Məhkəmə qərarları › İş №1(004)-374/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-374/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-374/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olan, işləməyən, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,616 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edərək saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,616 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində daim yaşayış yeri yoxdur, o, müxtəlif ünvanlardan gecəsi 1 manatlıq kirayə verilən evlərdə yaşayır. Azərbaycan Respublikasının ACDİÜ Məhkəməsinin 2006-cı ildə olan hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. O, müxtəlif yerlərdən narkotik vasitələr və psixotrop maddələr əldə edərək qəbul edir. Narkotik maddələri və psixotrop maddələr qəbul etməyi ona heç kim məcbur etmir, özü könüllü olaraq istifadə edir. Üzərindən psixotrop maddə metamfetaminin aşkar olunması ilə bağlı isə səmimi olaraq bunu deyə bilərər ki, 2024-cü ilin fevral ayının 26-də səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata bir ədəd bukumdə el arasında «şüşə» deyilən psixotrop maddə almışdır. Qeyd etdiyi psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirirmişdir. Daha sonra isə elə xx.xx.2024-cü il tarixdə tarixdə saat 12:00 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin 27-ci polis şöbəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və bundan sonra onlar bir yerdə 27-ci Polis şöbəsinin inzibati binasına getmişlər. Polis şöbəsində olan zaman onun barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra həmin büronun vəkili Müdafiəçi1 iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis bölməsinin inzibati binasında videoçəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstümdə şəxsi axtanş keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edildi. O, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini masanın üzərinə qoymüşdür. Ondan bükümün içərisində olan maddə nədən ibarət olmasını barədə sual verildikdə, cavab olaraq bildirmişdir ki, içərisində «patı» deyilən psixotrop maddədir, həmin maddəni səhərə radələrində Nəsimi rayonu, «Kubinka» adlanan yerdə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Onun üstündə həmin vaxt bundan başqa heç nə olmamışdır. Ondan aşkar olunaraq götürülmüş psixotrop maddə polis əməkdaşı tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmaqla möhürləndi. Daha sonra bu barədə protokol tərtib edildi və həmin protokolla zərfi onunla bərabər orada olan digər iştirakçılar, həmçinin vəkilin özü də, imzalamışdır. O, etdiyi bu əməldən çox peşimandır, psixotrop vasitə olan metamfetamini qəbul etsə də, heç vaxt heç kimə narkotik vasitələr və ya psixotrop maddələr satmamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xidmət etdiyi bölməyə 26 fevral 2024cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan, faktiki olaraq Yasamal rayonunda müxtəlif ünvanlarda kirayəşin yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin 27-ci PŞ-nin rəhbərliyinə məruzə edildi və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 11:00-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 2 ünvanın qarşısında saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə o, ünvan 6 ünvanında qeydiyyatda olan, faktiki olaraq Yasamal rayonunda müxtəlif ünvanlarda kirayəşin yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatın olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PŞ-nə getməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 27-ci PŞ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilməsi barədə raportla bölmə rəhbərliyinə məruzə edildi, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsla bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı polis mayoru Zamiq Kərimova həvalə olundu. Bununla bağlı, X4 tərəfindən Yasamal RPİ-nin 27-ci PŞnin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmüş və o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etdi. Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Müdafiəçi1 tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etdi. Bundan sonra göstərilən büronun vəkili Müdafiəçi1 gəldi, X4 onu Təqsirləndirilən şəxsa təqdim etdi və o da, etiraz etmədiyi üçün X4 bu barədə protokol tərtib etdi. Daha sonra X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etdi və bundan sonra Təqsirləndirilən şəxs üstünə axtarış və götürmə keçirməyə başladı. Beləliklə, X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etdi və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmadı. Bundan sonra X4 video yazan texniki vasitə kimi mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümünü çıxararaq təqdim etdi. Bundan sonra X4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən o, həmin bükümün içərisində «Şüşə» adalanan metamfetamin olduğunu, bu maddəni həmin gün səhər radələrində “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd bükülünün içərisində ağ rəngli, kristal şəkilli maddə vardır. Bundan sonra X4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə apardı, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmadı. Daha sonra isə aşkar olunmuş yuxarıda qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq möhürlənərək götürüldü və şəxsi axtarışda iştirak etmiş bütün şəxslər protokolu öz imzaları ilə təsdiq etmişlər. Xidmət etdiyi şöbənin əməkdaşları Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop vasitə hesab olunan metamfetaminin mənbəyi ilə bağlı müvafiq qayda da təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop vasitə hesab olunan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin əldə etdiyi psixotrop vasitə hesab olunan metamfetamini satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında hələki dəqiq və tam məlumat yoxdur, yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir, o, üstündən aşkar olunmuş psixotrop vasitə hesab olunan metamfetamini məhz öz istehlakı üçün qanunsuz əldə edərək üstündə saxlamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində olan eyni xüsusatları qeyd etmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 26 fevral 204-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 77-81-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 fevral 204-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 138-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 44-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1150 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №168» dairəvi möhür əksi olan, «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,616 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,616 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,566 qram. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri- 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 109-115-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0.566 qram çəkidə olan psixotrop maddə - metamfetamin və CD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, CD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2962 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 96-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ACDİÜ Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı polis mayoru Zamiq Kərimov tərəfindən 26 fevral 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümünü çıxararaq təqdim etdi. Bundan sonra X4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən o, həmin bükümün içərisində «şuşə» adlanan psixotrop maddə metamfetamin olduğunu, bu maddəni həmin gün səhər radələrində “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X4 şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd sellofana bükülmüş bükülünün içərisində ağ rəngli, kristal şəkilli maddə vardır. Aşkar olunmuş həmin psixotrop maddəyə bənzər maddə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan şonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman iş üzrə sübut-əhəmiyyətinə malik ola biləcək başqa heç bir əşya, predmet, yaxud maddə aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə - metamfetamini xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ACDİÜ Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq 8 il keçmədən 26 fevral 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun 26 fevral 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2024-cü il tarixli, 2962 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.566 qram çəkidə psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.566 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar