Məhkəmə qərarları › İş №1(004)-371/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-371/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-371/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı uşağı olan,əvvəllər məhkum olunmayan, Bakı şəhəri Yasamal rayonu, X.Q.Mustafayev 74 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üstündə saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 17 iyul 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu “Yasamal Bazarı” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,479 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış və 17 iyul 2021-ci il tarixdə saat 12:15-da ünvan 2 ünvanın yaxınlığında Bakı şəhəri Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin İnzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə 0,479 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 iyul 2021-ci il tarixdə Yasamal bazarı adlanan ərazidə, heç bir anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində psixotrop maddə olan metamfetamin almışdır. Daha sonra qardaşı Şahid3 ilə yaşadığı evin qarşısında söhbət edərkən 2 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını, onların narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək onları Yasamal RPİnin İnzibati binasına dəvət etmişlər. Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmiş və orada ayrı-ayrı otaqlarda əyləşmişlər. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə saat 14:00-da təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təklif edmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. O, öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü bağlamada olan bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin pisoxtop maddəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyul 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin X3 xidməti ərazidə Şahid3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirləri keçirilmiş, həmin gün saat 12:15-də əməliyyat məlumatında bildirilən zahiri əlamətlərindən Şahid3 bənzər şəxsin başqa bir şəxslə söhbət etdiyini görüb ünvan 4 ünvanının qarşısında yaxınlaşaraq onları saxlamışdırlar. Həmin şəxslərin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, onlar xx.xx.1984-cü il təvəllüdlü, ünvan 5 ünvanda yaşayan Şahid3 və qardaşı xx.xx.1984-cü il təvəllüdlü, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Həmin şəxslərə narkotik vasitələrin qanunsuz əldə olunmasında və istifadəsində şübhəli olması barədə Yasamal RPİ-nə məlumat daxil olması barədə məlumat verilmiş və onlarla bərabər Yasamal RPİ-nin inzibati binasına getmələri təklif olunmuşdur. Onlar təklifə razılıq verdiyi üçün birlikdə Yasamal RPİ-nə gəlmişdirlər. Şübhəli şəxslər İdarədə ayrı-ayrı otaqların birində əyləşdirilmişdir. Əvvəl Şahid3 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri Mərkəz Vəkil Bürosnun vəkili X5 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Tural Abdullayev vəkil X7 RPİ-nə dəvət etmişdir. Tural Abdullayev tərəfindən Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə saat 13:45 şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təhqiqatçı tərəfindən əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa onda könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də həmin təklifi qəbul edərək əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli bükülünün könüllü təqdim edərək masanın üzərinə qoymuş və həmin bükülüdə psixatrop maddə metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açılan zaman içərisində ağ rəngli kristalşəkilli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni Yasamal Bazarı adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Tural Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində heç bir qeyri qanuni əşya aşkar edilməmişdir. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və 01 ədəd gümüşü rəngli bükülünün aşkar olunub- götürülməsi ilə bağlı Tural Abdullayev tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin 01 ədəd gümüşü rəngli bükümdəki kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq elmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs ilə yaşadığı evin qarşısında söhbət edərkən 2 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək onları Yasamal RPİ-nin İnzibati binasına dəvət etmişlər. Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmiş və orada ayrıayrı otaqlarda əyləşmişlər. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə saat 14:00-da təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmışdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü bağlamada olan bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmişdir və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin pisoxtop maddəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkar olunmamışdır. Qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini və onun üzərində narkotik vasitə olmasından onun Yasamal Bazarı adlanan ərazidən psixatrop maddəni kimdən almasından məlumatı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı X6 tərəfindən tərtib edilmiş və Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, həmin şöbənin digər əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 tərəfindən imzalanmış 17 iyul 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri BPİ-nin Yasmal RPİ-nin X2 əməkdaşları tərəfindən ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ- nin İnzibati Binasına aparılmış, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd gümüşü rəngli bükümdə psixatrop maddə metamfetaminə bənzər maddəni təqdim etmiş, içərisində narkotik vasitə hesab edilən metamfetamin olduğunu, həmin vasitəni Yasamal rayonu ərazisində yerləşən “Yasamal Bazarı” adlanan əraziyə gedib, oradan üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 1, səh. 30-31). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17 iyul 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs AR CPM-nin 246-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir və üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli bükülünü təqdim edərək masanın üzərin qoyur. Təhqiqatçı həmin bükümdə nə olduğunu soruşduqda şübhəli şəxs narkotik vasitə olan metamfetamin olduğunu, həmin narkotik vasitəni Yasmala Bazarı adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra onun üzərində şəxsi axtarış aparılır lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2947 saylı 18 iyul 2021-ci il tarixli ekspertiza rəyi ilə təsdiq ki, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” əl yazıları, imzalar olan olan 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,479 qram ağ rəngli, kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 0,479 qram ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 0,429 qram çəkidə psixotrop maddə metamfetamin qalığı bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır (cild 1, səh. 36-41). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,479 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.429 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq və saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. Bundan əlavə istintaq hərəkəti zamanı 1 (bir) ədəd DVD-R diskə köçürülmüş videogörüntü maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 111-120). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 3064 saylı 25 avqust 2021-ci il tarixli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 122-123). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, səh. 101-102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 17.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)376/2021 nömrəli 19.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 53-54, 76-80). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektrom məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 09.05.2008-ci il təvəllüdlü X9, 13.01.2007-ci il təvəllüdlü X12 və 21.04.2016-ci il təvəllüdlü X10 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,429 qram psixotrop maddə - metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 1(004)-371/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 25 (iyirmi beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu 17.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,429 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış video görüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar