Məhkəmə qərarları › İş №1(004)-384/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-384/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-384/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 17 iyul 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Yasamal rayonu “Yasamal Bazarı” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,807 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış və 17 iyul 2021-ci il tarixdə saat 12:15-da ünvan 2 ünvanın yaxınlığında Bakı şəhəri Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin İnzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə 0,807 qram ağ rəngli, krisatlşəkilli kütlə kustar üsulla hazırlanmış həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 iyul 2021-ci il tarixdə saat 08:30 radələrində Yasamal rayonu “Yasamal bazarı” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata psixotrop maddə olan “metamfetamin” alıb istifadə etmək üçün özündə saxlamışdır. Həmin gün saat 12:15 radələrində qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı ünvan 4 ünvanda olan evin qarşısında söhbət edərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onun narkotik vasitələrin istifadəsində şübhəli olmasını bildirərək Yasamal RPİ-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən onlarla birlikdə Yasamal RPİ-nə gəlmişdir. Orada onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona üzərində daşınması qanunsuz olan əşyaları təqdim etməyini təklif etmişlər. O, da qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü bağlamada olan bükümü könüllü olaraq təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu onlara bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş metamfetamini haradan aldığını soruşduqda, o, öz istifadəsi üçün Yasamal bazarının yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Polis əməkdaşları ona məxsus metamfetamini zərfə qoyub qablaşdırmışlar. Son olaraq əməlindən səmimi peşman olduğunu, himəyəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hafiz oğlu ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin X3 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Həmin məlumata əsasən Yasamal RPİ-nin X2 baş əməliyyat müvəkkili Şahid2 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, 17 iyul 2021-ci il tarixdə saat 12:15-də ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin başqa bir şəxslə söhbət etdiyini görüb onlara yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslərin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, onlar xx.xx.1984-cü il təvəllüdlü, ünvan 6 ünvanda yaşayan Quliyev Ziya Tahir oğlu və qardaşı xx.xx.1984-cü il təvəllüdlü, ünvan 6 ünvanda yaşayan Şahid3 oğludur. Bundan sonra hər iki şəxsə üzərində narkotik vasitənin olmasına əsaslı şəkildə şübhələr yarandığından onıara polis bölməsinə getmək təklif olunmuş və onlar buna etiraz etmədikləri üçün onları xidməti avtomobilə əyləşdirərək özləri ilə Yasamal RPİ-nə aparıb təhqiqatçıya təhvil vermişlər. Orada polis əməkdaşının, Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Ziya əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli bükülünü könüllü təqdim edərək masanın üzərinə qoymuş və həmin bükülüdə psixatrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Ziya həmin pxisiotrop vasitə olan metamfetamini “Yasamal Bazarı” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 20 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 da şahid qismində dindirilmiş Şahid1 Hafiz oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadəsində bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 50-52-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 1 ilə yaxın müddətdir ki, narkotik vasitə qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə isə 17 iyul 2021-ci il tarixdə saat 09:30 radələrində yaşadığı evdən çıxaraq Yasamal bazarı adlanan əraziyə getmişdir. Həmin tarixdə saat 10 radələrində həmin ünvana çatdıqdan sonra orada üzdən tanıdığı, narkotik maddələrin satışı ilə məşğul olduğunu bildiyi, heç bir anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində psixotrop maddə olan metamfetamin almışdır. O, həmin şəxsə bir ədəd 20 manatlıq əskinas verdikdən sonra qeyd etdiyi həmin şəxs bir ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini ona veribdir. O da bundan sonra həmin bükümü götürdükdən sonra uzaqlaşmışdır və həmin bükümü əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin şəxsin yanından uzaqlaşaraq yaşadığı Bakı şəhəri Yasamal rayonu X.Q.Mustafayev küçəsi 74 ünvanına getmişdir. Saat 12:15 radələrində orada qardaşı Şahid3 ilə yaşadığı evin qarşısında söhbət edərkən 2 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək onları Yasamal RPİ-nin İnzibati binasına dəvət etmişlər. Yasamal RPİnin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmiş və orada ayrı-ayrı otaqlarda əyləşmişlər. ilkin əvvəl qardaşı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini bildirmişdir. Daha sonra isə təhqiqatçi tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə saat 14:00-da təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyriqanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü bağlamada olan bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmişdir və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin pisoxtop maddəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində psixotrop maddə olan metamfetamin olan gümüşü bağlamada olan büküm isə zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülübdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməyibdir. Törətdiyi cinayət əməlindən peşmandır. Qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini və sonuncunun üzərində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Qardaşının Yasamal Bazarı adlanan ərazidən psixatrop maddəni kimdən almasından məlumatı olmadığını, onlar yaşadıqları evin qabağında söhbət edərkən polis əməkdaşları onları şübhəli olduqları üçün Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər və şəxsi axtarış zamanı onun üzərindən həmin psixatrop maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində gümüşü bükümdə olan bağlamada metamfetaminə bənzər maddəni təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə hesab edilən metamfetamin olduğunu, həmin vasitəni qeyd edilən tarixdə saat təxminən 09 radələrində Yasamal rayonu ərazisində yerləşən “Yasamal Bazarı” adlanan əraziyə gedib, oradan üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (i.v. 29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 iyul 2021-ci il tarixli 6/2948 saylı rəyindən görünür ki, , tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərfləp üçün №42» möhür əksi»..“Şübhəli şəxs Təqsirləndirilən şəxs” əl yazıları, imzaları olan zərfdəki 0,807 qram ağ rəngli, kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (i.v. 36-41) “Diskə baxış keçirilməsi barədə” 20 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli bükülünü təqdim edərək masanın üzərin qoyur. Təhqiqatçı həmin bükümdə nə olduğunu soruşduqda şübhəli şəxs narkotik vasitə olan metamfetamin olduğunu, həmin narkotik vasitəni Yasmala Bazarı adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış zamanı ağ rəngli kristalşəkilli maddələr aşkar edilir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılır, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli bükülüdəki kütlə kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılır və AR DİN-in 42 saylı möhürü ilə möhürlənir. Qablaşdırılmış zərflər Təqsirləndirilən şəxs, Müdafiəçi, polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. (i.v. 81-82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 nəticələrinə dair 25.08.2021-ci il tarixli 3063 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 100-101) “Sübutların qiymətləndirilməsinə dair” 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid qismində Şahid3, Şahid2 oğlunun və Şahid1 Hafiz oğlunun ifadələri, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18 iyul 2021-ci il tarixli 6/2948 saylı Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi 25.08.2021-ci il tarixli 3063 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0.807 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.757 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmalı, təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə birlikdə həmin maddi sübutla tanış olduqdan sonra maddi sübut saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. İş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 110-119) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metafetaminin təmiz çəkisi 0.807 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.07.2021-ci il tarixli 4(004)-375/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 76-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 06 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 93-94) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 18.04.2013-cü il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.757 qram çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 17 iyul 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.757 qram olan psixotorp maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109 manat 90 qəpik (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 26 saylı Vəkil Bürosunun Azərbaycan X11 filialı, Bankın kodu 805142, VÖEN ********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/h AZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar