Məhkəmə qərarları › İş №1(004)-386/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-386/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-386/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 13 mart 2025-ci il tarixdə, səhər saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,788 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 13 mart 2025-ci il tarixdə saat 22:55-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq, 29-cu PŞ-nə dəvət edilmiş və PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,788 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğu üçün psixotrop maddə metamfetamin istifadə edirdi. Heç kim onu narkotik vasitə istifadə etməyə məcbur etmirdi. 2025-ci ilin mart ayının 13-də saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisindəki "Şamaxinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 30 manata bir ədəd ağ rəngli kristall şəkilli bükülmüş psixotrop maddə metamfetamin almışdır. Qeyd etdiyi psixotrop maddə metamfetamin şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 22:55-da ünvan 4 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. Yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, üzərində saxladığı, içərisində narkotik vasitə olan 01 ədəd bükümü özündən kənara atmaq imkan tapa bilməmişdir. Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin inzibati binasında xidməti otaqlardan birində onun hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmişdir. O, həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmişdir. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmişdilər. O, artıq ifşa olunduğunu başa düşərək, əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 13 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidə, piyadalar üçün nəzərdə tutulan səkidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmışdır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi içərisində psixotrop maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və onun tərəfındən imzalanmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş və iştirakçılar və onun tərəfındən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkili vəzifəsində xidmət edir. 29-cu PŞnin CA üzrə əməliyyat müvəkili Şahid1 ilə birgə xx.xx.2025-ci il tarixdə saat 22:55 radələrinədə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq, ona özləri ilə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına getməsi təklif olunaraq PŞ-yə dəvət etmişdilər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Nail əynindəki boz rəngli cins şalvarın sol yan cibindən içərisində ağ rəngli kristall şəkilli maddə olan 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Nail həmin bükülünün içərisində psixotrop maddə metamfetamin və onu Bakı şəhəri Yasamal rayonu ərazisindəki "Şamaxinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin əşyalar zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən həmçinin, polis şöbəsinə gətirilən zaman, eləcə də, üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir formada müqavimət və zorakılıq hallarına yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən içərisində ağ rəngli kristall şəkilli maddə olan 01 ədəd sellofan bükümü çıxardıb təqdim etdi. Həmin bükümə baxan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edildi. O, həmin maddənin metafetamin kimi tanıdığı psixotrop maddə olduğunu, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə səhər saat 10 radələrində Yasamal rayonu, "Şamaxinka" adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v. 29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 14 mart 2025-ci il tarixli 6/1102 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün No169" dairəvi möhür əksi, "şübhəli şəxs (imza) N.Abbasov" yazısı ve imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,788 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azerbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınin ərazisində, dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 40-41) “Diskə baxış keçirilməsi barədə” 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı müəyyən olmuşdur ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən içərisində ağ rəngli kristall şəkilli maddə olan 1 ədəd sellofana bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir və həmin bükümün içərisində psixotrop maddə metafetamin olmasını, həmin narkotik maddəni saxlanılmazdan əvvəl, yəni 13 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə, piyadalar üçün nəzərdə tutulan səkidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə olan metafetaminə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb 169 saylı möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. (i.v. 78) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair 14 mart 2025-ci il tarixli 1570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 79-80) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,788 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0,735 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, bir ədəd DVD-R formatlı disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (i.v. 86-90) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.788 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun psixotrop maddələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:55-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 19) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 66- 67) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 11 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 84) Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.735 qram qalıq çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 13 mart 2025ci il tarixdən 15 mart 2025-ci il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.735 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar