Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-381/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə Abşeron Rayon Məhkəməsindən daxil olmuş materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Həmin xüsusi ittiham qaydasında şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-530/2023 saylı qərarı ilə həmin xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Abşeron Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, təhqir və böhtan hesab edilən məlumatlar “facebook” və “YouTube” sosial şəbəkəsində yayımlanmışdır. Qərarda xüsusi ittiham qaydasında şikayətlin Yasamal Rayon Məhkəməsinə göndərilməsi səbəbi kimi yalnız o göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 redaktoru olduğu “konkret.az” saytının redaksiyası Bakı şəhəri, Mətbuat prospekti, 529 ünvanında yerləşən “Azərbaycan Nəşriyyatı” binasının 3-cü mərtəbə yerləşir və şikayət ərizəsində qeyd edilən məlumatlar məhz saytın redaksiyasında hazırlanmışdır. İşin ərazi aidiyyəti müəyyən edilməsi ilə əlaqədar yaranmış fikir ayrılığı aşabıdakılardan ibarətdir. 1) Qərardan da görünür ki, məhkəmə hesab edib ki, təhqir və böhtan hesab edilən məlumatların “konkret.az” saytının redaksiyasında hazırlanması əsas gətirilərək və həmin saytın faktiki yerləşdiyi ünvan Yasamal Rayonu ərazisi hesab edilərək, iş aidiyyəti üzrə göndərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, aidiyyət müəyyən edilərkən, məlumatın harada hazırlanması yox, harada yayılması əhəmiyyət kəsb edir. Şəxs məlumatı evində də, ofisində də, parkda istirahət edə edə də, ümumi nəqliyyat vasitələrində yol gedərək də və ya digər formada da hazırlaya bilər. Aidiyyəti müəyyən edilməsində həmin məlumatın harada hazırlanması yox, həmin məlumatın harada yayımlanması əhəmiyyət kəsb edir. Belə olduğu təqdirdə həmçinin nəzərə alınmalıdır ki, şikayətin mətnində ümumiyyətlə “konkret.az” söz birləşməsi istifadə edilməmişdir. 2) Şikayətin mətnində göstərilib ki, həmin məlumatlar “facebook” və “YouTube” sosial şəbəkəsində yayımlanmışdır və məhz həmin məlumatlara görə hazırkı şikayət verilmişdir. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin sosial şəbəkənin hüquqi ünvanı və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin qeydiyyat üzrə yaşayış ünvanıdır. Sosial şəbəkənin hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Belə olduğu təqdirdə “facebook” və “YouTube” sosial şəbəkələrinin hüquqi ünvanı xaricdə yerləşir, Azərbaycan Respublikası ərazisində yerləşmir. Ona görə də hazırkı şikayətə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarına əsasən X2 yaşayış və qeydiyyat ünvanı Abşeron Rayonu Saray X4, ev 14 ünvanıdır. Oxşar münasibət üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. 3) Bundan əlavə yuxarıda qeyd edildiyi kimi “konkret.az” internet saytının nə hüquqi ünvanı, nə də faktiki ünvanı hazırkı iş üzrə aidiyyətin müəyyən edilməsində heç bir əhəmiyyət kəsb etmir. Bununla belə hər bir halda qeyd edilməlidir ki, əgər məlumatın internet saytında yayımlanması halında, ərazi aidiyyəti müəyyən edilərsə, bu zaman internet saytının faktiki yerləşdiyi ofis, bina deyil, həmin internet saytının qeydiyyatdan keçərkən göstərdiyi hüquqi ünvan əhəmiyyət kəsb edir. Yasamal Rayon Məhkəməsinə daxil olmuş xüsusi ittiham qaydasında şikayət materialları nəzərdən keçirərkən müəyyən edilir ki, ümumiyyətlə “konkret.az” adlı internet saytının hüquqi ünvanının Yasamal rayonu ərazisində olmasına dair iş materiallarında heç bir mötəbər sənəd mövcud deyildir, ümumiyyətlə həmin internet saytının ünvanı müəyyən edilməmişdir, ünvanının müəyyən edilməsinə dair digər hər hansı bir tədbir görülməmişdir. Qərarda yalnız iş materiallarında olan “konkret.az”nin internet saytından verilmiş arayışda onun ünvanının Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan Nəşriyyatı” 3-cü mərtəbə olması göstərilməsi əsası ilə hesab edilmişdir ki, işin ərazi aidiyyəti Yasamal Rayon Məhkəməsidir. Bununla bağlı qeyd edilməlidir ki, internet saytından çıxarılmış çıxarışda ünvan kimi göstərilən Bakı şəhəri Mətbuat prospekti, 529-cu məhəllə, “konkret.az” 3-cü mərtəbə, həmin “konkret.az”ın hüquqi ünvanı kimi deyil, əlaqə ünvanı, saytın yerləşdiyi ünvan kimi göstərilib. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Qərardan belə məlum olur ki, həmin “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” kimi göstərilmiş ünvan “konkret.az” internet saytının “hüquqi ünvan”ı kimi qəbul edilərək, iş ərazi aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmişdir. Lakin həmin əsaslandırmaya Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarındakı “hüquqi ünvan” anlayışı baxımından razılaşıla bilinməz. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Lakin Abşeron Rayon Məhkəməsinin qərarında bu bənd Plenum qərarında olduğu kimi tətbiq edilməyib, kütləvi informasiya vasitəsinin hüquqi ünvanı əsas götürülməmişdir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayət hansı məhkəməyə daxil olmuşdursa, həmin məhkəmə ərazi aidiyyətini müəyyən etməlidir, bununla əlaqədar araşdırma aparmalıdır. Lakin hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsinə dair hər hansı bir araşdırma aparmadan, hüquqi ünvan müəyyən edilmədən iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bununla belə tərəfimdən “konkret.az” internet saytının hüquqi ünvanını müəyyən etmək üçün internetdə bunun üçün müəyyən edilmiş imkanlardan istifadə edərək müəyyən edildi ki, Azərbaycan ərazisində internet saytlarının qeydiyyatı barədə məlumatları “whois.az” saytından əldə etmək olar. Lakin həmin saytda “konkret.az” saytının hüquqi ünvanı barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Belə olduğu təqdirdə də yenə də Ali Məhkəmə Plenumunun qərarında qeyd edildiyi kimi - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Abşeron Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-381/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-381/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver