Məhkəmə qərarları › İş №1(004)-387/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-387/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-387/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X4 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 25.10.2018-ci il tarixdən başlayaraq 31.01.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat alimentin və uşağın saxlanılması üçün əlavə olaraq hər ay 50 manat məbləğində pulun alınaraq X1 verilməsinə və 30 manat dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Suraxanı rayon Məhkəməsinn 07.05.2019-cu il tarixli, 2(010)- 531/2019 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Yasamal Rayon Məhkəməsinin 13.11.2020-cı il tarixli, 3(004)-3772/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 23.11.2020-cı il və 15.03.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 27.04.2021-ci il tarixədək 5712,00 manat borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmşdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2017-ci ilin mart ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahları 18.10.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 31.01.2018-ci il tarixdə oğlu Dadaşov Uğur anadan olmuşdur. O, bundan əvvəl evli olmuş və həmin nikahdan 06.12.2015-ci il tarixdə Nicat adlı oğlu olmuş, bununla bağlı ona qarşı aliment tələbi olmasa da, uşağa imkanı daxilində maddi yardım etmişdir. Bu səbəbdən arvadı Xeyransa və qayınatası ilə münasibətləri pozulmuş, Xeyransa uşağı götürərək atası evinə getmişdir. Bundan sonra Xeyransa nikahın pozulması və alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli, 2(010)-531/2019 saylı qətnaməsinə əsasən ondan 25.10.2018- ci il tarixdən hesablanmaqla, uşağın yetkinlik yaşlarına çatanək saxlanılması üçün hər ay 154,00 manat və əlavə olaraq 50 manat pulun alınaraq Xeyransaya verilməsi qət edilmişdir. Bununla əlaqədar o, sonradan Yasamal Rayon İcra şöbəsində bilmiş, icra məmuru ondan alimentin ödənilməsini tələb etmiş, lakin Xeyransa ona uşağı görməyə imkan vermədiyi üçün alimenti ödəməmiş, Xeyransa və atası ona uşağı göstərmiş olsaydı aliment ödəyərdi. Yasamal Rayon Məhkəməsinin 13.11,2020-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, alimentin ödənilməsi üçün müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilmiş, buna baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini maddi imkanının kifayət qədər yaxşı olmadığından icra etməmişdir. O, əsasən tikintilərdə işləməklə aylıq qazancı 450 manat təşkil edirdi. Ona məlumdur ki, barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilən 27.04.2021-ci il tarixədək aliment borcu 5712,00 manat təşkil edir, lakin heç bir aliment ödəməmişdir. Qətnaməni maddi imkanının olmaması ucbatından icra edə bilmədiyini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstrəmişdir ki, o, 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahları rəsmi qaydada 18.10.2017-ci il tarixdə 3 saylı Bakı «Asan xidmət» mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan 31.01.2018-ci il tarixdə X10 adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalarda Təqsirləndirilən şəxs hamilə olduğunu bildikdən sonra uşağın doğulmasını istəmədiyi üçün münasibətləri pozulmuş, 2018-ci ilin may ayında faktiki olaraq ayrılıb uşağı ilə birlikdə atası evinə qayıdaraq valideynlərinin himayəsində yaşamağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs uşağı ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün ona maddi-mənəvi yardım göstərməmişdir. Uşağa yardım göstərilməsi üçün dəfələrlə Təqsirləndirilən şəxs müraciət etsə də heç bir nəticə olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı aralarında olan nikahın pozulması, uşağın saxlanılmasından ötrü alimentin və uşağa baxmaq haqqının alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli, 2(010)-531/2019 №-li qətnaməsinə əsasən 25.10.2018-ci il tarixdən başlayaraq 31.01.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində alimentin, uşağın saxlanması üçün hər ay 50 manat məbləğində pulun tutularaq ona verilməsi və 30 manat pulun Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, uşağına lazımi maddi köməklik etməmişdir. Onlar ailəli olduqları müddətdə müxtəlif restoranlarda günəmüzd olaraq işləməklə aylıq qazancı 300-400 manat təşkil edirdi. Bundan başqa Təqsirləndirilən şəxs özünə məxsus həyətyanı torpaq sahəsi olmuş, lakin aralarında olan nikah pozulmamışdan əvvəl anasının adına keçirərək qəsdən özgəninkiləşdirmişdir. Təqsirləndirilən şəxs 13.11.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən 27.04.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı cəmi 5712,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs yığılmış aliment borcunu ödəməmişdir, ondan şikayətçidir, ən ağır formada ciddi cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Yasamal rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 531/2019 saylı, 07.05.2019-cu il tarixli icra sənədinə əsasən 25.10.2018-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs bir uşağın saxlanması üçün hər ay 154 manat alimentin və uşağın saxlanılması üçün əlavə olaraq hər ay 50 manat məbləğində pulun tutularaq X1 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 13.06.2019-cu il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu Təqsirləndirilən şəxs tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir növləri aşkar edilməmişdir. İcraat zamanı icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra aliment borcun ödənilməsi üçün Təqsirləndirilən şəxs yeni müddət verilmiş, lakin həmin müddət ərzində də borcun ödənilməsi təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs ilə dəfələrlə fərdi söhbətlər aparılmış, lakin sonuncu müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməkdən yayınmışdır. İcraat dövründə Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə qeydiyyata düşməsi tövsiyə olunmuş, lakin işsiz kimi qeydiyyatdan keçməmişdir. Təqsirləndirilən şəxs barəində cinayət təqbinin başlanması üçün təqdimat verilən 27.04.2021-ci il tarixə kimi ödənilməmiş aliment borcu 5712,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs tərəfindən aliment borcu qərəzli ödəmədiyi səbəbindən barəsində cinayət təqibinin başlanması üçün tərəfindən Ədliyyə Nazirliyi İtintaq idarəsinə təqdimat verilmişdir. İş materiallarında olan Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 531/2019 saylı, 07.05.2019-cu il tarixli qətnaməsinə və həmin qətnamə əsasında 07.05.2019-cu il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 25.10.2018-ci il tarixdən başlayaraq 31.01.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat alimentin və uşağın saxlanılması üçün əlavə olaraq hər ay 50 manat məbləğində pulun alınaraq X1 verilməsi və 30 manat dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin alimentlə bağlı hissəsi 07.06.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)-3772/2020 saylı, 13.11.2020ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən icra vərəqəsində göstərilən tələbləri icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə hazırkı vəziyyətdə, pul borcunu ödəməyən şəxsi, pulla bağlı cəza ilə tənbeh etməklə, cəzanın məqsədlərinə çatmağı mümkün hesab etmir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi, icra edilməyən məhkəmə aktının uşağın saxlanılması ilə bağlı alimentlə əlaqədar olduğunu, alimentin ödənilməməsi uşağın mənafeyinə xələl gətirdiyini, öz uşağı üçün verilməli olan alimenti ödəməyən şəxsin cinayət törətməkdə təqsirli bilinməsini, təyin edilən cəzanın şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 05.09.2021-ci il tarixdə tutulmuş, prosessual hərəkətlər yerinə yetirildikdən sonra Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqinin 05.09.2021-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 01 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, 04.11.2021-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 07 ay 29 gün (yeddi ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 04 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar