Məhkəmə qərarları › İş №1(004)-381/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-381/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-381/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası, Kalinino şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/massivi, 6-cı döngə, ev 375 A-da qeydiyyatda olan yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 06.07.2021-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri “Kubinka” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 20 manata alıb, üzərində daşımaqla saxlamış, 06 iyul 2021-ci il tarixdə gecə saat 02:00-da ünvan 1 ünvanda Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 26-cı PB-nə gətirilmiş və xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə mobil telefon kamerasının vasitəsilə videoçəkiliş edilərək, üzərində axtarış və götürülmə aparılan zaman, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəfaff polietilen bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üstündə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,251 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli kağız bükümdə isə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üstündə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış təmiz çəkisi 0,720 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 10 aya yaxındır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul etmiş, əsasən metamfetamini falqaya qoyub çəkməklə qəbul etmişdir. 06.07.2021-ci il tarixdə gecə saat 01 radələrində Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 20 manata 1 büküm heroin və 1 büküm də patı yəni metamfetamini öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni alıb Yasamal rayonu prospektlə hərəkət edən zaman bu zaman tanımadığı mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini çıxarıb təqdim etmişlər və Yasamal RPİnin 26-cı PB-ə getməyi xahiş etmişlər. Həmin vaxt heroin və metamfetamin əynindəki şalvarının sol yan cibində olan pul kisəsinin içində olmuş, polis əməkdaşları onun qollarından tutduğu üçün üzərində olan heroini və metamfetamini tullaya bilməmişdir. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-ə gəlmiş və şəxsiyyəti müəyyənləşdirilmiş, xidməti otaqların birində üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları üzərində qeyri-qanuni nə varsa çıxarıb təqdim etməyi demişlər, o da əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofana bükülü heroini və bir ədəd bükümdə metamfetamini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu maddənin nə olduğunu soruşduqda bu maddənin psixotrop maddə metamfetamin və heroin olduğunu, bunları Kubinka adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmiş, aşkar olunmuş metamfetamin və heroini isə ekspertizaya göndərmişlər. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 05 iyul 2021 -ci il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1 -ci Y/massivi 6-cı döngə ev 375 A-da qeydiyyatda olan və yaşayan xx.xx.1988-ci il təv. Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə 26-cı PB-yə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə o və 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və 05 iyul 2021-ci il tarixdə saat 16dan 06.07.2021-ci il gecə saat 02-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında güdmə həyata keçirilmişdir. 06.07.2021-ci il gecə saat 02:00-da ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirilməsi üçün 26-cı PB- yə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş olan bükümü təqdim edərək stolun üstünə qoymuş, həmin bükümün içərisində 1 büküm kakos yəni heroin və 1 büküm patı adlandırdığı metamfetamin olduğunu demiş, 06 iyul 2021-ci il tarixdə gecə saat 01 radələrində Nəsimi rayonu Kubinka adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə şalvarın sağ yan cibinə qoyduğunu, həmin narkotik vasitədən çoxdan istifadə etməsini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdəki kütlə - 1,251 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 bükümdəki kütlə isə 0,720 qram psixotrop maddə hesab edilən metamfetamindir. Bundan sonra müvafiq sənədləşmə aparıldıqdan sonra toplanmış material şəxslə birlikdə aidiyyəti üzrə Yasamal RPİ-nə göndərilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqəsində olan 06 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 iyul 2021ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2021-ci il tarixli, 6/2699 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,251 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(heroinin təmiz çəkisil, 251 qram, sərf edildi 0,1 qr, qalıq 1,151 qram) və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,720 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(metamfetaminin təmiz çəkisi 0,720 qr,sərf edildi 0,05 qr,qalıq 0,670 qr). Heroin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in,metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən «psixotrop maddələr»-inl siyahısına daxildir. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 82-88-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq qalmış 1,151 qram narkotik vasitə heroin və 0,670 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X2 ekspert komissiyasının 04 sentyabr 2021-ci il tarixli, 3260 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasım nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə əks edilmiş görüntülər 06 iyul 2021-ci il tarixdə saat 02:45-də qeydə alınır. Görüntü 7 dəqiqə 43 saniyədən ibarətdir. Süni işıqlandırma şəraitində otaq Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçi Ç.Qurbanov özünü təqdim etdikdən sonra ayaqüstə dayanmış qara rəngli geyimdə olan şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir, qarşı tərəfində masa arxasında əyləşmiş şəxs “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçidur, sonra otaqda olan ayaqüstə dayanmış 26-cı PB-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis kapitanı Şahid2 təqdim edir. Videoçəkilişin davamında təhqiqatçi Ç.Qurbanov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq sol əlini əynindəki qara rəngli şalvarın sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş olan bükümü təqdim etməsi müşahidə olunur. Təhqiqatçi tərəfindən bunun nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs paketdə metamfetamin və kokos olduğunu deyir. Paket açılır və 2 büküm olması müşahidə olunur. Hardan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 06 iyul 2021-ci il tarixdə saat 01 radələrində Kubinka adlanan yerdə öz şəxsi istifadəsi üçün almasını, həmin gün saat 02 rədlərində Yasamal rayonu A.Ağayev küçəsi 47 ünvanın qarşısında saxlanılmasını bildirmişdir. Sonra təhqiqatçi tərəfindən Osman Məmmədovun üzərinə baxış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Osman Məmmədovun təqdim etdiyi narkotik vasitələr görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, vəkil və polis əməkdaşları tərəfindən imzalanır. Həmçinin təhqiqatçi tərəfindən iştirakçıların hər hansı bir sualının olub-olmaması soruşulur, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs sual verib saxlanılarkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb- qalmaması, nə vaxtdan narkotik vasitə istifadə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs heç bir zor tətbiq edilmədiyini, 10-11 aydır ki narkotik vasitədən istifadə etməsini və əvvəllər məhkumluğunun olmamasını bildirmişdir. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadığından şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum edilməməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 iyul 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 04 sentyabr 2021-ci il tarixli, 3260 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,151 qram narkotik vasitə heroin və 0,670 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili N.A.Həmidovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili N.A.Həmidovaya məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,151 qram narkotik vasitə heroin və 0,670 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar