Məhkəmə qərarları › İş №1(004)-382/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-382/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-382/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 1(004)-25/2024 nömrəli iş üzrə xx.xx.2024-cı il tarixdə hakim Rauf Daşdpmirovun sədrliyi ilə keçirilən prosesdə şikayətçi X5 və işçilərinin şərəf və ləyaqətini təhqir edən (“şərəfsizlər”, “usta dəstəsi şərəfsizdir” və s.) nalayiq ifadələr, böhtan xarakterli əsassız “narkoman” ittihamı, işgüzar nüfuzunu ləkələyən “300 000 AZN ziyan” və “layihədən kənar iş” iftiraları səsləndirmişdir. X4 iş 1(004)-522/2024 üzrə xx.xx.2024-cü il tarixdə Yasamal rayon məhkəməsinə şikayət etmiş, ilk iclasda barışıqa səbəb cavabdeh tərəfin xüsusi itihamla verdiyi şikayəti və üzərinə məhkəmə qərarı ilə qoyulmuş pulun istəmədiyini bildirərək söz verdiyini X9 oglu ilə aralarında şifahi barışıq (bir birlərinə qarşı şikayətləri geri götürmək) müqavilə yaranaraq iddiaçı şikayəti geri götürülmüşdür. X10 Adil oglu tərəfində şifahi verdiyi söz hər iki tərəfin barışığı və kəsilmiş məhkəmə qərarı ilə cərimənin ödənməsi məsələnin həlli aylarca tapmadığından yenidən şikayət öz qüvvəsi ilə məhkəməyə çıxarılma qərarına gəlmişdir. O, İlham Quliyevi və onunla çalışan briqadasını yalandan vədlər verməsi X11 oglu tərəfindən bilərəkli düşüncəli olaraq məqsədyönlü aldatmağı göz qabağındadır. Hakim Daşdəmirov və cavabdehin vəkili onun bu sözlərinə etiraz etsələr də, cavabdeh ifadələrini davam etdirmişdir. 1 (004)-25/2024 nömrəli iş üzrə xx.xx.2024-cı il tarixdə hadisə vido-audio görüntülərlə qeydiyyata alınıb Yasamal Məhkəməsində. X1 Quliyevə börcünü və söyüşlə bağlı şikayəti 15 gün içində ödəyəcəyinə və barışıq ərizəsi ilə məhkəməyə müraciət edəcəyinə bu səbəbədən də məhkəmədə barışığa səbəb olmasına baxmayaraq söz versə də, sözünü yerinə yetirməmişdir. Məhkəmə prosesində barışıq protokolu və ya ərizəsi şifahi formada olsa da, hakim bu barışığın protokol vasitəsilə sənədləşdirilməsini tövsiyə edə bilər. Əgər tərəflərdən biri bu barışığa əsasən konkret maliyyə və ya davranış öhdəliyini üzərinə götürürsə 15 günə borcun ödənilməsi, təhqirə görə tərəfindən verilən şikayəti geri götürülməsi, lakin sonradan bu öhdəliyi pozursa - bu artıq niyyətin saxtalaşdırılması və prosessual hüquqların sui-istifadəsi hesab edilə bilər. X3 barışıq vədi ilə ərizənin geri götürülməsinə nail olub, sonra isə heç bir öhdəliyə əməl etməməsi məqsədli aldadıcı davranış kimi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh X3 təhqir və böhtan xarakterli ifadələri ilə X2 və işçilərinin şərəf və ləyaqətini alçaltması, barışıq məqsədilə verdiyi vədlərə qəsdən əməl etməməsi və prosessual hüquqlardan sui-istifadə etməsi nəticəsində yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əsaslandırılmış hüquqi və faktiki halları nəzərə alaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsindən aşağıdakıların təmin olunmasını xahiş edir: X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında cinayət işinə baxılaraq cinayət məsuliyyətinə cəlb olunması xx.xx.2024-cü il tarixində 1 (004)-25/2024 saylı iş üzrə keçirilmiş məhkəmə iclasının audio-video yazısının əldə edilməsi üçün sorğu verilməsi və həmin materialların bu iş üzrə sübut kimi qəbul olunaraq məhkəmə materiallarına əlavə olunması, cavabdeh X3 barışıqla bağlı məhkəmədə verdiyi vədlərə əməl etməməsi və prosessual hüquqları sui-istifadə etməsi faktlarına hüquqi qiymət verilməsi, hakimdən həmin iclasın audio-video yazısının protokola əlavə olunmasını prorab İlham Quliyev hakim Rauf Daşdəmirovdan tələb etsə də, yazıların işə daxil edilə bilməyəcəyini bildirmiş, məsləhət olaraq xüsusi ittiham qaydasında şikayət verməyə yönləndirmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 1(004)-25/2024 saylı iş üzrə keçirilmiş iclasın audio və video yazısının əldə olunması üçün sorğunun verilməsini və həmin materialların bu işə əlavə olunmasını X6 barəsində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri üzrə Xüsusi İttiham Qaydasında cinayət işinin açılmasını, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə 1(004)-25/2024 saylı məhkəmə işində xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının audio-video yazılarının məhkəmə materiallarına əlavə olunmasını, cinayət işi üzrə ədalətli araşdırma aparılmasını və mühakimə hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)- 522/2024 saylı qərarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmədə müvafiq olaraq dövlət ittihamçısının və ya xüsusi ittihamçının şəxsə qarşı cinayət təqibindən könüllü imtina etməsi eyni əməlin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir (yeni açılmış hallardan başqa). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 17-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1 dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2 bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.2-ci maddəsinə əsasən Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.6 şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Bundan əlavə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəməyə müraciət ünvalayaraq tərəflə barışıq ərizəsini əsas tutaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar