Məhkəmə qərarları › İş №1(004)-377/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-377/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-377/2021 26.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1970-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 8-ci inzibati bina (Sabunçu RPİ) qediyyatda olan və daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, əvvəllər törətmiş olduğu cinayət əməlinə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 20 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi-1,390 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq daşımış, 20 avqust 2021-ci il tarixdə saat 22:00-da Bakı şəhəri Yasamal rayon polis İdarəsinin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 30 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə apanlan zaman əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi-1,390 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə adını bilmədiyi bir şəxslə tanış olmuş, 20 avqust 2021-ci il tarixdə günorta saatlarında həmin şəxsdən 15 manat verib, narkotik vasitə olan heroin almış, narkotik vasitəni əynində olan ağ rəngli şalvarının sağ yan cibinə qoymuş, həmin gün saat təxminən 22 radələrində 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş, Yasamal RPİ-nə dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Bundan sonra ona hüquq və vəzifələrini izah olunmuş, müdafiəçi təqdim olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan ağ rəngli şalvarının sağ yan cibində olan bir bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş, bir büküm narkotik maddə olan heroini təqdim etmiş və narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə xidmət etdiyi polis bölməsinə Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə o, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 8-ci inzibati bina ( Sabunçu RPİ) qediyyatda olan və daimi yaşayış yeri olmayan xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirərək ondan Yasamal RPl-ninin 26-cı PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPlnin 26-cı PB-nə gətirilməsi barədə dərhal raport əsasında bölmənin rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Bölmənin baş təhqiqatçısı polis mayoru Aslan Qasımova həvalə olunmuşdur. Bununla bağlı, baş X8 öz növbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona müdafiəçi seçmək hüququ izah edilərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Azərbaycan Rekspublikasının Vəkillər Kollegiyası vəkil qurumu «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili X6 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən baş X8u Bölməyə dəvət etmişdir. X8 tərəfindən Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə olduğu təqdirdə könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdir. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək özü əynində olan ağr rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş, bir bükümü könüllü çıxardıb təqdim etmiş, həmin bükümün içindəki maddə narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 15 manata aldığını demişdir. Həmin bükülü açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra baş X8 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı baş təhqiqatçı Elnur Hacıyev tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməliyyat müvəkkili X9 tərəfindən tərtib edilmiş və əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, müdafiəçi X6, şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs oğlu tərəfindən imzalanmış 20 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş, kütləni könüllü çıxardıb təqdim edərək, həmin bükümlərin içindəki maddə narkotik vasitə olan heroin və metamfetamin olduğunu, narkotik vasitələrini 20 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon « Kubinka » adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız bükümü zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, səh. 34-35). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X6, Yasamal RPl-nin 26-cı PB-nin əməkdaşları Şahid1 və Şahid2 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs oğluna üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş, kütləni könüllü çıxardıb təqdim edərək, həmin bükümlərin içindəki maddə narkotik vasitə olan heroin və metamfetamin olduğunu, narkotik vasitələrini 20 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon « Kubinka » adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir . Aşkar edilmiş maddə kağız zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3631 nömrəli 21 avqust 2021-ci il tarixli ekspertiza rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm “ yazısı qeyd olunmuş zərifdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,390 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in ı siyahısına daxildir (cild 1, səh. 43-48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 3110 saylı 27 avqust 2021-ci il tarixli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda Opioidlərin birgə qəbulu nəticəsində Aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 116). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2021-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş təmiz çəkisi-1,390 qram,tədqiqatdan sonra sərf edilmiş-0,05 qram , qalıq isə -1,340 qram çəkidə narkotik vasitə olan heroin həmin cinayət işi üzrə maddi sübut kimi tanınmalı və məhkəmənin hökmünə qədər saxlanılması üçün Yasamal RPl-nə təhvil verilmişdir (cild 1, səh. 92) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” maddi sübut kimi tanınmış, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq narkotik vasitə heroinin ekspertiza tədqiqatından qalıq qalmış 1,340 qram çəkidə narkotik vasitə olan heroin ibtidai istintaq yekunlaşdıqdan sonra saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 118-126). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən aydın olur ki, Qasımov X3 rayon məhkəməsinin 08.10.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 09.08.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 01.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 21.08.2020-ci il tarixdə cəzasını sonu ilə azad edilmişdir (cild 1, səh. 103-115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-460/2015 nömrəli, 08.10.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, səh. 105-109). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.02.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, səh. 111-115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səh.90-91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektrom məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 29.06.2008-ci il təvəllüdlü X5 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan Xəzər rayon Məhkəməsinin 01.02.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 21.08.2020-ci il tarixdə cəzasını sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğluna münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,340 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(004)-377/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 20.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,340 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X13 qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar