Məhkəmə qərarları › İş №1(004)-372/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-372/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-372/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1979-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə maddə əldə edib üstündə saxlamış və daşımışdır. Belə ki, o, 09 fevral 2022-ci il tarixdə sahər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusun ağ-qara rəngli kağızı kəsiyi parçasına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,550 qram təşkil edən qəhveyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 2 ünvanın qarşısına gətirdikdən sonra, həmin gün saat 17:40 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal RPİ-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli «cins» şalvarının sağ yan kiçik cibindən qeyd olunan 0,550 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 fevral 2022-ci il tarixdə səhər saatlarında o, narkotik vasitə almaq məqsədi ilə Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş olan narkotik vasitə heroini alıb sonra istifadə etməsi üçün əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin gün 17:40-da ünvan 5 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. O, da polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaret qutusunun qara rəngli kağızına bükülmüş olan narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin X2 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 fevral 2022-ci il tarixdə Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 09 fevral 2022-ci il tarixdə saat 17:40-da Şahid1 ilə birlikdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirilən zaman Təqsirləndirilən şəxs ünvan 6 ünvanının qarşısında olan zaman yaxınlaşıb onu Yasamal RPİ-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla birlikdə Yasamal RPİ-yə gəlmişlər. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qara rəngli iç kağızına bükülmüş vəziyətdə olan narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitə olan heroini 09 fevral 2022-ci il tarixdə, səhər saatlarında “Kubinka” kimi tanınan yerdən üzdən tanıdığı, lakin adını və telefon nömrəsini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 105-107-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsində polis baş leytenantı rütbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, 09 fevral 2021-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1979cu il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 9laraq yaşayan Təqsirləndirilən şəxsYasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal tərəfindən raport əsasında NMB-nin rəisinin vasitəsi ilə RPİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil Şahid2la birlikdə Polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni 09 fevral 2022-ci il tarixdə saat 17:40 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 11 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 9laraq yaşayan Təqsirləndirilən şəxsdür. Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ona Yasamal RPİ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-niə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis kapitanı X11 həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı O.Əliyev Yasamal RPİ-nin TŞ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirərək təqdim olunan siyahı üzrə istənilən vəkil tərəfindən dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş etmişdir. Bununla bağlı, baş təhqiqatçı O.Əliyev dövlət büdcəsi hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Yasamal RPİ-nə dəvət etmişdir. Bundan sonra isə baş təhqiqatçı O.Əliyev, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Müdafiəçi təqdim etmiş və o da, təqdim olunan vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra isə baş təhqiqatçı O.Əliyev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də, onun və əməliyyat qrupunun üzvü Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə də, baş təhqiqatçı O.Əliyev, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar emiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video yazan texniki vasitə kimi «İphone-7» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla baş təhqiqatçı O.Əliyev tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qara rəngli iç kağızına bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, göstərilən heroini həmin gün, yəni 09 fevral 2022-ci il tarixdə təxminən səhər saatlarında “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, adını və barəsində heç bir anket məlumatlarıı bilmədiyi kişi cinsli şəxsdən öz istifadəsi üçün 20 manata alıb əynindəki həmin cins şalvarının sağ yan kiçik cibinə qoymaqla sonradan istifadə etməkdən ötrü üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin qara rəngli iç kağızına bükülmüş bükülüyə baxış keçiriləkən həmin bükülünün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddənin olması aşkar edilmişdir. Bununla yanaşı baş təhqiqatçı O.Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunubgötürülməsi ilə bağlı baş təhqiqatçı O.Əliyev tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyularaq DİN-nin 42 saylı möhürü ilə möhürlənərək götürülmüş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. O da şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, həmin bir ədəd bükümdə olan maddə həqiqətəndə narkotik vasitə heroindir və çəkisi 0,550 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:40-da ünvan 12 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən saxlanılıb, Yasamal Rayon Polis İdarəsinə gətirilərək həmin gün saat saat 19:05-də üstünə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qara rəngli iç kağızı parçasından ibarət olan kağız büklünün içərisində narkotik vasitə heroininə bənzər maddənin aşkar olunaraq götürülməsi barədə iki nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «İphone-7» markalı mobil telefonun video kamerasından istifadə edilərək aparılmış videoçəkiliş elektron maqnit daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. (i.v. 102-103) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 10 fevral 2022-ci il tarixli 6/823 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksi “....Şübhəli şəxs Təqsirləndirilən şəxs imza........” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0.550 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 111-115) “Diskə baxış keçirilməsi haqqında” 30 may 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «İphone» markalı mobil telefon vasitəsi ilə qeydə alınaraq 01 ədəd “CD-R” markalı diskə köçürülmüş 8 dəqiqə 41 saniyə ərzində qeydə alınmış video görüntü tərəfimdən izlənilərkən müəyyən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üstünə sonuncunun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri- polis baş leytenantı X5 və polis leytenantı Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri baş təhqiqatçı Orxan Əliyev tərəfindən izah olunmaqla yanaşı ona şəxsiyyətini təqdim etməsi, hansı səbəbə görə, polis əməkdaşları tərəfindən harada saxlanılıb polis idarəsinə gətirilməsi barədə sorğu edildikdə, Təqsirləndirilən şəxs özünü təqdim edərək xx.xx.1979cu il tarixdə ünvan 13 ünvanında qeydiyyat olmaqla ünvan 14 kirayədə yaşadığını, üzərində olan narkotik vasitəni qəbul etmək üçününvan 11 binaya daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən həmin ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirildiyini bildirir. Baş təhqiqatçı O.Əliyev Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qara rəngli iç kağızı parçasından ibarət olan kağız bükülünü çıxarıb masanın üzərinə qoymaqla təqdim etməsi və bundan sonra baş təhqiqatçı Orxan Əliyev təqdim etdiyi maddənin nədən ibarət olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə hesab olunan heroin olduğunu bilməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin qara rəngli iç kağızına bükülmüş bükülüyə baş təhqiqatçı O.Əliyev tərəfindən baxış keçirilərkən həmin bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddənin olmasının aşkar olunması, daha sonra baş təhqiqatçı O. Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparması və sonuncunun üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlərin aşkar olunmaması, Müdafiəçi Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş təhqiqata təqdim etdiyi maddənin kimə məxsus olması, hansı məqsədlə, haradan əldə etməsi, polis əməkdaşları tərəfində ona zor və təzyiq göstərilib-göstərilməməsi barədə sorğu edildikdə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik maddənin özünə aid olmasını, “Kubinka” adlanan ərazidən tanımadığı, adını və barəsində heç bir anket məlumatlarıı bilmədiyi şəxsdən öz istifadəsi üçün əldə edib üstündə saxladığını, polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən və polis idarəsində ona qarşı heç bir zor və təzyiq göstərilmədiyini bildirməsi, daha sonra baş təhqiqatçı Orxan Əliyev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi yuxarıda göstərilən bir ədəd siqaretin qara rəngli iç kağızına bükülmüş bükülü həmin maddə ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. (i.v. 242-243) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 3196 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 258-259) “Sübutların qiymətləndirilməsinə dair” 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,550 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,500 qram təşkil edən narkotik vasitə olan heroin qalığı aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə birlikdə həmin maddi sübutla tanış olduqdan sonra maddi sübut saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. (i.v. 270- 281) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.550 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 90) Bakı Şəhər Yasmal Rayon Prokurorunun 11 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. (i.v. 149-151) “Təqsirləndirlən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 152- 154) “Təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması üçün barəsində axtarışının elan edilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, (i.v. 172-173) “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da saxlanılmışdır. (i.v. 183) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-359/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmaqla 01 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 200-204) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Şirvan Şəhər İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli arayışına əsasən xx.xx.2016-cı il tarixdə cəzasını tam şəkildə çəkib qurtarmışdır. (i.v. 244- 246) Təqsirləndirilən şəxs barəsində olan 12 iyul 2011-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.500 qram çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 27 aprel 2022-ci il tarixdən hesablanmalı, 09 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmı cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 09 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.500 qram olan narkotik vasitə heroinin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar