Məhkəmə qərarları › İş №1(004)-388/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-388/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-388/2024 01.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Füzuli rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs 13 may 2024-cii il tarixdə saat 20:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə şəxsi münasibətlərin pozulması zəminində arvadı Zərərçəkmiş şəxs başından əli və dəmir çömçə ilə vuraraq Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2000-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nigahlarından üç övladları vardır. Son zamanlar boğazında xərçəng xəstəliyi olduğundan gecələr yata bilmədiyi üçün spirtli içkilər qəbul etdikdən sonra yata bildiyindən ara-sıra olaraq spirtli içkilər qəbul edir. Samirə hər dəfə onun' spirtli içkilər qəbul etməsinə görə onu danladığından aralarında münaqişələr baş verir. 13 may 2024-cü il tarixdə saat 18:00 radələrində o, birgə yaşadıqları Yasamal rayonu, M.Xiyabani küçəsi ev 14a ünvanında yerləşən mənzillərində yemək yeyərkən bir şüşə araq içmişdir. Buna görə Samirə yenə də deyinməyə başlamış və yemək yedikdən sonra Samirənin səs-küyü onun yatmasına mane olmuşdur. Buna görə saat 20:00 radələrində Samirəyə etirazını bildirdikdə Samirə onu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra o, əsəblərini cilovlaya bilməyərək ona yaxınlaşıb onu silkələyərək danışmamasını tələb etmiş və onu arxasındakı dolaba itələyərək ondan ayrılmışdır. Lakin Samirə sakitləşməyərək yenə də nalayiq ifadələrlə onu təhqir etdikdə, mətbəxdən götürdüyü dəmir çömçə ilə onun başından vurmuşdur. Bundan sonra Samirə evdən getmiş və ertəsi gün Samirənin ondan polisə şikayət etməsini bilmişdir. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, hadisəni heç kim görməmiş, münaqişə zamanı heç bir bədən xəsarəti almamışdır. İfadəsinin sonunda bildirmişdir ki, törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır və ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, zərərçəkmiş şəxsin onun barəsində hər hansı şikayət və tələbi yoxdur. Bir daha zərərçəkmiş şəxsə qarşı belə əməllərə yol verməyəcəyinə söz verir. Onların razılığı olmadan yaşadıqları ünvana getməyəcək, onları heç bir halda narahat etməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2000-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nigahlarından üç övladları vardır. Son zamanlar Samil guya gecələr yata bilməməsini, spirtli içkilər qəbul etdikdən sonra yata bildiyini bildirərək mütamadi olaraq spirtli içkilər qəbul edir və sərxoş vəziyyətdə səbəb olmadan evdə onunla münaqişələr yaradır. 13 may 2024-cü il tarixdə saat 18:00 radələrində Samil yenə də birgə yaşadıqları Yasamal rayonu, M.Xiyabani küçəsi ev 14a ünvanında yerləşən mənzillərində yemək yeyərkən bir şüşə araq içmiş və saat 20:00 radələrində sərxoş vəziyyətdə onunla mübahisə edərək guya evdə səs-küy yaratdığından onu narahat etməsini bildirmişdir. Aralarında yaranmış münaqişə zamanı Samil onu nalayiq söyüşlərlə təhqir etdikdən sonra üstünə hücum etmiş və əli ilə başının təpə nahiyəsindən zərbə vurub bir neçə dəfə arxasında yerləşən dolaba çırpmışdır. Bundan sonra da Samil sakitləşməyərək mətbəxdən metal materialından olan çömçə gətirərək bir dəfə başından vurduqda o, Şamili kənara itələyərək mənzildən qaçmış və Nizami rayonunda yaşayan bacısının evinə gedərək orada gecələmişdir. Ertəsi gün yəni, xx.xx.2024-cü il tarixdə 29-cu PŞ-nə gələrək Şamilin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şikayət etmişdir. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, evdə yalnız ikisi olduqlarından hadisəni heç kim görməmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır və onun barəsində hər hansı şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi Bakı şəhəri Yasamal rayon şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 509 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxsnun almış olduğu xəsarət - başın təpə nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 3 ünvanında yerləşən yataqxana binasının 2-ci mərtəbəsində yerləşən 41 saylı mənzildir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Zərərçəkmiş şəxs oğlu tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir Materiala əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-13-12-1/2-A-l 124xx/xx/2024 nömrəli arayışına əsasən xx xxxxxx 1978-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 6412 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. “Zərərçəkmiş şəxsə barışıq hüququnun izah edilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs barışıq hüququ izah edilmiş, lakin o, şikayətini davam etdirdiyini bildirərək toplanmış materialın baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tamamilə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərilmiş hüquqi yardımla bağlı hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar