Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-374/2025 28.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X3 və onun nümayəndəsi vəkil Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X9 və onun müdafiəçisi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 22 avqust 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X9 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dai xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X9 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət verilən şəxs X15 xx.xx.2025-ci il tarixdə, saat 12:00-13:00 radələrində ünvan 2 ünvanında yerləşən, yaşadığı 14 mərtəbəli binanın avtodayanacağının birinci mərtəbəsində videoçəkiliş edib onun barəsində işlədiyi "ASAN xidmət" Mərkəzinin adını çəkərək "dələduz", "insanları aldadan insan" və s. ifadələri istifadə edərək tiktok sosial şəbəkəsində və "www.Patrul.saz" adlı istifadəçi profilində paylaşaraq onun şərəf və layəqətini alçaltmaq niyyəti daşımışdır. Bu əməlləri ilə yanaşı, o video çəkilişdə hazırda "Yasamal 10” MMMCnin idarə heyətinin sədri vəzifəsində işləyən X12 və komendant X2 barəsində heç vaxt həbs olunmadığı halda məhkum, dələduz və s. böhtan dolu nalayiq, təhqiredici ifadələr işlətmişdir. Məhkəməyə təqdim etdiyi dəlillərdən olan video diskdən açıq aydın görünür ki, X1 informasiya vasitələrindən cinayətkarcasına istifadə edərək, yəni, Tik-Tok sosial şəbəkəsində patrul.az səhifəsində 3 dəqiqədən ibarət olan videoda izləyicilərə aşağıdakıları deyir: - 00:53-dən başlayaraq: Bu qarajı zəbt ediblər, pul yığıllar, qarajı işlədən üç dələduz (2 dəfə deyilir), - 01:44-dən buranı qeyri qanuni zəbt ediblər, zəbt edənlərdən biri 3 saylı Asan Xidmətin işçisi Məmmədov Zəfər, sosial evləri pulla udan, insanları aldadan insan o biri, dəfələrlə məhkum həyatı yaşayan, adı dələduzluqda hallanan Səfərov İbrahim, üçüncü şəxs X19 nəyinsə təsiri altında qaraj yiyələrinə hədə-qorxu gələrək qaraj yiyələrinin yerini icarəyə verirlər və heç kim bunlarla bacarmır, soruşanda da deyirlər ki, FHN-nin Tikintidə Təmir İdarəsindən buranı icarəyə götürüblər. Qeyd olunan paylaşım uzun müddət internet məkanda qalıb, paylaşıma 56 bəyənmə və iki şərh (koment) verilmişdir. Bundan sonra, onu iş yerində, qohum və dostları arasında tanıyan bilən şəxslər bu videonu ona göndərmişlər. Nəticədə, o, ailə üzvləri, xüsusəndə valideynləri sarsıntı və ciddi həyacan keçiriblər. Nəzər alınsa ki, o yeni nikaha daxil olacaq və yeni qohumları arasında da bu böhtan və təhqir dolu məlumatlarda yayılmışdır. Yuxarıda qeyd olunanlara, məhkəməyə təqdim edilən sübutlara əsasən hesab edilir ki, X15 AR Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkiblərini yaratmaqda təqsirli bilinməsi üçün bütün əlamətlər vardır, məhkəmə tərəfindən X13 qeyd olunan maddələrinin məcmusu ilə azadlıqdan məhrum etmə cəzası tayin olunmalıdır. Yuxarıda qeyd olunanları rəhbər tutaraq məhkəmədən Azərbaycan Respublikasının vətəndaşı X9 cinayət əməlinin törətməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Həmçinin məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 mülki iddia təqdim edərək qeyd etmişdir ki, paylaşımda qeyd olunanları qəbul etmir, böhtan və təhqir hesab edir. Video paylaşımda cavabdehin oxuyuculara, sosial şəbəkə istifadəçilərinə çatdırmaq istədiyi məlumatlar iddiaçının cinayət törətməsini və yaxud törətmiş kimi qələmə verməsi, mütləq qaydada məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (hökmü) ilə öz təsdiqini tapmalıdır. Belə olan halda paylaşımda deyilənlərin həqiqət olmasını sübut etmə vəzifəsi bilavasitə cavabdehin üzərinə düşür və məlumatlar həqiqət olmadığından o, bunu edə bilməz. Hesab edir ki, cavabdehin cinayət əməlləri nəticəsində iddiaçıya 6.000 (altı min) manat mənəvi zərər, cavabdehin qanunsuz əməlinə görə hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1.500 manat pul vəsaiti, dövlət büdcəsinə ödənilmiş 95 manat rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, cavabdeh X6 mənəvi zərər kimi 6.000 (altı min) manat, vəkil xidmətlərinə görə ödənilmiş 1.500 manat, dövlət rüsumu 95 manat pul vəsaitinin mülki iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə etdiyini, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq Z.Məmmədov qeyd etmişdir, xüsusi ittiham qaydasında şikayətini müdafiə edir. Şikayətdə qeyd etdiyi məsələləri təsdiq edir. Barəsində şikayət verdiyi şəxs X16 Tiktok sosial şəbəkədə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış, onun işgüzar nüfuzunu ləkələmişdir. Onun adını MİDA ilə bağlı evlərin alqı satqısında hallandırır. Həmçinin təhqiramiz ifadələr işlətmişdir. Videonun 53-cü saniyəsində və ikinci dəqiqənin ortasında onu dələduz adlandırır. Bununla mənə böhtan atır və haqqında Sosial Evlərlə bağlı şəxsləri aldatdığını iddia etdiyi üçün də özünə təhqir hesab edirəm. Dələduz sözünü həm təhqir, həm böhtan hesab edir. Sosial Evlərlə bağlı onun cinayət etməyini təsdiq edən hər hansı məhkəmə qərarı yoxdur. Ona görə böhtan atmış sayılır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi vəkil Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X15 xx.xx.2025-ci il tarixdə, saat 12:00-13:00 radələrində ünvan 2 ünvanında yerləşən, yaşadığı 14 mərtəbəli binanın avtodayanacağının birinci mərtəbəsində video çəkiliş edib və müvəkkili barədə işlədiyi “Asan Xİdmət“ mərkəzinin adını çəkərək “Dələduz”, “insanları aldadan insan”və s sözlər istifadə edərək tiktok sosial şəbəkəsində “www.patrul.saz” adlı istifadəçi profilində paylaşaraq Zəfər Məmmədovun işgüzar adına xələl gətirmişdir. Göründüyü üzrə Məmmədli Zəbi həm Zəfərin üzərinə böhtan atmış, həm də onun şərəf və ləyaqətini olduqca ağır şəkildə alçaltmışdır. Bu hal Zəfər Məmmədovun hüquq və azadlıqlarının birbaşa pozuntusudur və heç bir hüquqi və ya mənəvi normaya uyğun deyildir. Azərbaycan Respublikasının vətəndaşı X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Bundan əlavə mülki iddianın də təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, hazırlıq iclasında bildirdiyi ifadələri bir daha təsdiq edir. O Zəfəri təhqir etməmiş, ona böhtan atmamışdır. Əksinə zərərçəkən ozüdür. Sənədli qarajı, mülkü zəbt olunub. Oradan pul qazanırlar. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin Müdafiəçi bildirdi ki, hər iki maddə birdən ola bilməz. Həm təhqir, həm böhtan sayıla bilməz. Orada videomaterialda şəxsin şərəf-ləyaqətini təhqir edən heçnə yoxdur. Sadə işlək ifadə səslənib. Digər məsələ ki, Zəfərin Asan Xidmət Mərkəzində işləməsi və aralarında danışıqların olması, bunlar həqiqətdir. Bu barədə şahid də var. Videoda dələduz adlandırdığı şəxs İbrahimdir. O da həqiqətən məhkəmə hökmü ilə dələduzluq cinayəti üzrə dəfələrlə məhkum olunmuşdur. Ona görə işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o Zəbini çoxdan tanıyır. Aralarında ədavət yoxdur, əvvəllər iş yoldaşı olublar. Sosial evləri almaq üçün Zəbiyə deyib ki, nə etmək olar? Ona xaker lazım olduğunu deyib. Dedi ki, gələrsən yanıma danışarıq. Zəbi onu Zəfərlə tanış edib və Zəfərlə danışıb, Zəfər ona deyib ki, evi saytdan götürə bilərsən. Lakin sonra razılığa gələ bilməyiblər. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, tədqiqat materiallarını araşdıraraq tədqiqi hissədə həmin məlumatları kursivlə ayırıb: “Təxminən 1 ay bundan qabaq FHN-nin ərazi üzrə inspektorları gördüyünüz şlaqbaumdur. Söküb, şəklini çəkib getdilər. Və soradan aydın oldu ki, bu qarajı işlədən 3 dələduza deyilib ki, biz gedirik, gözümüzü yumuruq, siz yenidən bunu qoyun bura. Və dəfələrlə olar bura gəlib gedillər və özləri sökdükləri şlaqbaumdu, görünür ki, heç bir tədbir görmürlər. Bu qarajda 16 nəfər sakinin qaraj yiyələrinin yeri var. Bu qarajı özəlləşdiriblər qeyri-qanuni zəbt eliyiblər, burada ayda 10 min, 12 min manata kimi pul yığılır. Qaraj ikinövbəlidir. Bir "Caspian Plaza" və "Qlobus Molun" işçiləri üçündür. Alt mərtəbəsində də var. Axşam da ki, burda maşın əlinnən tərpənməyə yer olmur. Buranı qeyri-qanuni zəbt eliyiblər, zəbt eliyənlərdən 3 nəfər, biri 3 saylı "Asan Xidmət"in işçisi Məmmədov Zəfər sosial evləri pulla udan insan, insanları aldadan insan.” və s. bu kimi məlumatlar. Bu hissəni geniş formada götürməməyinin səbəbi odur ki, məhkəmə tərəfindən kimin adına sual qoyulmuşdursa, ona aid olanları qeyd edib. Ümumi məlumatlar insan barəsində mənfi rəy verən məlumatlardır. Bütün bu məlumatlar şəxs barəsində mənfi fikir formalaşdırır, belə ki, bu ifadələr şəxsi xarakterizə edir. Təqdiqat materiallarında “sosial evləri pulla udan, insanları aldadan” ifadəsi qeyd olunur. Burada da Məmmədov Zəfərdən söhbət gedir. Tədqiqat materiallarının içərisindən bu cür məlumatlar seçilmişdir və bu sözlər mənfi konseptual sfera yaradır. Bu fikirlər hamısı “İnsanları aldadan”, “dələduz” kimi ifadələrin əsasında mənfi konseptual sfera yaradır. Tədqiqat materiallarının içərisindən bu cür məlumatlar seçilmişdir və göstərilir ki, rəyi oxuyan şəxs başa düşə bilsin ki, neqativ məlumatlar bu cür ifadələrin ətrafında yaranmışdır. Ola bilər ki, dələduz sözü işlədilməsin, lakin yenədə, mənfi fikir yarana bilər. Haranısa zəbt edib, insanları aldadan və s. bu kimi ifadələr əsasında yarana bilər. Burada dələduz sözü işlədilib və bu ifadə obyektivlik dərəcəsinə görə qiymətləndirilir və bu qiymətləndirmə məhkəmə tərəfindən həyata keçirilməlidir.Həmin ifadələr böhtan olduğu, yəni həqiqiliyi sübuta yetirilə bilmədiyi təqdirdə şərəf və ləyaqəti alçaldan məlumatlar hesab edilir. Materiallarda təhqir elementləri yoxdur. Məhkəmə xüsusi ittihamçı Z.Məmmədovun, təqsirləndirilən şəxs Z.Məmmədlinin və şahidin ifadələrini və ekspertin izahlarını dinləyərək, həmçinin işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Z.B.Məmmədlinin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2025-ci il tarixli, 4/1587 saylı rəyindən görünür ki, ekspertizaya tədqim olunmuş 1 (bir) ədəd “BİNGO” markalı DVD-R diskdə qeydə alınmış videogörüntülərdə X15 tərəfindən X10 barəsində verilmiş məlumatlar, xidməti fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə X3 şərəf və ləyaqətini onu nüfuzdan salan məlumatlar hesab edilir. Məhkəmə iclasında disk tədqiq edilmiş və ona cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin video görüntülərdə X15 xx.xx.2025-ci il tarixdə, saat 12:00- 13:00 radələrində ünvan 2 ünvanında yerləşən, yaşadığı 14 mərtəbəli binanın avtodayanacağında X10 barəsində "dələduz", "sosial evləri pulla udan, insanları aldadan insan" və s. ifadələri işlədərək tiktok sosial şəbəkəsində və "www.Patrul.saz" adlı istifadəçi profilində paylaşaraq sonuncu barədə böhtan xarakterli məlumatları yaymışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X15 Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində fundamental hüquq kimi təsbit edilmiş təqsirsizlik prezumpsiyasına riayət etmədən, təqsirləndirilən şəxsin Z.Məmmədovun ünvanına “İnsanları aldadan”, “dələduz” kimi ifadələri işlədərək böhtan atmışdır. Bununla da təqsirləndirilən şəxs Z.B.Məmmədli tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « ...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Bundan əlavə məhkəmə hesab edir ki, Z.B.Məmmədlinin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqir, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma göstərilib. Məhkəmə hesab edir ki, Z.B.Məmmədlinin Z.Məmmədovun ünvanına işlətdiyi ifadələr Z.Məmmədovun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi qiymətləndirilə bilməz, məhkəmə tərəfindən həmin ifadələr böhtan kimi qiymətləndirilmişdir. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Z.B.Məmmədlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Z.B.Məmmədlinin ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə göstərilən halları nəzərə alaraq və qeyd olunan normaları, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərini («...şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir...») rəhbər tuturaq hesab edir ki, təqsirləndirilən şəxs Q.Ə.Niftəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsində, “Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası öz mahiyyəti etibarı ilə nəzərdə tutur ki, şəxsin təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, o, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda həm Konstitusiya, həm cinayət-prosessual qanunvericiliyi xüsusilə vurğulayır ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Avropa Konvensiyasının tərkib hissəsi olan Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlət daxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırsınlar. Maddənin 2-ci bəndində deyilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. 2-ci bənd cinayət prosesinin davam etdiyi bütün müddətə şamil olunur və proses bitdikdən sonra və ya təqsirləndirilən şəxsə bəraət verildikdən sonra hakim tərəfindən hər hansı şərhin verilməsi təqsirsizlik prezumpsiyasını pozmuş olacaqdır. Təkcə məhkəmələr deyil, digər dövlət orqanları da təqsirsizlik prezumpsiyasına əməl etməyə borcludurlar. Təqsirsizlik prezumpsiyasına təkcə məhkəmənin gedişində deyil, məhkəmə tərəfindən bəraət hökmü çıxarıldıqdan sonra da əməl edilməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək bir daha qeyd edir ki, Z.B.Məmmədlinin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Z.B.Məmmədlinin ailəli olmasını və himayəsində 2 uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Z.B.Məmmədlinin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Z.B.Məmmədliyə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı nəzərə alır və belə hesab edir ki, Z.B.Məmmədli təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs Z.B.Məmmədlinin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Z.B.Məmmədliyə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə cinayət işi üzrə xüsusi ittihamçının nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs X13 qarşı mülki iddia verərək, cinayət əməlləri nəticəsində iddiaçıya 6.000 (altı min) manat mənəvi zərər, cavabdehin qanunsuz əməlinə görə hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1.500 manat pul vəsaiti, dövlət büdcəsinə ödənilmiş 95 manat rüsum cavabdehdən tutularaq tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli Qərarının 2.2.13-cü bandinə əsasən təhqir və böhtana görə şəxsin cinayət məsuliyyətinə cəlb olunması zərərçəkmiş şəxsin şəxsiyyət hüquqlarının mülki mühakimə icraatı qaydasında müdafiəsini (təsbit iddiaları istisna olmaqla) və vurulmuş mənəvi zərərin kompensasiyasını tələb etmək hüququnu istisna etmir. Ona görə də məhkəmə dəymiş mənəvi zərərin əvəzi olaraq X6 500 manat pulun tutularaq X7 ödənilməsini qanuni və məqsədəuyğun hesab edir. Bundan əlavə mülki iddiaçı həmçinin hüquqi xidmət haqqı olaraq, cavabdehdən 1500 manat pulun tutulmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X10 tərəfindən vəkilə hüquqi xidmət haqqı olaraq 1500 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də, iddia tələbi qismən təmin edildiyindən 500 manat məbləğində pul hüquqi xidmət haqqı olaraq cavabdehə aid edilməlidir. Həmnçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-354, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. X9 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. Mülki iddia qismən təmin edilsin. Dəymiş mənəvi zərərin əvəzi olaraq təqsirləndirilən şəxs X6 500 (beş yüz) manat, mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat və hüquqi xidmət haqqı olaraq 500 (beş yüz) manat məbləğində pul tutularaq X5 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 (yüz) manat X6 tutulub dövlət nəfinə keçirilsin. X13 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-374/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-374/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver