Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-381/2022 05.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X4 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X5 X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, o, X5 ilə bir necə il bundan əvvəl tanış olmuşdur. Yaxın münasibətdə olmuşlar. Onun münasibətlərində hər hansı bir neqativ hal olmamış, təhqir və təhdid kimi bir hal müşahidə edilməmişdir. 2019-cu ildə X5 ilə münasibətlərini onun həyat yoldaşı bildi və artıq X5 ilə münasibətlərinə son verməyi qərara aldı. Özünədə vəziyyəti izah etdi və heç təziq və ya qanunsuz hərəkətlər olmadan ağır da olsa qarşılıqlı razılıq əsasında münasibətlərinə son qoydular. Lakin bütün bunları o, belə fikirləşir və hər şeyin öz axarı ilə davam etdiyini fikirləşmişdir. X5 bir müddət sonra artıq bütün sərhədləri keçərək onunla olan şəkilləri vatsap statusunda paylaşmağa başladı. Bu azmış kimi ona və ailəsinə təsir etsin deyə münasibətlərinin davam etdiyini nümayiş edirmiş kimi göstərməklə onunla yoldaşı ilə çəkilmiş gizli video görüntülərini ailəmə göndərir və bu işdən həzz alırmış kimi ona mənəvi iztirablar vururdu. Çirkin əməllərdən azğınlaşmış artıq ailəsinə qarşı təhqirlər etməyə, böhtanlar atmağa və təhdidlər etməyə başladı. Video görüntülər paylaşmaqla şantaj etdi. Hərəkətlərinin davamlılığından hiss edilirdi ki, edilən hərəkətlər ciddi təhlükə yaradır və sırf olaraq onu və onun ailəsini nüfuzdan salmaq niyyəti ilə həyata keçirilmişdir. X5 bu hərəkətlərindən o, son dərəcə narahatçılıq və əsəb keçirdir. Düşünmüşdür ki, bu cür həyat tərzi sürən insanların qarşısını almaq lazımdır, onlar etdiyi hərəkətlərə görə məsuliyyət daşımalı və qanun qarşısında cavab verməlidirlər. Çünki, bu kimi şəxslər ətrafdakılara çox mənfi bir nümunədirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun şərəf və ləyaqətini alçaldan, şəxsi həyatına ziyan yetirən ailəsini və özünü təhqir etməyə çalışan X2 ciddi şəkildə cəzalanması və qanun qarşısında cavab verməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən “Təhqir” yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma, X3 hərəkətləri sırf Cinayət Məcəlləsinin bu maddəsi ilə müşahidə edilir və sosial şəbəkələrdə, ailəsi qarşısında, ailə yaxınlarının qarşısında onu təhqir edir. Bundan başqa ona böhtanlar atmaq çəhdindən belə qalmayaraq yalanlar səsləndirir və montaj olunmuş şəkil və yazılarla öz çirkin əməllərini nümayiş etdirir. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 8-də qeydiyatda olan, Yeni Yasamal, D.Bünvatzadə küçəsi, "xxxx" MTK-2, mənzil 1743-də yaşayan X6 adlı şəxsi onu təhqir etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 bildirdi ki, şikayət tam əsassızdır, həmçinin şikayət vermiş şəxs artıq bir neçə dəfədir ki təkrarən məhkəmə iclasına gəlmir. Ona görə də şikayətin icraata qəbul edilməsində imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin icraata qəbul edilməsini və X2 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərə təyin edilsə də, bu barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs rəsmi qaydada məlumatlandırılsa da, məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. Bununla da şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-nin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Beləliklə, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan, xüsusi ittihamçının məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulduğundan, həmçinin hazırkı halda CPM-nin 302.1.8-ci maddəsinə əsasən isə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda qeyd edilənlərə əsasən hazırlıq iclasının nəticələri üzrə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-381/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-381/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver