Məhkəmə qərarları › İş №1(004)-375/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-375/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-375/2023 02.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sabirabad şəhəri, M. Xiyabani küçəsi, döngə № 01, 06 saylı evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava məhəlləsi, 157 nömrəli evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 mart 2023-cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən 02 saylı Qadın Məsləhətxanasının arxa tərəfindəki pəncərəni əli ilə açaraq binaya qanunsuz daxil olaraq həkim müayinə otağından məsləhətxananın baş həkimi Zərərçəkmiş şəxs məxsus bir ədəd 500 manat dəyərində 01 dəst qara rəngli, “Acer” markalı, “K202HQL” model monitordan, “Acer” markalı, “PR1101U” model klavyaturadan, “Acer” markalı, “Veriton ES2740G” model prosessor və siçandan (mouse) idarət olan kompüleri və 01 ədəd 890 manat dəyərində 01 ədəd ağ rəngli, “Asus” markalı, “AR58225” modelli notbuk 01 ədəd “Asus” markalı, “EXA1004EH” model enerji yükləyicisi ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.390 (bir min üç yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmədiyi üçün pula bərk ehtiyacı yaranmışdır. 19 mart 2023-cü il tarixdə gecə saat 03 radələrində təkbaşına şəhəri gəzmiş, binaların qarşısından keçən zaman 02 saylı Qadın Məsləhətxanasının giriş qapısının kilidli olduğunu görüb arxaya keçmiş,həmin binanın arxa tərəfindəki pəncərələrin birinə yaxınlaşıb pəncərənin şüşəsini çıxardıb yerə qoymuş və içəri keçmişdir. Əvvəl birinci olaraq dəhlizə keçmək üçün çöldən içəri keçdiyi otağın qapısını sökmüş, sonra isə üzərində mama-qinekoloq sözləri yazılmış otağa keçmiş, çox yeri axtarsa da heçnə tapa bilməmişdir.Bundan sonra üzərində UZİ sözü yazılan otağa keçmiş, hər iki otağın plastmas qapısının kilidlərini yoldan tapdığı dəmir alətlə aralayıb içəri keçmişdir. Sonuncu otaqdakı dolabları axtarsa da heçnə tapa bilməmiş və həmin otaqdan bir ədəd «Asus» markalı notebookla yanaşı bir ədəd «Aser» markalı personal kompüteri oğurlamışdır. Oğurladığı həmin əşyaları ağ torbaya yığıb, kirayə qaldığı evə gətirmişdir. Kirayə qaldığı evdə tek yaşamış, əmisi oğlu Elnur və dostu Əhəd onunla bir məhəllədə yaşasa da oğurluq etməyindən xəbərləri olmamışdır.Həmin kompyuterləri oğurlamaqda əsas məqsədi satıb pul əldə etməyi olmuşdur.21 mart 2023-cü il tarixdə evdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmış və Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncunun ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən 2 saylı Qadın Məsləhətxanasının baş həkimi vəzifəsində işləyir. Rəhbəri olduğu tibb müəssisəsində səhər və gecə növbəsində gözətçi işləyir. Qadın Məsləhətxanasının qarşı tərəfində bütün pəncərələrdə dəmir barmaqlıqlar olsa da, arxa hissəsindəki pənəcərələrin bir neçəsində dəmir barmaqlıqlar olmamışdır. 19 mart 2023-cü il tarixdə işə gəldikdə gecə növsəində gösətçi olan Şahid2 cecə saatlarında oğurluq hadisəsi baş verməsini bildirmişdir. O, hadisə yerinə baxdıqda binanın arxa hissəsində olan pəncərənin və binanın içərisində olan iki qapının zədələnməsini, USM otağından ona məxsus işlənmiş vəziyyətdə olan bir ədəd 500 manat dəyərində “Asus” markalı stolüstu kompüterin və 890 manat dəyərində “Asus” markalı notbukun oğurlanmasını müəyyən etmişdir. Bundan sonra digər otaqlara baxış keçirmiş, lakin heç bir əşyların oğurlanmamasını müəyyən olunmuşdur. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1390 manat maddi zərər dəymişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda oğurlanan avadanlıq ona qaytarılıb, buna görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, təxminən bir ilə yaxındır ki, həmkəndlisi və əmisi oğlu Təqsirləndirilən şəxs ilə bir evdə kirayədə yaşamış, həmin müddət münasibətləri yaxşı olmuşdur. O,çörək sexində işlədiyi üçün evə gecə saatlarında gəlmiş, buna görə də Emili həmin vaxtlar görmüşdür. 19 mart 2023-cü il tarixdə gecə evə gəldikdə otağın mərkəzində işlənmiş vəziyyətdə bir ədəd notbukun və bir ədəd stolüstü kompüterin olduğunu görmüşdür. O, Emildən həmin əşyların oğurluq olubolmamasını soruşduqda. Emil həmin notbuk və kompüteri yeznəsindən gətirdiyini, bir gün sonra təmirə aparacağını bildirmişdir. Lakin iki gün sonra polis əməkdaşları evə gələndə məlum olmuşdur ki, Emil evə gətirdiyi notbuk və kompüteri 2 saylı qadın məsləhətxanasından oğurlamışdır. O, həmin əşyaların Emil tərəfindən oğurluq yolu ilə əldə olunmasını dərhal bilsəydi bu barədə polisə məlumat verərdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan 21 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 61-65-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 mart 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 01 may 2023-cü il tarixli 9/2303 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, “Acer” markalı, “K202HQL” model monitor, “Acer” markalı, “PR1101U” model klavyaturadan, “Acer” markalı, “Veriton ES2740G” model prosessor və siçandan (mouse) idarət olan kompüterin, “Asus” markalı, “AR58225” modelli notbukun 01 ədəd “Asus” markalı, “EXA1004EH” model enerji yükləyicisinin ümumi dəyəri 570 manat müəyyən edilir. Cinayət işinin 87-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 99-103-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərfindən təqdim olunmuş 01 dəst qara rəngli, “Acer” markalı, “K202HQL” model monitor, “Acer” markalı, “PR1101U” model klavyatura, “Acer” markalı, “Veriton ES2740G” model prosessor və siçan (mouse) və 01 ədəd ağ rəngli, “Asus” markalı, “AR58225” modelli notbuk 01 ədəd “Asus” markalı, “EXA1004EH” model enerji yükləyicisi iş üzrə maddi sübut kimi qəbul olunmuş və saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işinin 79-85-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayonu Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarı ilə 04 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarı ilə 04 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur Həmin Məcəllənin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Qeyd olunan qanunvericiliyin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə deyil, məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 21 mart 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 dəst qara rəngli, “Acer” markalı, “K202HQL” model monitor, “Acer” markalı, “PR1101U” model klavyatura, “Acer” markalı, “Veriton ES2740G” model prosessor və siçan (mouse) və 01 ədəd ağ rəngli, “Asus” markalı, “AR58225” modelli notbuk 01 ədəd “Asus” markalı, “EXA1004EH” model enerji yükləyicisi məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 dəst qara rəngli, “Acer” markalı, “K202HQL” model monitor, “Acer” markalı, “PR1101U” model klavyatura, “Acer” markalı, “Veriton ES2740G” model prosessor və siçan (mouse) və 01 ədəd ağ rəngli, “Asus” markalı, “AR58225” modelli notbuk 01 ədəd “Asus” markalı, “EXA1004EH” model enerji yükləyicisi məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar