Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-372/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Union” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Sabirabad rayonu, Yaxa Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-425/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə, qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 435 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi 0,474 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Yasamal rayon polis idarəsinin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu, M.Fətəli küçəsi 100 ünvanının qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, Yasamal RPİ-nin inzibati binasında həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,474 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və sağ əlində saxladığı qara rəngli paketin içərisində yapışkan lentle bağlanmış vəziyyətdə 01 ədəd bağlamada təmiz çəkisi 435 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız narkotik vasitə istifadəçisi olduğu üçün təqsirli bilir, lakin ittiham aktında qeyd edilən narkotik vasitə və psixotrop maddə saxlanılarkən onun üzərində olmamaqla ona məxsus olmamışdır. Həmin narkotik vasitəni və psixotrop maddəni polis bölməsində ona qarşı psixoloji təzyiq göstərdiklərindən boynuna götürməli olmuşdur. Polis əməkdaşları ona qarşı qanunsuz tələb irəli sürərək onun valideynlərindən pul tələb etmişlər onlar həmin pulu verə bilmədikləri üçün onu narkotik vasitə ilə yükləmişlər. İfadəsinin sonunda barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni adətən Bakı şəhərinin müxtəlif ünvanlarında üzdən tanıdığı şəxslərdən pul müqabilində alıb istifadə edir. 26 mart 2025-ci il tarixdə saat 14:30 dəqiqədə ünvan 5 ünvanının qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və onu polis idarəsinə dəvət etmişlər. O da onlarla birlikdə polis idarəsinin inzibati binasına gəlmiş. İnzibati binada vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra sağ əlində saxladığı qara rəngli sellofan paketi masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən şəxsi axtarış həyata keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd içərisində siqaretlər olan siqaret qutusu, boz rəngli cins şalvarın sol yan cibindən iki ədəd mobil telefon, şalvarın arxa sağ cibindən iki ədəd yandıran və açarlar aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən qara rəngli sellofan paket açılan zaman içərisində bir ədəd üzəri yapışqan lentlə bağlanmış bağlama olması, bağlamanın içərisində yaşıl rəngli bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Şalvarının sağ yan kiçik cibindən çıxarıb təqdim etdiyi büküm açılan zaman içərisində ağ rəngli kristalşəkilli maddə olması müəyyən edilmişdir. Sorğu zamanı ağ rəngli kristalşəkilli maddənin “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu, yaşıl rəngli bitki mənşəli kütlənin isə narkotik vasitə marixuana olduğunu, həmin kütlələri Yasamal rayonu, “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün ümumi 310 manat pulun müqabilində alıb şəxsi istifadə üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Həmçinin mobil telefonların bir ədəd “Red mi8” markalı və bir ədəd “Red mi 13” markalı mobil telefonlar olması, “Red mi 13” markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olması, digər mobil telefonun içərisində isə mobil nömrə olmadığı müəyyən edilmişdir. Bundan sonra içərisində ağ rəngli kristalşəkilli maddə olan büküm bir ədəd kağız zərfdə, içərisində yaşıl rəngli bitki mənşəli kütlə olan bağlama isə ikinci kağız zərfdə qablaşdırılaraq 42 nömrəli möhürlə möhürlənib götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı ona məxsus içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red mi 13” markalı mobil telefon və içərisində nömrə olmayan “Redmi 8” markalı mobil telefon götürülmüşdür. Siqaret qutusu, açarlar və iki ədəd yandıran özünə qaytarılmışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet tapılmamışdır. Bundan başqa məhkəmə tərəfindən Təqsirləndirilən şəxs tutulduğu zaman üzərində narkotik vasitənin olmadığı ilə bağlı məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinin araşdırılması ilə əlaqədar məhkəmə tərəfindən sözügedən ərazidə yerləşən “təhlükəsiz şəhər kameralarından” görüntülərin əldə edilməsi üçün sorğu verilmiş lakin, həmin tarixə uyğun arxiv görüntüləri aşkar edilməmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımasında təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin NBM-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş ünvan 6 ünvanında olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində saxlayıb daşıması haqqında daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş qərara əsasən Yasamal RPİ-nin NMBnin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o da daxil olmuşdur. 26 mart 2025-ci il tarixdə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığına getmişlər. Həmin gün saat 14:30-da qeyd olunan ünvanın yerləşdiyi küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Yasamal rayon Polis İdarəsinin əməkdaşları olduqlarını deyib, narkotik vasitələri əldə edərək üzərində saxlayaraq daşımasında şübhəli olması barədə məlumatlı olduqlarını bildirmişdir, o isə sağ yan cibindən bir büküm çıxarıb göstərmişdir, narkotik vasitə olduğunu bidirmişdir, əlindəki salafan torbada nə olduğunu soruçduqda isə narkotik vasitə olduğunu bildirmişdir. Polis idarəsinə aparılarkən narkotik vasitə onun özündə olmuşdur. Təqsirləndirilən şəxs aparıb təhqiqatçıya təhvil vermişəm. Bu barədə raportla polis idarəsinin rəhbərliyinə məruzə etmişlər. Dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü, sonra isə sağ əlində saxladığı qara rəngli sellofan paketi masının üzərinə qoyub təqdim etmişdir. Təqsirləndirilən şəxs sağ yan cibliyindən aşkar edilmiş sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli maddə, əlində olan qara rəngli paket açılan zaman isə içərisində yaşıl rəngli bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bitki mənşəli kütlənin narkotik vasitə marixuana, ağ rəngli kristal şəkilli kütlənin isə metamfetamin olduğunu, Yasamal rayonu, Sovetski deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 310 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı qeyri qanuni hərəkətlərin edilməsi ilə əlaqədar bildirdikləri əsassız olmaqla həqiqəti əks etdirmir, ona qarşı istər saxlanılarkən, istərsə də sonradan ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir, bunları deməkdə onun məqsədi məsuliyyətdən boyun qaçırmaq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Digər tərəfdən ona ifadənin dəqiqləşdirilməsi ilə əlaqədar verilmiş suala cavab olaraq bildirmişdir ki, iş üzrə digər şahid R.Əliyevin Təqsirləndirilən şəxs saxlanılarkən qeyd etdiyi bəzi halları konkret olaraq Q.Musayey tərəfindən saxlanılarkən onlara narkotik vasitəni göstərməsini, R.Əliyevin ona baxmasını görmədiyini bildirmiş və qeyd etmişdir ki, “ola bilər mən onlardan bir az kənarda olduğumdan görməmişəm”. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə (saat 14:30 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 22). «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm və sağ əlində saxladığı 1 ədəd qara rəngli selafon paket aşkar edilmiş, iştirak edənlər və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində ki, kütlənin nədən ibarət olduğu barədə sual verilmiş, Təqsirləndirilən şəxs bildirmiş ki, həmin bükülülərdən ağ rəngli sellofan bükümdə olan kütlə “patı” deyilən metamfetamin, qara rəngli sellofan paketdəki isə qurudulmuş marixuanadır, həmin narkotik vasitələri və psixotrop maddələri "Sovetski" adlanan ərazidə tanımadığı şəxsdən 310 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. Daha sonra üzərindən iki ədəd mobil telefonlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş öz dediyinə görə narkotik vasitə, psixotrop maddələr və mobil telefonlar kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanması görünür. (İ/V. 32-33). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 26 mart 2025-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2025-ci il tarixli 7/502 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış kağız paketdəki yapışqan lentlə bağlanmış qara rəngli sellofanın içərisində bir ədəd şəffaf sellofanda təmiz çəkisi 435,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (İ/V. 43-46). Məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2025-ci il tarixli 6/1194 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində" ...Azərbaycan Respublikası DİN Zərflər üçün № 42” dairəvi möhür əksi, şübhəli şəxs:imza Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,474 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 47-50). Məhkəmə-narkoloji ekspertizasının 5 may 2025-ci il tarixli 2604 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, Kannabioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 127-128). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (İ/V. 74-78). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il, 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ/V. 91-93). “Sübutların qiymətləndirilməsi haqqında” 31 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,474 qram psixotrop maddə metamfetamin və 435 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd zərfdə - 0,424 qram psixotrop maddə metamfetamin və 434,9 qram qurudulmuş marixuana Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC tərəfindən telefon danışıqlarına dair təqdim edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (İ/V. 133-141). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 21-1/3-27333214 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-425/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. (İ/V. 126). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinə daxil olmuş məktubdan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın (Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı vaxt və yerdə olan təhlükəsiz şəhər kameralarının görüntülərinin) təqdim edilməsi mümkün deyil. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-4352/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Musayeva (Vəliyevə) Fəxriyyə Gürşad qızı ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış və Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 iyun 2017-ci il tarixdə 63 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş 04 dekabr 2017-ci il təvəllüdlü X3 və 04 sentyabr 2019cu il təvəllüdlü X2 cavabdeh Təqsirləndirilən şəxs yanında qalması qət edilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” Aktından görünür ki, Təqsirləndirilən şəxs “Akad.M.Ə.Mirqasımov adına RKX-sı X7”in urologiya şöbəsində satasionar müayinədə olmuşdur və onda böyrəklərin polikistozu diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlaması şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, narkotik vasitə qurudulmuş marixuananın isə yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, uroloji xəstəliyinin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-425/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı təyin edilən cəzanın həddi ilə əlaqədar məhkəmə qeyd edir ki, Q.Müsayevin himayəsində iki azyaşlı uşaqları vardır, onlar məhkəmə qətnaməsi əsasında atalarının yanında saxlanılmışlar və belə olan halda Təqsirləndirilən şəxs hazırda onlara qayğı göstərmək imkanı olan yeganə valideyndir. Digər tərəfdən Təqsirləndirilən şəxs böyrəklərində polikistoz xəstəliyinin olması da nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-425/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 22 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni 26 mart 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 434,9 qram narkotik vasitə marixuana və 0,424 qram psixotrop maddə məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-425/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə qismən birləşdirilsin və üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 26 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 203 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 434,9 qram narkotik vasitə marixuana və 0,424 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zamanı qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk və "xxxx" MMC tərəfindən verilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-372/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-372/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver