Məhkəmə qərarları › İş №1(004)-388/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-388/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-388/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işsiz, subay, Masallı rayonu, Ərkivan Qəsəbə Ərazi Dairəsi, Ərkivan qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində “Kubinka” kimi adlanan yaşayış sahəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,851 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manata əldə edib üzərində saxlayaraq daşımış, 08 fevral 2023-cü il tarixdə saat 12:00 radələrində Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında olarkən saxlanılaraq ünvan 3 ünvanında yerləşən 28-ci PB-nin inzibati binasına gətirilib orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində təmiz çəkisi 0,851 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, göstərilən ünvanda yaşayır. Narkotik vasitələrdən istifadə edir. Daha əvvəl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hal-hazırda heç bir işlə məşğul deyil. Bu gün saat 12:00-da Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 124 ünvanında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu 28-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gətirilərkən o, bildirmişdir ki, uzun müddətdir ki, narkotik vastələrdən istifadə edir, üzərində də narkotik vasitə vardır. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı ona sual vermişlər. O, özü göy rəngli cins şalvarının sağ yan cibində saxladığı və içərisində psixotrop maddə "şüşə" olan bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Onun üzərindən aşkar edilmiş həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində, Yasamal rayonu, "Kubinka" deyilən yerdən üzdən tanıdığı və əvvəllər də narkotik vasitə aldığı şəxsdən 10 manata almış və bir qismini istifadə etmiş, qalanın da daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə aldığı həmin şəxsi ətraflı tanımır, əvvəllər də ondan narkotik vasitə almış, lakin onun harada yaşadığını və adının kim olduğunu bilmir. O, psixo-nevroloji, vərəm və narkoloji dispanserdə qeydiyyatda deyil. Onun əldə etdiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Xəstə olduğuna görə həmin narkotik vasitəni alaraq sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və PB-nə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. Əməlini səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 fevral 2023-cü il tarixdə 28-ci PB-nə xx xxxxxxxx 1976-cı ildə Masallı rayonunda anadan olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə bölmə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, o cümlədən əməliyyat qrupu üzvləri müəyyən edilmişdir. Əməliyyat qrupuna o, və 28-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmişdir. Qrup üzvləri Təqsirləndirilən şəxs barəsində təlimatlandırıldıqdan sonra əməliyyat mövqeyi müəyyən edilmişdir. 08 fevral 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 124 ünvanın yaxınlığında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib həmin şəxsə özünü təqdim etməsi təklif edilmişdir. Bu təklikdən sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz əldə edilərək daşınması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilərək onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla birlikdə avtomobillə ünvan 7 ünvanında yerləşən 28-ci PB-nin inzibati binasına gəlmiş və saxlanılan şəxs barəsində bölmə rəisinə raportla məruzə edilmişdir. Raport əsasında araşdırmanın aparılması 28-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs huquqlarını müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuş, daha sonra Nazim Cəfərov şübhəli şəxs qismində tutularaq ona hüquqları izah edildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı izah edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərində bir ədəd bükülüdə hamının “şüşə”, “patı” kimi tanıdığı metamfetamin vardır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bir ədəd öz dediyinə görə içərisində “şüşə”, yəni metamfetamin olan bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi büküm açıldıqda bükümdə kristal şəkilli maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kristal şəkilli maddə “şüşə” kimi tanınan metamfetamindir, həmin metamfetamini həmin gün səhər saatlarında "Kubinka" deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb. Həmin maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərf 167 saylı möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.Şəxsi axtarış və götürmənin gedişatım əks etdirən görüntülər “DVD” diskə köçürülməklə “DVD” disk iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdikləri ifadələrində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 6/768 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi və “...Cahangirov-imza, müdafiəçi-E.Babışov-imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,851 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2023-cü il tarixli 3238 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət - Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 2 dəfə məhkum edilmişdir. 1) Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 2) Sonuncu dəfə Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə saat 12:00 dəqiqədə saxlanılmış, xx.xx.2023-cü il tarixdə saat 16:30-dək təqsirləndirilən şəxs kimi dindirilmiş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bununla da o, həmin vaxtı 24 saatdan çox, yəni 02 günədək həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 02 ay (bir il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 01 ay 28 gün (bir il bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 02 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,801 qram psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar