Məhkəmə qərarları › İş №1(004)-382/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-382/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-382/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs xx.xx.1969-cu ildə Göyçay rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan Nəriman adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən “Palmera” restoranının qapısının açıq olmasından və içəridə heç kimin olmamasından istifadə edərək restorana daxil olaraq həyətində olan bir ədəd 50 litr tutumlu misdən hazırlanmış dəyəri 1800 manat olan samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, hal-hazırda göstərdiyi ünvanda qeydiyyatdadır, lakin Bakı şəhəri, Binəqədi rayonu, “Vorovski” adlanan ərazidə nömrəsiz evdə kirayə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 180.1, 206.2, 234.1, 234.4.3-cü maddələri ilə məhkum olunmuşdur. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir və heç bir yerdə işləmədiyi üçün oğurluq edir və oğurladığı əşyaları sataraq narkotik vasitə əldə edir. 27 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində tanışı Nəriman adlı şəxslə Yasamal rayonu, M.Xiyabani küçəsində görüşmək üçün gedərkən M.Xiyabani 117 ünvanında yerləşən “Palmera” restoranın giriş qapısının açıq olduğunu,içəridə heç kimin olmadığını görmüş və içəridə olan samovarı oğurlamaq qərarına gəlmişdir. Lakin samovarın ölçüsünün böyük olduğunu nəzərə alaraq oğurluğu Nərimanla birlikdə etmək qərarına gəlmişdir. Daha sonra M.Xiyabani küçəsində yerləşən “Ətçilər” adlanan ərazidə Nərimanla görüşmüş və oğurluq barəsində Nərimana bildirmişdir. Daha sonra Nəriman razılığa gəldikdən sonra o, Nərimanla birlikdə taksi fəaliyyəti ilə məşğul olan “Lada Priora” markalı avtomobilə əl edərək saxlatmış və onları M.Xiyabani 117 ünvanına aparmasını istəmişlər. Əvvəlcə həmin taksi kimi fəaliyyət göstərən avtomobillə M.Xiyabani 117 ünvanında yerləşən “Palmera” restoranına gəlmiş və taksidən düşərək onları gözləməsini xahiş etmişdir. Daha sonra o, Nərimanla birlikdə taksidən düşərək restoranın qapısının açıq olmasından, içəridə heç kimin olmamasından istifadə edərək restorana daxil olmuş və restoranın içərisdə olan samovarı oğurlayaraq tez restorandan çıxmışlar. Daha sonra “Lada priora” markalı avtomobilə minərək oğurladıqları samovarı satmaq məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsinə gedərək orada olan metal qəbulu yerinə yaxınlaşmış və oğurladıqları samovarı 140 manat qarşılığında həmin məntəqəni işlədən Elvin adlı şəxsə satmış və əldə etdikləri qazancı Nərimanla birlikdə xərcləmişlər. Əlavə olaraq Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, və Nəriman Abşeron rayonu Masazır qəsəbəsinə gedərək orada olan metal qəbulu yerinə yaxınlaşmış və oğurladıqları samovarı 140 manat qarşılığında həmin məntəqəni işlədən Elvin adlı şəxsə satmış və əldə etdikləri qazancın 70 manatını Nəriman, 70 manatını isə o götürmüşdür. Nərimanın Göyçay rayonunda yaşadığını bilir, digər anket məlumatları barəsində məlumatı yoxdur. O və Nəriman oğurluq edərkən restoranda heç kim olmamış və onları heç kim görməmişdir. Özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır. Bildirmək istəyir ki, təxminən 1 ildir ki Yasamal rayonu, M.Xiyabani 117 ünvanında yerləşən “Palmera” restoranını işlədir. 27 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində restoranda işləyən ofisiant ona yaxınlaşaraq həyətdə manqalın yanında saxladığı misdən, tutumu 50 litr olan qədimi samovarın oğurlandığını bildirdi. O, dərhal mühafizə otağına yaxınlaşmış və kamera görüntülərinə baxdıqda iki nəfər biri arıq, orta boylu ,saçı olmayan digəri orta boylu,başında papaq olan iki nəfər şəxsin restorana daxil olaraq başında papaq olan şəxsin manqalın yanında sönülü vəziyətdə olan qədimi samovarı götürərək restorandan çıxdıqlarını və Lada priora markalı avtomobilə əyləşərək oradan uzaqlaşdığını aşkar etmiş və bu barədə dərhal Yasamal RPİ-nin 29-cu PŞ-nə məlumat vermişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs qeyd etmişdir ki, baş vermiş oğurluq zamanı ona 1800 manat ziyan dəymişdir. Oğurlanmış samovar qədimi, 50 litr tutumlu, qızılı rəngli samovar olub. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 08 iyun 2023-cü il tarixli, 9/3569 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd 50 litr həcmli, misdən hazırlanmış samovarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2022-ci ilin oktyabr ayına olan tarixə orta bazar qiyməti nəzəri qaydada təxminən 1800,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən S.C.X5 Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, cəzasının əvvəli xx.xx.2014-cü ildən hesablanmışdır. Abşeron Rayon Məhhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 03 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Belə olduğu təqdirdə CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bununla da hazırkı cinayəti, əvvəlki hökmlə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə, yəni şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının çəkilməmiş müddətində törətdiyi üçün və hazırkı cinayət qəsdən törədilən az ağır cinayət hesab edildiyi üçün CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İttiham aktına əlavə edilmiş arayışda maddi sübut kimi tanınmış, cinayət hadisəsini əks etdirən videogörüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə ediliyi göstərilsə də, cinayət işində belə bir maddi sübut olmamışdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasının Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 20 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Həmin çəkilməmiş qalan cəza hazırkı hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 il 10 ay (iki il on ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar