Məhkəmə qərarları › İş №1(004)-385/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-385/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-385/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X2 və onun vəkili Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 36 Saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 2019-cu ildə oğluna məxsus olan evin yanında başqa şəxsə məxsus olan boş ərazidə yaşayış evi tikərək ailə üzvüləri ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Həmin vaxtdan da Nüybarı qonşu kimi tanımışdırlar. Nüybarın tikdiyi yaşayış evi oğlunun yaşadığı evin həyətyanı sahəsinin səkisinin yanında yerləşir. Belə ki, Nüybar tikdiyi evin ətrafında olan boş sahələrini zəbt edərək həyətyanı sahəsini böyütmək istədiyi üçün aralarında mübahisə yaranmışdır. Nüybar qanunsuz olaraq həmin sahəni zəbt etdiyi halda oğlunun qanuni əsasla yəni çıxarışla əldə etdiyi evə müdaxilə edildiyi üçün əsassız olaraq onlardan müxtəlif təşkilarlara, o cümlədən oğlunun işlədiyi orqana, müvafiq prokurorluğa böhtan xarakterli şikayət ərizələri yazmış və bu barədə araşdırma aparılaraq qərarla cinayət işinin başlanması rədd edilmişdir. X7 özbaşına tikintilər apararaq bizim gediş-gəliş yolunu bağlayıb. Hər dəfə də bununla bağlı irad bildirərkən, Nüybar Həsənova oğlunun əlil olduğunu bildirərək, onlara onsuzda hər yerdə güzəşt olduğunu bildirmişdir, lakin müəyyən edilmişdir ki, onun oğlu əlil deyil. Onlara qarşı şər və böhtan xarakterli sözlər demişdir. O da qanuni əsaslarla lazımi orqanlara bildirmişəm. X1 şər və böhtanından qorxaraq aiddiyyət orqanlar müdaxilə edə bilmirlər. Bu barədə “Space” TV çəkiliş aparmış, həmin çəkiliş zamanı da X7 onlara qarşı ən ağır fadələr işlətmiş, hətta jurnalist də etika qaydalarına uyğun olaraq həmin ifadələri efirə ermək mümkün olmamasını bildirmişdir. Həmin televiziya çıxışında da Nüybar onun evdə narkotik vasitə satdığımı, oğlanlarını bunu hesabına böyütdüyünü, bunu bütün Lökbatan camaatının bildiriyini deyərək böhtan atır. O, uzun müddətdir ki, Qaradağ rayon sakinidir və müəyyən nüfuzu vardır. Həsənova Nüybarın ona qarşı güya narkotik vasitə satdığına dair ifadəsi və bunu bütün televiziya verlişində bəyan etməsi onun qonşular və qohumlar arasında nüfuzuna xələl gətirmiş, yaxın adamlarının arasında hörmətdən salmışdır. Onun bu yaşında barəsində deyilmiş həmin sözlər ona qarşı edilmiş şər və böhtandır. O, öz əməlləri ilə onu və ailəsini təhqir etməklə şərəf və ləyaqətini alçatmışdır. Onun ailəsinə qarşı şər və böhtan atması onu cəmiyyət içərisində nüfuzdan salmağa, şərəf və ləyaqətini alçatmağa çalışmışdır. Onun barəsində işlədilən ifadələr böhtandır və bütün bunlar onun şərəf və ləyaqətini alçatmaq məqsədi daşıyır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X2 vəkili Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 və onun müdafiəçisi Bakı şəhəri 36 Saylı Vəkil Bürosunun vəkili X8, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayət Ali Məhkəmənin plenum qərarı ilə uyğunsuzluq təşkil etdiyinə görə icraata götürülə bilməz. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs N.Həsənova ona verilmiş suala cavab olaraq bildirmişdir ki, məhkəmə iclasında nümayiş etdirilən “Space” TV” də baş tutan verlişin onun barəsində verdikləri səs yazısının məhs həmin verlişdə səsləndirilmənə dair onun tərəfindən icazə verməmişdir, onunla telefonla danışan müxbir belə bir hərəkət edəcəyini yəni onun səs yazısını canlı efirdə səsləndirəcəyini deməmişdir, xəbərdar etməmişdir, ümümiyyətlə onun səsinin yazılmasından xəbəri olmamışıdr. Digər tərəfdən xüsusi ittihamçı olan qonsu barədə özü tərəfindən dəfələrlə şikayət etdiyindən o hesab etmişdir ki, müxbir onu məhs həmin məsələ öz şikayəti ilə əlaqədar sorğu sual edir, həmin müsahibə tam deyildir, digər hissələr oradan kəsilərək çixarılıbdır, əslində isə həmin səs yazısındakı fikirləri o xüsusi ittihamçı ilə aralarında olmuş sözlü mübahisəni şərh edərkən yəni Bəxtiyar Musayevin ona dediyi sözlərin qarşılığında cavab olaraq bildirmişdir. Onuna telefonla danışan müxbir isə digər hissələri kəsib çıxararaq yalnız həmin hissələri saxlamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, əvvəla, şikayətçi X6 tərəfindən məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsində həm özünün həm də barəsində şikayət verdiyi şəxsin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi bildirilməmiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, məlum olduğu kimi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti - obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Göründüyü kimi yuxarıda qeyd olunan cinayət obyektiv cəhətinin mühüm əlamətlərindən biri maddənin dispozisiyasında təsvir olunan qanunazidd əməllərin konkret şəxs tərəfindən belə məlumatların yayılmasında ifadə olunur. Şəxsin özü tərəfindən bu məlumatlar yayılmadıqda və yaxud da onun iradəsindən kənar, ondan xəbərsiz yayıldıqda Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin tərkibinin obyektiv cəhətdən mövcud olmasından söhbət gedə bilməz. Cinayətin obyektiv cəhətinin mövcud olmaması faktı isə cinayətin mövcudluğunu istisna edir. Şikayətə və ona əlavə edilmiş sənədlərdən, əlavə olunmuş DVD-diskdə olan görüntüdən X3 “Space” TV” də baş tutan verlişdə səsləndirilmiş səs yazısının harda, nə vaxt, kim tərəfindən yazıldığı məlum deyildir, həmçinin telefonla aparılan danışığın (səsin) yazılmasının aparıldığının qarşı tərəfə bildirilməsi və onun gələcəkdə kütləvi informasiya vasitəsində səsləndiriləcəyi ilə bağlı onun məlumatlandırılması, qeydiyyata alınan səs yazısının gələcəkdə N.Həsəbovanın rəsmi mövqeyi kimi televiziya verlişində səsləndiriləcəyi ilə bağlı ondan razılıq alınması, ümumiyyətlə N.Həsənovanın ona məxsus səs yazısının sözügedən verlişdə səsləndirilməsində iradə ifadəsinin olmasını müəyyən etməm mümkün deyildir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bunun əksini təsdiq edəcək sübutlar məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilməməklə bərabər, şikayət ərizəsində şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks etdirilməmişdir. Belə olan halda X2 xüsusi ittihamçı qismində X5 qarşı cinayət təqibinə başlamaq hüququ da əmələ gəlmiş hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və “şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə ”məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin məqaləsinin fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir. Eyni zamada qeyd edilməlidir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində daha bir xətaya yol vermişdir. Belə ki, şikayət vermiş şəxs tərəfindən X3 barəsində hansı cəza növünün tətbiq edilməli olduğu qeyd edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 36 Saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 X7 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 36 Saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar