanlarında xidmət etmiş, geniş əlaqələri var, bu işi həll edə bilər. Oğlunun 3 illik hərbi xidmətdən möhlət alınması üçün 6.000 manat pul lazım olacağını bildirmişdir. O,Rövşənin təklifi ilə razılaşmış, təxminən 2 gün sonra X5 metrostansiyasının çıxışında görüşüb 2000 manat pul vermişdir. Bundan bir neçə gün sonra yenidən həmin yerdə görüşüb Rövşənə daha 1000 manat pul vermişdir. Rövşən telefonla əlaqə saxlayanda demişdir ki, həmin işlə məşğuldur, artıq həll olunur. İyun ayının ortalarında Rövşənlə yaşadığı evin qarşısında görüşmüş, qalan 3.000 manatı da ona vermişdir. Rövşən demişdir ki, yaxın günlərdə işi tam həll edəcək, oğluna hərbi xidmətdən 3 illik möhlət alacaqdır. 27 iyul 2023-cü il tarixdə Sabunçu rayon hərbi kommisarlığından zəng edib oğlu hərbi xidmətə çağırılmışdır. Komissarlığa gedəndə məlum olmuşdur ki, Rövşən onları aldatmış, heç bir möhlət hüququ alınmamışdır. Bundan sonra Rövşənə zəng etsə də onun telefon zənglərinə və ismarıclarına cavab verməmişdir. Oğlu xx.xx.2023-cü il tarixdə hərbi xidmətə düşmüşdür. O, Rövşənlə görüşmək istəsə də büxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. 2023-cü ilin avqust ayının əvvəllərində ev almaq bəhanəsi ilə zəngləşib Rövşənlə görüşmüş, Rövşən demişdir ki, özünün problemi yaranmış, ondan aldığı 6.000 manatı başqa şəxsə vermiş, yaxın günlərdə alıb geri qaytaracaqdır. Bundan sonra dəfələrlə zəng edib əlaqə saxlamış, Rövşən müxtəlif bəhanələrlə onu aldatmışdır. Nəhayət 2023-cü ilin avqust ayının ortalarında ona verdiyi 6.000 manatın 3.000 onun «Kapital Bank» tərəfindən verilmiş plastik kartına köçürmüşdür. Qalan 3.000 manatı da yaxın günlərdə qaytaracağına söz versə də aldatmışdır. Sonradan isə ümumiyyətlə Rövşəni atapa bilməmiş, telefon zənglərinə də cavab verməmiş, ona görə rəsmi müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, atası ilə dostluq münasibətində olub evlərinə, gəlib gedib hətta onun toy şənliyində də iştirak etmişdir. 2023-cü ilin avqust ayının əvəllərində o, özü üçün ev almaq istəmiş, Rövşənin ev alqısatqısı ilə məşğul olduğunu bildiyi üçün bu barədə ona bildirmişdir. Rövşənə zəng edərək ipoteka ilə ev almaq istədiyini demiş, Rövşən ona demişdir ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, həmçinin atası 1-ci qrup əlildir, ona sosial müdafiə fondu tərəfindən Yasamal rayonunda yerləşən MİDA yaşayış kopleksindən 2 otaqlı mənzil almaqda köməklik edə bilər. Təxminən 2 saat sonra Rövşən yenidən onunla əlaqə saxlayıb demişdir ki, danışmış, ona 2 otaqlı MİDA yaşayış kompleksində ev almaq olar, bunun üçün vatsapp proqramı vasitəsi ilə özünə və atasına aid olan sənədləri ona göndərməyini istəmişdir. Rövşən demişdir ki, oradan ev almaq üçün ilkin olaraq 10.000 manat aylıq isə 400 manat ödəmək lazımdır. Lakin onu və atasını tanıdığı üçün ilkin ödənişi 8.000 manat həll edər. O, Rövşənə demişdir ki, 8.000 manatı 2 dəfəyə ödəyə bilər. Rövşən heç bir problem olmadığını bildirmişdir, bu danışığın növbəti günü Rövşənlə Qaradağ rayonu, Lökbatan qəsəbəsində görüşmüş, Rövşənə 4.000 manat pul vermişdir. Rövşən pulu alandan sonra demişdir ki, xx.xx.2023-cü il tarixdə mənzil ona təhvil veriləcək, həmin vaxtadək yerdə qalan 4.000 manatı da ödəyər. O da Rövşənlə razılaşmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən «Bravo» marketin qarşısında Rövşənlə görüşmüş, yenidən 4.000 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə o, Rövşənə zəng edib mənzilin təhvil verilməsini, yəni açarları və müvafiq sənədləri istəmişdir. Rövşən isə demişdir ki, sənədləşmə işlərində problem yaranıb, xx.xx.2023-cü il tarixədək səbr et həmin tarixdə mənzil ona veriləcəkdir. O, Rövşənə inanmış, xx.xx.2023cü il tarixdə yenidən zəng etmiş, lakin telefon zənglərinə cavab verməmişdir. O, Rövşənin yaşadığı ünvana getsə də tapa bilməmişdir. Həmin vaxtdan sonra dəfələrlə zəng etsə də onun zənglərinə cavab verməmişdir. Sonda onun etibarından sui istifadə edərək dələduzluq yolu ilə 8.000 manatını ələ keçirdiyini bilib barəsində rəsmi müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında araşdırılan hadisə zamanı pul Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, “Bravo” marketin qarşısında verilmişdir (i.v.9-11). “Təqdimetmə və götürmə barədə” 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 13 ədəd A4 formatında Təqsirləndirilən şəxs ilə aparılmış SMS yazışmalarından çıxarışları təqdim etmiş, həmin 13 ədəd A4 formatında Təqsirləndirilən şəxs ilə aparılmış SMS yazışmalarından çıxarışlar cinayət işinə əlavə edilmişdir (i.v.68). “SMS yazışmalarına baxış keçirilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş 13 ədəd SMS yazışmaları əks olunan «A4» formatında vərəqlərdə Təqsirləndirilən şəxs ilə aparılmış sms danışlarının çıxarışlarına baxış Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** GSM nömrə ilə kontakda «Rövşən» adı ilə qeyd olunmuş ***-***-**-** GSM və kontakda «X9» adı ilə qeyd olunmuş Təqsirləndirilən şəxs ilə Yasamal rayonunda yerləşən «MİDA» yaşayış kompleksindən mənzil alınmasına dair danışıqların aparılması, həmçinin Təqsirləndirilən şəxs ona verilmiş pulun geri qaytarılmasını tələb edilməsi barədə danışıqların aparılması müəyyən olunmuşdur (i.v.82). “Sübutların qiymətləndirilməsi haqqında” 17 may 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi və dəmiş ziyanın qismən ödənilməsi nəzərə alınmış, məhkumluğu olmayan şəxs kimi Təqsirləndirilən şəxs ifadələri toplanmış subutların məcmusu ilə təsdiq edildiyindən, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərinin ifadələrinin, istintaq hərəkəti protokollarının sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v 163-170). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.149-150). “Şəxsin məcburi gətirilməsi haqqında” 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək məcburi qaydada Bakı Şəhər Yasamal RPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır (i.v.91). “Şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 04 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan olunması, tutulduğu anda dərhal Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.93). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 04 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v.95). “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v.98). 08 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2024cü il tarixdə saat 13:30 radələrində Xətai RPİ-nin 36-cı PB-dən təhvil alınaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir (i.v.101). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-333/2024 saylı, 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə, yəni 08 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i.v.146-148). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, o cümlədən, ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan yəni 08 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar