Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-374/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 və nümayəndəsi eyni zamanda vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki övladı olan, orta təhsilli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 13 iyun 2021-ci il tarixdə, saat 00:53 dəqiqədə AC seriyalı 559069 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes C220 CDİ minik” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti ilə Xırdalan şəhəri istiqamətində saatda 70 kilometr sürətlə hərəkətdə olarkən Moskva prospekti 69A ünvanında - yolun sağ hərəkət zolağında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sol hissəsi ilə vurmaqla ehtiyyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası, alın sümüyünün az yerinidəyişən sınığı, İİ boyun fəqərə cisminin xətti sınığı, hər iki qabırğanın sınığı, sağ kürək sümüyünün sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib, həmçinin Zərərçəkmiş şəxs2 məxsus “Mercedes C220 CDİ minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 80 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mercedes Benz C220 CDİ minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qonşusu Zərərçəkmiş şəxs2 məxsus olmasını, etibarnamə əsasında idarə etdiyini, hər ay Zərərçəkmiş şəxs2 400 manat avtomobilin aylıq haqqını ödədiyini bildirmişdir. 13 iyun 2021-ci il tarixdə saat 00:55 radələrində o, Yasamal rayonu Moskva prospekti ilə körpünün üstündə üzü Xırdalan dairəsinə doğru istiqamətdə olduğu zaman bir nəfər piyadanın qəflətən yolun soldakı səki hissəsindən yolun sağı tərəfinə keçmək üçün səkidən yolun sol hərəkət hissəsinə tullanaraq onun gəldiyini görüb yerində dayandığını, onu görüb hadisənin qarşısını almaq üçün dərhal əyləci sıxaraq avtomobilin sükanını tam sağ tərəfə çəkmiş, lakin həmin şəxs ilkin olaraq tullandığı yerdən bir addım geriyə çəkilsə də, o sükanı sağa tərəf burduğu anda həmin piyada yolu keçmək üçün gözlənilmədən sağ tərəfə onun avtomobilinin qarşısına doğru istiqamətdə qaçmağa başlamışdır. Bu səbəbdən o, hadisənin qarşısını ala bilməmiş və həmin şəxsi avtomobilinin qabaq sol hissəsi ilə vurmuşdur. Bundan sonra o, avtomobildən düşüb həmin şəxsə yaxınlaşmış, o, huşsuz vəziyyətdə yerdə uzanmışdır. O, dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, təxminən 5-10 dəqiqə sonra isə təcili yardım avtomobili gəlib həmin şəxsi oradan götürmüş və Sabunçu xəstəxanasına aparmışdır. O isə orada dayanıb polisin gəlməsini gözləmiş, sonra polis əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və onu sərxoşluq yoxlanışına aparmışlar. Sonra isə o vurduğu həmin şəxsin vəziyyətini öyrənmək üçün xəstəxanaya getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, barəsində amnistiya aktının tətbiq olunaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə “20 yanvar” m/s tərəfdə bir nəfər şəxs qəflətən telefonu və pul qabını onun əlindən qopararaq qaçmış, o da həmin şəxsin dalınca qaçmağa başlamışdır. Həmin şəxs Moksva prospektinin üzü Xırdalan dairəsi istiqamətində gedən hərəkət hissəsinə çıxan zaman onun pul qabısını yolun ortasına tullamışdır. O, əvvəlcə yola baxmış və avtomobilin gəlmədiyini görmüş, buna görə də pul qabını götürmək üçün qaçaraq həmin yolu soldan sağa üzü “Huqqa” restoranı tərəfə keçməyə başlamışdır. Lakin o yolu keçməyə başladığı zaman qəflətən onun qarşısına avtomobil çıxmış və o özünü itirmiş, özünü yolun o biri hissəsinə çatdırmamış, buna görə də həmin avtomobil onu vurmuşdur. Həmin vaxt o huşunu itirmiş, sonra isə xəstəxanada ayılmışdır. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, “Mercedes Benz C220 CDİ minik” markalı 99-ZR- 869 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 22 sentyabr 2020-ci il tarixdə o, həmin avtomobilə dair qonşusu Təqsirləndirilən şəxs sürücülük etibarnaməsi vermişdir. Həmin avtomobil ilə Ceyhun taksi fəaliyyəti ilə məşğul olur, hər ay ona 400-500 manat arası avtomobilin kirayə haqqını verir. 14.06.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Ceyhun 13.06.2021-ci il tarixdə gecə saatlarında həmin avtomobil ilə piyada vurmuş və həmin piyada hadisə nəticəsində xəsarətlər almışdır. Növbəti gün o həmin avtomobilə saxlanıldığı cərimə meydançasında baxmış, avtomobilin ön şüşəsinin çatladığını, kapot hissəsində isə iki yerdə xırda əziklərin olduğunu aşkar etmişdir. Avtomobilə dəymiş ziyan az əhəmiyyətli idi, onun təxmini hesablamasına görə 80 manat təşkil edirmiş. Hazırda həmin avtomobilə dəymiş ziyan Ceyhun tərəfindən tam aradan qaldırılmışdır. Avtomobilə dəymiş ziyanla bağlı onun heç bir şikayəti yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C220 CDİ minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında baş verməsi müəyyən edilmişdir (cild 1, səh. 5-8). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2021-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan “Mercedes Benz C220 CDİ minik” markalı **-ZR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin mühərrik hissəsinin örtüyünün sağ hissəsində batıq və ön şüşəsinin sağ hissəsində çat olması müəyyən edilmişdir (cild 1, səh. 9-12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 2/16451 nömrəli aktla Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir (cild 1, səh. 13). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsindən alınmış 06 sentyabr 2021ci il tarixli, 016-105189-1221 nömrəli məktubdan görünür ki, həmin idarənin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 09.01.2019-cu il tarixdə (09.01.2029-cu il tarixədək müddətə etibarlı olan) AC 559069 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 1, səh. 69). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman, Zərərçəkmiş şəxs1 Moskva prospektinin “20 yanvar” dairəsindən üzü Xırdalan dairəsi istiqamətində gedən hərəkət hissəsini qaçaraq keçməyə başladığı zaman, Yasamal rayonu Moskva prospekti 69A ünvanı qarşısında hərəkətdə olan gümüşü rəngli “Mercedes” markalı avtomobil tərəfindən vurulması öz təsdiqini tapmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2021-ci il tarixli “İfadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal rayonu Moskva prospekti ilə üzü Xırdalan şəhəri istiqamətində gedən yolun hərəkət hissəsində sağ hərəkət zolağını göstərərək orada avtomobil tərəfindən vurulduğunu bildirmişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verdiyi yer isə Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 69A ünvanı olması müəyyən edilmişdir (cild 1, səh. 52- 55). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 09 iyul 2021-ci il tarixli, 8/1374 nömrəli rəyi ilə təsdiq olunur ki, Mercedes Benz C220 markalı 99ZR869 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2- ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, səh. 62-65). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 01 iyul 2021-ci il tarixli, 574 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası, alın sümüyünün az yerinidəyişən sınığı, İİ boyun fəqərə cisminin xətti sınığı, hər iki qabırğanın sınığı, sağ kürək sümüyünün sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 13.06.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, səh. 58-61). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan məlum olur ki, “Mercedes Benz C220 CDİ minik” markalı **-ZR-*** qeydiyyat nişanlı avtomobil 16.09.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmiş və hadisənin videogörüntüləri olan 01 ədəd disk 16.09.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 72-78). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs adına alınmış 14.06.2021-ci il tarixli tələbnamədən görünür ki o, əvvəllər məhkum olunmamışdır (cild 1, səh. 34). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 100-102). Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək barəsində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya haqqında qərarın tətbiq edilərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan elektron məhkəmə elektron sistemindən çıxarılmış çıxarışdan görünür ki Təqsirləndirilən şəxs himayəsində 08.01.2000-ci il təvəllüdlü X4 və 07.10.2006-cı il təvəllüdlü X3 adlı övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi, təqsirləndirilən şəxsin törədilən əməli etiraf etməsi barədə verdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 28-ci bəndindən görünür ki, qərarın tətbiqi qaydalarına əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməli və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C220 CDİ minik” markalı **-ZR-*** qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, hadisənin videogörüntüləri olan 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(004)-374/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C220 CDİ minik” markalı **-ZR- *** qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüləri olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-374/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-374/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver