Məhkəmə qərarları › İş №1(004)-377/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-377/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-377/2025 18.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittiham qaydasında şikayət vermiş X2 müdafiəçisi Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. X4 xüsusi ittiham qaydasında şikayətdə göstərmişdir ki, X3 onun barəsində müxtlif yerlərdə və sosial şəbəkələrdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələyən və onu cəmiyyət içində nüfuzdan salan məlumatları yayır. Məmmədov Müşviq xüsusi ilə onu ağır cinayətdə ittiham edərək ona böhtan atır. Belə ki, X3 onun atasıdır. X10 ilə anası X8 arasında nikaha xitam verilməsi və əmlak bölgüsünə dair mübahisə məhkəmədən qabaq mediyasiya mərhələsindədir. Mediyasiyaya müraciət onun anası tərəfindən olunmuşdur. Məmmədov Müşviq uzun illərdir onun anasını və onu daima pisxoloji təziq altında saxlamış, onun və anasının normal həyat sürməsinə hər cürə maneələr törətmişdir. Anası boşanmağa məcbur edən son hadisə isə qardaşı X5 intahar etməsidir. Bu hadisədən sonra anası Məmmədov Müşviq ilə aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü üçün məhkəmədən qabaq mediyasiyaya müraciət etmişdir. Tərəflər arasındakı bu mübahisədə haqlı olaraq anasının tərəfini saxladığı üçün yalan olduğunu bilə bilə onun barəsində böhtan xarakterli məlumatlar paylaşmış, qardaşının ölümündə onu ittiham edərək, qardaşını onun öldürməsilə bağlı həm qohumlar arasında, həm də sosial şəbəkələrdə məlumatlar paylaşmışdır. Məmmədov Müşviqin bu kimi yollara əl atmasının digər bir səbəbi də tam mülkiyyət hüququ ilə ona məxsus olan Nardaran kəndində yerləşən bağ sahəsini ələ keçirtmək olmuşdur. Məmmədov Müşviqin onun barəsində yaydığı yalan məlumatlar onun şərəf və ləyaqətini alçaltmış, onu cəmiyyət içində, qohumlar və dostlar içində nüfuzdan salmışdır. Qeyd olunan hərəkətləri etməklə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X2 müdafiəçisi Müdafiəçi2 şikayətin icraata qəbul edilməsini, X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 müdafiəçisi Müdafiəçi1 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Belə ki, şikayətin məzmununa aid Plenum qərar və CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayət vermiş şəxsin doğulduğu il, məşğuliyyət növü və vəzifəsi (293.3.1), şikayətin verildiyi yer (CPM 293.3.6), şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə sübut olunduğu (CPM 293.3.4) və şikayətdə qeyd edilmiş böhtan olması ehtimal edilən məlumatların nə vaxt və harada yayımlanması, yəni törədilmiş cinayət barədə məlumatlar (CPM 293.3.2) tam qeyd edilməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar