Məhkəmə qərarları › İş №1(004)-372/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-372/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-372/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Şəki rayonu Aşağı Günküt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, məhkum olmayan, Xocalı şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 31/66 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 22 fevral 2023-cü il tarixdə saat 14:28 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin qarşısında idarə etdiyi Ford tranzit yük markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Camry” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinə toxunduqdan sonra Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 147/1 ünvanında yerləşən “İST” petrol yanacaq doldurma məntəqəsinin ərazisinə gələrək Zərərçəkmiş şəxs ilə avtomobilə vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs öz şəxsiyyətini Zərərçəkmiş şəxs üstün tutması fövqündə heç bir əsaslı səbəb olmadan mübahisə edib ucadan səs-küy salaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə 3-4 dəqiqə ərzində orada olan obyektlərin normal iş fəaliyyətinin pozulmasına, səs-küyün yaranmasına səbəb olmuş, həmin səsə görə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək hərəkətlərini davam etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, bununla kifayətlənməyərək yumruqla bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq sonuncuya sol gicgah nahiyəsinin hematoması və sıyrığı kimi qəsdən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonunda yerləşən tikinti bazarında santexnika malları satışı ilə məşğul olan mağazada mağa zaya məxsus “Ford Transit” markalı ** GG *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək sürücülük fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində adını bilmədiyi, lakin üzdən tanıdığı müştəri ilə idarə etdiyi yük avtomobili ilə həmin müştərinin yükünü Yasamal rayonu Tbilisi prospekti ilə aparan zaman avtomobili ehtiyatsızlığı ucbatından qarşında hərəkətdə olan qara rəngli “Toyota Camry” markalı Az ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinə yüngülvari dəymiş və dərhal hər ikisi avtomobildən yerə düşüb avtomobillərə baxış keçirmişlər. Baxış keçirən zaman həmin avtomobilin sürücüsü öz avtomobilinə təpiklə vuraraq aqresiv danışmağa başlamışdır. O özü isə üzürxaxlıq edib avtomobillərində ciddi zədə olmadığından Toyota Camry markalı avtomobilin sürücüsündən avtomobili bir kənarda saxlamasını və onunla söhbət etmək niyyətində olmağını bildirmişdir. Bundan sonra həmin avtomobilin sürücüsü avtomobilini yaxınlıqda olan “İST Petrol” yanacaq doldurma məntəqəsinin həyətində olan avtoservisin yanında saxlamış, o da idarə etdiyi yük avtomobilini həmin avtomobilin qarşısında saxlayıb avtomobildən yerə düşüb sürücüyə yaxınlaşmışdır. Bu zaman yanında oturmuş müştəri də onunla həmin yerə yaxınlaşmış və “Toyota Camry” markalı avtomobilin sürücüsünə ciddi bir şey olmadığını deyib ona avtomobili onun tərəfindən düzəltdirməyi təklif etmişdir. Bu zaman həmin Toyota markalı avtomobilin sürücüsü yanında olan müştəriyə “sən qarışma sürücü ilə danışıb həll edəcəm” demişdir. Bu zaman həmin sürücüyə avtomobili metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən “BMW” servisə sürməyi və orada avtomobili düzəltdirəcəyini demişdir. Lakin həmin sürücü razılaşmayıb, YDM-nin içərisində servis olduğunu bildirib orada düzəltdirməyini tələb etmişdir. Bu vaxt ona maddi imkanın olmadığını bildirdikdə, yanında olan müştəri Anarın sığortaya məlumat verməsinə etiraz edərək bildirmişdir ki, «cavan oğlansan, bu da cavandır, avtomobili düzəltdirməkdən boyun qaçırmır, nə üçün belə edirsən» dedikdə, Anar bununla razılaşmayıb məlumat verəcəyini bildirdikdə həmin müştəri ona “sən işverənsən” dedikdə Anar onu təhqir edib təpiklə vurmuşdur. Bu zaman araya girib bildirmişdir ki, mübahisəyə son qoysunlar. O, araya girib danışan zaman əlləri ilə izahlı şəkildə danışan zaman Anar ona «sənin əlini sındıraramdeyib onu təhqir etməyə başlamış, o da nə üçün onu təhqir etdiyini bildirdikdə o yenidən onu təhqir etmiş, o da onun bu təhqirini qəbul etməyib əsəbiləşərək yumruğu ilə bir dəfə onun sifət nahiyyəsinə zərbə vurmuşdur. Bu vaxt həmin sürücü yerə yıxılmış və o da onu söydüyü üçün onun ünvanına nalayiq söz deyib yanında olan müştəri ilə idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşıb çıxıb getmişdir. Toyota markalı avtomobilin sürücüsünü yumruğu ilə vurmuşdur, yanında olan adını bilmədiyi müştəri isə onu vurmayıbdır. Sadəcə olaraq həmin sürücü artıq hərəkətlər etdiyi və nalayiq sözlər işlətdiyi üçün onunla sözlü mübahisə etmişdir. Hadisə YDM-nin həyətində baş vermişdir və həmin vaxt orada tanımadığı bir neçə nəfər olmuşdur. Yumruqla Toyota markalı avtomobilin sürücüsünü vurduqdan sonra həmin şəxslər araya girmişdirlər, o özü də məsələni uzatmamışdır. Ümumilikdə hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını, ikinci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Xocavəndin azad olunmasına görə”, medalı ilə təltif olunmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafi ilə yanaşı, zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə saat 14:28 dəqiqədə Yasamal rayonu Tbilisi prospektində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının qarşısında özunə məxsus idarə etdiyi “Toyota Camry” markalı Az ** TX *** dövlət qeydiyyat nişanlı avtomoillə hərəkətdə olan zaman avtomobilinin arxa buferindən “Ford Transit” markalı Az ** CG *** dövlət qeydiyyat nişanlı yük avtomobili dəymişdir. Belə olan halda avtomobili saxlayıb enərək baxış keçirmiş, ciddi bir şey olmadığını görüb “Ford Transit” markalı yük avtomobilinin sürücüsünə həmin prospektdə yerləşən “İST petrol” yanacaq doldurma məntəqəsinin həyətinə sürməsini bildirmişdir. Bundan sonra avtomobilinə əyləşib həmin YDM-nin həyətinə sürmüşdür. YDM-nin həyətində olan zaman avtomobildən enmiş və adını bölmədə bildiyi “Ford Transit” markalı yük avtomobilinin sürücüsü Vüqar və onun yanınnda sərnişin qismində olan şəxs də avtomobildən enib ona tərəf yaxınlaşmışlar. Vüqara avtomobili ehtiyatla sürməsini irad bildirmiş və demişdir ki, avtomobildə elə bir böyük ziyan yoxdur, YDM-nin həyətində olan avtomobil ustasına təmir etdirsin, bu zaman Vüqar BMW servisə sürməyini tələb etmiş, lakin o buna etiraz etmişdir. Etraz etməyinin səbəbi isə avtomobilin təmir xərcinin çox olmaması və tez aradan qalaxa biləcək bir iş olmuşdur. Belə olan halda bildirmişdirdi ki, onda sığortaya məlumat versin gəlib qanuni tədbir görsünlər. Sığortaya məlumat vermək üçün avtomobilə əyləşmişdir. Bu zaman Vüqarın yanında sərnişin qismində olan şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr dediyi üçün avtomobildən düşmüş və həmin şəxslə üz-üzə dayanmışdır. Nə üçün onu təhqir etdiyini deyib əsəbiləşdiyi üçün özü də ona nalayiq ifadələrlə cavab qaytarmışdır. Həmin zaman Vüqar onun sol tərəfində dayanmışdır, o da onu təhqir etdiyi üçün onu da təhqir etmişdir. Sərnişinlə üz-üzə dayanıb mübahisə edən zaman o onun sinəsindən itələmiş, özü də təpiklə onun ayağına vurub demişdir ki, problemini məndən uzaq elə. Bu zaman Vüqar sifətinin sol tərəfindən bir dəfə yumruqla vurmuşdur. Aldığı zərbənin təsirindən özünü pis etmiş və yıxılmamaq üçün avtomobilinin qapısından tutmuşdur. Bu zaman onlar avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar. Belə olan halda o da 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə zamanı Vüqarın yanında olan sərnişin onu vurmamamış, lakin onun özünə və ailə üzvlərinin ünavnına nalayiq ifadələr işədərək onu onu vurmağı üçün təhrik etmişdir. O onun sinəsindən itələyən zaman onun ayağına təpik atmışdır, həmin təpiyin ona dəyməsini düşünür. Onu yalnız Vüqar vuraraq xəsarət yetirmişdir. Baş vermiş mübahisə və Vüqarın onu vurması ümumilikdə təxminən 3-4 dəqiqəyə qədər davam etmişdir. Hadisə zamanı YDM-nin işçiləri və digər şəxslər olmuşdur. Vüqar onu vurduqdan sonra özünü pis hiss etdiyi üçün ətarfda olan şəxslərin dava-dalaşı ayırmaqları yadında deyildir. O, Vüqarın sinəsindən vurmamışdır, nə də ki onu səbəbsiz yerə təhqir etmişdir. Əksinə Vüqar və onun yanında olan sərnişin onu təhqir etdikləri üçün o da onları təhqir etmişmişdir. O, sərnişinlə üz-üzə dayan zaman o onun sinəsindən itələdiyi üçün sərnişinin ayağına təpiklə vurmuşdur. Bundan sonrada ani bir vaxtda Vüqar onun sifətinin sol tərəfindən yumruqla bir dəfə vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Cinayət işinin 68-ci vərəqəsində 26 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-103-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 xx.xx.2023-cü il tarixli 172 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol gicgah nahiyyəsinin hematoması və sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərada qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.Qeyd edilən xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, hazırda Təqsirləndirilən şəxsla barışmış, odur ki, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi ilə, ekspert rəyi və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk məhkumluğunu, ikinci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, hazırda zərəçəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalı və həmin Məcəllənin 69.4cü maddəsinə əsasən 26 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək, yəni 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cərimə cəzası saxlanılmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 26 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək, yəni 01 (bir) gün müddət nəzərə alınmaqla sonuncunun üzərində qəti olaraq 800 (səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar