Məhkəmə qərarları › İş №1(004)-378/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-378/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-378/2023 20.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, işləməyən, ailəli, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 95A, mənzil 25 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 26 yanvar 2023-cü il tarixdə saat 16.00-da Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 1,150 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 26 yanvar 2023-cü il tarixdə saat 18.30-da Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli şalvarının sol yan cibindən təmiz çəkisi 1,150 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 28 ünvanda yaşayır, qardaşı isə ondan bir mərtəbə yuxarıda olan mənzildə yaşayır. Heç vaxt narkotik vasitə və psixotrop maddədən istifadə etməmiş, vaxtaşırı müxtəlif tərkibində alkoqol olan içkilər qəbul etmiş, lakin qardaşı narkotik vasitə aludəçisidir. 26 yanvar 2023cü il tarixdə saat 18-19 radələrində yaşadığı evdə olan zaman soyuducudan yemək götürmək məqsədi ilə qardaşının yaşadığı evə qalxmışdır. Bu zaman o, polis əməkdaşlarının onu çağırdıqlarını eşidib onlara yaxınlaşmışdır. Daha sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PB-nin binasında olan otaqlardan birinə gətirmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona psixotrop maddə olan metamfetamin verərək video çəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər, bunu etməyəcəyi halda isə onun qardaşı oğlunu tutacaqları ilə onu hədələmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları tərəfindən ona təqdim olunmuş psixotrop maddə metamfetamini cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli şalvarının sol yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin var, həmin psixotrop maddəni həmin gün “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, 28ci Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 28-ci PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 26 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində Şahid2la birlikdə ünvan 2 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz daşınması ilə bağlı məlumatılarının olduğunu bildirərək ondan Yasamal RPİ-nin 28-ci PB-nə getməsini təklif etmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Samir əynində boz rəngli şalvarının sol yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Samir həmin bükülünün içərisində olan pisixotrop maddə metamfetamini 26 yanvar 2023cü il tarixdə saat 16 radələrində Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin pisixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 93-94-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Yasamal RPİ-nin 28-ci PB-nin rəhbərliyinə raportla məruzə olunub, icazə alındıqdan sonra əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. 26 yanvar 2023-cü il tarixdə saat 18.30-da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmiş və o, onlarla birlikdə polis idarəsinə getməyə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibində saxladığı qızılı rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərsində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 167 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Samir Mustayev üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni 26 yanvar 2023-cü il tarixdə saat 16.00 radələrində Nəsimi rayonunda yerləşən Kubinka adlanan ərazidə tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sol yan cibindən içərisində “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 27 yanvar 2023-cü il tarixli 6/486 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N167” dairəvi möhür əksi olan “Şübhəli şəxs S Mustafayev” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,150 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (siyahı İ) daxildir. (i.v. 43-46) “DVD-R Diskə baxış keçirilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru X8 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, Yasamal RPİnin 28-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X9 və Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd qızılı rəngli siqaret kağıza bükülmüş bükümü təqdim edərək həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin (şüşə) olduğunu, bu maddəni xx.xx.2023-cü il tarixdə saat 16.00 radələrində Nəsimi rayonu ərazisində Kubinka adlanan ərazidə tanımadığı şəxsdən aldığını, həmin maddəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 dəqiqədə polis əməkdaşları tərəfindən Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 28 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində pixotrop maddə metamfetamin olan bir ədəd qızılı rəngli siqaret kağıza bükülmüş bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (i.v. 60) “Maddi sübut kimi tanımaq haqqında” 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə apanlarkən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1.150 qram olmuş psixotrop maddə metamfetamin istintaqın gedişində maddi sübut kimi tanınmış, həmin miqdarda psixotrop maddə metamfetaminin ekspertizası tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 1.100 qramı məhkəmənin hökmü qüvvəyə minənədək saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2023-cü il tarixli 3266 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 108-109) “Sübutların qiymətləndirilməsinə dair” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 1,100 qram psixotrop maddə-metamfetamin saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, video görüntüləri əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 111-117) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X2 üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 1.150 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 25) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 80-81) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) “Şəxsin barəsində axtarış elan olunması haqqında” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyindən barəsində axtarış elan olunmuşdur. (i.v. 98) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 25 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. (i.v. 103) “Təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmişdir. “Sübutların qiymətləndirilməsinə dair” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* №-li material üzrə xx.xx.2019-cü ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət icraatına xitam verilmişdir. (i.v. 123) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(004)-378/2023 nömrəli qərarına əsasən X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 12 oktyabr 2023-cü il tarixdə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə saxlanılmışdır. AA4407376 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2007-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, X4 yuxarı ətrafların monoplegiyası “sağ bazu kələfinin doğuş travmasının səbəbli pleksiyası, sağ yan ətrafların monoplegiyası, körpücük sümüyünün sınığı, döz oynaqlarının kontrakturası, bazu kələfinin zədələnməsi, patoloji sınıqla müşayiət olunan idiopatik osteoporozu diaqnozu ilə sağlamlıq imkanları məhduddur. Tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qastroptoz, qastrit, pilorospazm, meteorizm, peribronxit və böyrək daşı xəstəlikləri diaqnozu qoyulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan sağlamlıq imkanları məhdud uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,100 qram çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 25 avqust 2023-cü il tarixdən hesablanmalı, 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 25 may 2023-cü il tarixdə tutulduğu bir gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə olan metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi, 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək, yəni 02 (iki) gün və 25 may 2023-cü il tarixdə tutulduğu 01 (bir) gün cəmi 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 25 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.100 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar