Məhkəmə qərarları › İş №1(004)-387/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-387/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-387/2025 23.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X1, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Akif oğlunun və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı, xx.xx.1977-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində ünvan 2 ünvanında yerləşən “İlahiyyət” məscidində sübh namazını qıldıqdan sonra yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus sağ yan tərəfinə qoyduğu pul kisəsisindən 655 manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 655 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi və tamah niyyəti ilə 15.01,2025-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu Müzəffər Həsənov küçəsində yerləşən AzərSu ASC-nin binasının qarşısında 194 saylı avtobusda Zərərçəkmiş şəxs2 oturacağın üzərində unutduğu 50 manat dəyərində olan çantanı içərisində olan 140 manat dəyərində 1 ədəd eynək, 185 manat dəyərində 1 ədəd qadın saatı, 750 əyyarlı 9,5 qram 1300 manat dəyərində 1 cüt qızıl sırğa, 585 əyyarlı 6 qram 600 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 10 manat dəyərində 1 ədəd pul kisəsi və 45 manat nağd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində ünvan 3 ünvanında yerləşən İlahiyyat məscidinə getmişdir. İkinci mərtəbəyə qalxmış və orada tanımadığı təxminən 25-30 yaşlarında bir oğlanın yatdığını görmüşdür. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin oğlana yaxınlaşmış və onun yan tərəfində pul qabını qoyduğunu görmüşdür. Həmin pul qabını götürüb içərisinə baxan zaman görmüşdür ki, orada 655 manat pul var. O, həmin pulları götürüb məsciddən çıxmış və oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə saat 14 radələrində o, 194 nömrəli avtobusa minmiş və avtobus "xxxx" ASC-nin qarşısında olan dayanacağa çatdıqda avtobusda ön tərəfdə əyləşmiş qadının çantasını oturacağın üzərində unudub marşrutdan düşdüyünü görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olmuş və çantanı götürüb düşmüşdür. Bundan sonra “Memar Əcəmi” metrostansiyası istiqamətində getmiş və orada çantanı açıb içərisinə baxmışdır. Çantanın içərisində 01 ədəd qızıl boyunbağı, 01 cüt qızıl sırğa, sənədlər, 45 manat pul və bank kartları olmuşdur. O, pulu, qızıl boyunbağı və sırğanı götürüb çantanı yolun kənarına atmışdır. Qızıl zinyət əşyalarını Moskva Univermağında tanımadığı şəxsə öz vəsiqəsi ilə ümumilikdə 750 manata satmışdır. Qalan əşya və sənədləri isə işinə yaramadığı üçün yolun kənarına atmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Akif oğlu ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində ünvan 3 ünvanında yerləşən İlahiyyat məscidinə camaatla birlikdə sübh namazını qılmaq üçün getmişdir. Məscidə çatdıqda namaz ayininin qurtardığını görmüşdür və bu səbəbdən 2-ci mərtəbəyə qalxaraq orada namazını qılmışdır. Namazı qılıb qurtardıqdan sonra 2-ci mərtəbədə uzanmışdır və təxminən iki saat yatmışdır. Həmin vaxt o cibində olan pul qabını çıxarıb yanına göymüşdür. Yuxudan ayıldıqda həmin pul qabının yerdə olduğunu görmüşdür. Lakin pul qabını açıb baxdıqda içərisində olan 655 manat pulunun oğurlandığını görmüşdür. O, məscidin içərisində ətrafa baxarkən kameranın olduğunu görmüş və məscidin işçi heyətinə yaxınlaşıb ondan xahiş etdi ki, kamera görüntülərinə baxsın. Video görüntülərinə baxan zaman ona məlum olmuşdur ki, o yatarkən bir şəxs onun sağ tərəfində olan pul qabını götürüb açır və orada olan pulu götürüb pul qabını onun sol tərəfinə yerə ataraq məscidin içərisindən çıxıb gedir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, dəqiq xatırlamadığı tarixdə həyat yoldaşının avtomobili xarab olduğundan evdə olan zinyət əşyalarını banka qirov qoymaq məqsədi ilə çantasına yığmış və həmin çanta ilə birlikdə avtobusa minib Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" ASC-nin yanında düşmüşdür. O, avtobusdan düşdükdə çantasını unutmuşdur. Həmin çantanın içərisində 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd əri X3 məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, bank kartları, özünə məxsus 01 cüt qızıl sırğası, özünə məxsus 01 ədəd qızıl boyunbağı, 01 ədəd qol saatı, 01 ədəd gün eynəyi, 01 ədəd pul qabı, pul qabının içərisində 45 manat pulu olmuşdur. Ona məxsus oğurlanmış 01 cüt qızıl sırğanın qiyməti 1500 manat, 01 ədəd əl çantanın qiyməti 50 manat, 01 ədəd gün neynəyinin qiyməti 140 manat, 01 ədəd qol saatının qiyməti 100 Avro dəyərində olmuşdur. 01 cüt qızıl sırğası İtaliya istehsalı, 750 əyarlı, 9,5 qram çəkidə, 01 ədəd qızıl boyunbağı Rusiya istehsalı, 585 əyarlı, 6 qram çəkidə olmuşdur. Onun pul qabısının içərisində isə 45 manat pul olmuşdur. Son olaraq bildirdi ki, uzun zamandır müxtəlif evlərdə xadimə işləyərək pul yığıb özünü qızıl zinyət əşyaları almışdır. Həmin vaxt pula ehtiyacı olduğu üçün həmin qızıl zinyət əşylarını lombarda girov qoyaraq pul götürmək istəmişdir. Hazırda ona dəymiş zərər ödənilməsədə Təqsirləndirilən şəxs bağışlayır. Ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 122-124-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Moskva Univermağının yanında Zərgərlik alqı satqısı dükanını icarə əsasında işlədirdi. Ona hər-hansısa qızılı satmağa gətirildikdə həmin şəxsin şəxsiyyət vəsiqəsi ilə alırdı. 2025-ci ilin yanvar ayının 15-də tanımadığı bir şəxs dükana daxil olaraq qızıl satmaq istədyini bildirmişdir. O, həmin şəxsin təqdim etdiyi sep və sırağanın tərkibini yoxladıqdan sonra çəkisini və əyyarını müəyyən etmişdir. 9,3 qram çəkidə 585 əyyarda olduğu üçün məzənnə qiymətini hesablayaraq sepə- 370 manat sırğaya-380 manat təklif etmişdir. Həmin şəxs onunla razılaşmışdır. Daha sonra şəxsiyyət vəsiqəsini tələb edərək anket məlumatlarını qeyd etmişdir. Şəxsiyyət vəsiqəsini götürdükdən sonra həmin şəxsin adı Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra həmin qızılların əridilməsini və yaxud satdığını xatırlamırdı. Həmin vaxtdan uzun müddət keçdiyi üçün nəzərində qalmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə aparılır. Baxış keçirilən yer Bakı şəhəri, M.Həsənov küçəsi "xxxx" ASC ilə üzbəüz avtobus dayancağıdır. (i.v. 9-16) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə aparılır. Baxış keçirilən və oğurluq hadisənin baş verdiyi yer ünvan 3 ünvanında yerləşən “İlahiyyat” məscidin içərisidir. Baxış zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 namaz qıldıqdan sonra yatıb qaldığı zaman yan tərəfində olan pul kisəsindən 655 manat nağd pul oğurlanmışdır. (i.v. 66-69) “Diskə baxış keçirilməsi haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd DVD diskdə Media Player proqramı vasitəsi ilə açılan 04 ədəd fayl vardır. Həmin 01 və 02 nömrəli fayla baxış zamanı müəyyən edildi ki, qadın cinsli şəxs avtobusun sağ qabaq hissəsində əyləşməsi, durub avtobusdan düşdükdən sonra avtobusun içərsində unutduğu əl çantasını kişi cinsli bir şəxs ətrafa baxdıqdan sonra götürərək avtobusdan düşərək getməsi müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntülərdə olan şəxs onun özüdür. 03 və 04 nömrəli fayllara baxış zamanı müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayonu Moskva Univermağının yaxınlığında yerləşən qızıl alış satışı dükanın təhlükəsizlik kameralarında olan görüntülər əks olunmuşdur. Təqsirləndirilən şəxs həmin dükana daxil olaraq həmin çantadan əldə etdiyi 1 cüt qızıl sırğanı və 1 ədəd boyunbağını ümumilikdə 750 manat satması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha təsdq etmişdir ki, həmin görüntülərdə olan şəxs onun özüdür. (i.v. 147-148) “Diskə baxış keçirilməsi haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd DVD diskdə Media Player proqramı vasitəsi ilə açılan 01 ədəd fayl vardır. Həmin fayla baxış zamanı müəyyən edildi ki, kişi cinsli şəxsin məscidin içərisində yatmış 25-30 yaşlarında bir oğlan məscidin içərisində uzanıb yatmış bir nəfər şəxsin yanından keçərkən yatmış şəxsin yanında yerdə olan pul kisəsini götürərək içərisindən nə isə götürüb pul kisəsini yerə qoyub çıxıb getməsi müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntülərdə olan şəxs onun özüdür. Həmin görüntülər məscidin içərisində yerdə uzanaraq yatmış şəxsin pul kisəsindən 655 manat nağd oğurlayarkən çəkilmişdir. (i.v. 149-150) “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 21 may 2025-ci il tarixli protokoldan görünür ki, alqı-satqı qəbzinə əsasən Təqsirləndirilən şəxs 9.3 qram 585 əyyarda sep və sırğanı satması qeyd edilmişdir. (i.v. 165) “Sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixi qərardan görünür ki, 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 167-176) Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində ünvan 3 ünvanında yerləşən İlahiyyat məscidinə getmişdir. Orada ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbədə tanımadığı təxminən 25-30 yaşlarında bir oğlan məscidin içərisində uzanıb yatmışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olmuşdur. O, həmin oğlana yaxınlaşdıqda onun yan tərəfində pul qabını qoyduğunu görmüşdür. Həmin pul qabını götürüb içərisindəkilərə baxmışdır. Pul qabının içərisində 655 manat pul var idi. O, həmin pulları götürüb cibinə qoymuşdur. Daha sonra məsciddən ayrılıb getmişdir. Oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində o, 194 nömrəli marşruta minib Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" ASC-nin qarşısında olan dayanacaq istiqamətində hərəkət etmişdir. Avtobus qeyd etdiyi dayanacağa çatdıqda avtobusda ön tərəfdə əyləşmiş qadının çantasını oturacağın üzərində unudub marşrutdan düşdüyünü görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olmuş və çantanı götürüb düşmüşdür. Bundan sonra Memar Əcəmi metrostansiyası istiqamətində getmiş və orada çantanı açıb içərisinə baxmışdır. Çantanın içərisində 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa, sənədlər, 45 manat pul və bank kartları var idi. O, pulu, qızıl boyunbağı və qızıl sırğanı götürüb çantanı yolun kənarına atmışdır. Qızıl zinyət əşyalarını Moskva Univermağına daxil olub orada tanımadığı şəxsə öz vəsiqəsi ilə ümumilikdə 750 manata satmışdır. Qalan əşya və sənədləri isə işinə yaramadığı üçün yolun kənarına atmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus çantanı oğurlamaması sadcə sahibsiz əşya kimi tapması barədə ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da tutulmuşdur. (i.v. 43) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubliokası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubliokası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respubliokası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2 bəndinə əsasən azad edilmişdir. (i.v. 103-105) “Axtarışda olan şəxsin tutulması haqqında” 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:35-də tutulmuşdur. (i.v. 108) “Təqsirləndirlən şəxsin MSY-dən azad edilməsi barədə” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 132) “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. (i.v. 133-134) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli, 4(004)-234/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 mart 2025-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 156-160) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2010-cu il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs1 Akif oğlunun tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Akif oğluna dəymiş zərərin ödənilməsini və onunla barışmasını, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut iki ədəd CD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixdək 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixdək 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar