Məhkəmə qərarları › İş №1(004)-389/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-389/2023

28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-389/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb törətməklə oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində ünvan 2 ünvanda yerləşən mənzilin giriş qapısını əli ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmin yaşayış evinin yataq otağından Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus hər biri 350 manat olmaqla iki ədəd 700 manat dəyərində ABŞ istehsalı olan «İphone-7» markalı mobil telefon və asılqandan asılmış qara rəngli cins şalvarın sağ cibindən 1.300 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.000 (iki min) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 22 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 17 mart 2023-cü il tarixdə səhər saatlarında təkbaşına Yasamal rayonunun ərazisində yerləşən «Nizami» metrostansiyasının ətrafında olan evlərin arası ilə gəzən zaman bir evin giriş qapısının bağlı olmadığını görmüşdür. Bundan sonra o, həmin evin giriş qapısını sakitcə əli ilə açaraq mənzilə daxil olmuşdur. Həmin vaxt o, ev sahiblərinin yatmasından istifadə edib masanın üstündən işlənmiş vəziyyətdə olan iki ədəd «İphone-7» markalı mobil telefonu gütürüb sakitcə evdən çıxıb getmişdir. O həmin evdən 1300 manat məbləğdə pulu oğurlamamışdır. Həmin gün oğurladığı mobil telefonları o, Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən «Velotrek» ticarət mərkəzinin yaxınlığında ümumilikdə 20 manata satmışdır. 01 aprel 2023-cü il tarixdə küçədə piyada gedən zaman polis əməkdaşları tərəfindən saxlanmış və Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş şəxsə dəymiş zərərin qismən ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Bakı şəhərində ustalıq fəaliyyəti ilə məşğul olur və qardaşı X8 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi ünvanında yerləşən evdə kirayə yaşayır. 17 mart 2023-cü il tarixdə saat 02 radələrində qardaşı ilə birlikdə yaşadıqları evə gəlmişlər və qısa müddət sonra hər ikisi yatmışlar. O, evin giriş hissəsində, Samir isə digər otaqda yatmışdır. Yatmazdan əvvəl o, özünə məxsus iki ədəd «İphone-07» markalı mobil telefonu çarpayısının yanına qoymuşdur. Həmin gün saat 11 radələrində o, yuxudan durub telefona baxmaq istəyən zaman hər iki mobil telefonun yanında olmadığını görmüşdür. O, evin giriş qapısının açıq qalmasından şübhələnib cibinə pul qoyduğu şalvarı axtarmağa başlamışdır. Lakin asılqandan asdığı özünə məxsus qara rəngli cins şalvarın sağ cibinə baxan zaman 1.300 manat pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, qardaşı ilə bir yerdə diqqətlə ətrafa nəzər yetirsədə mobil telefonları tapa bilməmişlər. O, mobil telefonlarla bərabər 1.300 manat pulunda artıq naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüş və bundan sonra baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarna müraciət etdmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən oğurlanan 1300 manat pulu tələb etdiyini və onunla barışmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X6 onun qardaşıdır. O qardaşı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, B. Məcidov küçəsində kirayə yaşamışlar. 17 mart 2023-cü il tarixdə saat 02 radələrində qardaşı ilə birlikdə kirayə yaşadıqları evə gəlib yatmışlar. Səhər saat 11 radələrində yuxudan duran zaman qardaşı Toğrul ona gecə evdən özünə məxsus 02 ədəd «İphone-07» markalı mobil telefonun oğurladığını bildirmişdir. Bundan sonra Toğrul asılqandan asdığı özünə məxsus qara rəngli cins şalvarın sağ cibinə baxan zaman həmin yerə qoyduğu 1.300 manat pulun artıq yerində olmadığını aşkar etmişdir. Daha sonra isə bu barədə polisə məlumat vermişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 80-82-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayonundakı «Velotrek» ticarət mərkəzində yerləşən mağazaların birində müvəqqəti olaraq satıcı kimi işləmişdir. 17 mart 2023-cü il tarixdə saat 09 radələrindən etibarən o, mağazada fəaliyyət göstərməyə başlamışdır. Həmin gün saat 10 radələrində tanımadığı orta yaşlı səliqəli geyimi ilə seçilən bir şəxs yaxınlaşmış və ona iki ədəd yararsız vəziyyətdə olan «İphone-7» markalı mobil telefon təqdim edib satacağını bildirmişdir. O, hər iki mobil telefonu yoxlamış, lakin onların işləmədiyini görüb sonradan adının Şahin olduğunu bildiyi şəxsə hər biri üçün on manat olmaqla iyirmi manat pul təklif etmişdir. Telefonları alarkən sənədləşmə zamanı o, Şahindən şəxsiyyət vəsiqəsinin surətini istəmiş və həmin şəxs dərhal şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə diqqət yetirdikdən sonra qarşısında dayanmış şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, Şahindən həmin mobil telefonları ehtiyyat hissəsi kimi qəbul etmişdir. Şahin pulu aldıqdan sonra harasa çıxıb getmişdir. O, təxminən bir həftə həmin mağazada işləmiş, daha sonra isə oradan çıxıb başqa işlə məşğul olmağa başlamışdır. 01 aprel 2023-cü il tarixdə evdə olan zaman tanımadığı polis əməkdaşı onun mobil telefonuna zəng vurub əvvəl işlədiyi mağazaya dəvət etmişdir. O, həmin gün qeyd olunan yerə yaxınlaşmış və polis əməkdaşları ilə birlikdə tanımadığı şəxsin mağazanın qarşısında dayandığını görmüşdür. Polis əməkdaşları həmin şəxsi ona göstərib bir müddət əvvəl saxlanılan şəxsdən onun iki ədəd işlək vəziyyətdə «İphone-7» markalı mobil telefon alması ilə bağlı maraqlanmışlar. O, həqiqətən həmin mobil telefonları aldığını etiraf etmiş və onların yararsız vəziyyətdə olduğunu görüb mobil telefonları yalnız ehtiyyat hissəsi kimi qəbul edərək, Şahinə cəmi iyirmi manat pul verdiyini bildirmişdir. O, aldığı hər iki mobil telefonu polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş və orada bu barədə protokol tərtib edildikdən sonra polis əməkdaşları mağazanı tərk etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşir. (i.v. 6-7) “Təqdim edilmiş əşyanın götürülməsi barədə” 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlandıqdan sonra satılmış 02 (iki) ədəd ABŞ istehsalı olan «İphone-7» markalı mobil telefon satıcı Şahid2 tərəfindən könüllü olaraq təqdim olunmuş və cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. (i.v. 12) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli 9/2918 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin mart ayına olan tarixə orta bazar qiyməti ayrı-ayrılıqda təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: - 01 ədəd qara rəngli, “İphone 7” markalı, “A1778” model mobil telefon zədələnməmişdən əvvəl normal vəziyyətdə 180.0 manat, hazırki ön ekranı, arcxa kamerası zədəli vəziyyətdə - 80.00 manat, - 01 ədəd qara rəngli, “İphone 7” markalı, “A1660” model mobil telefon – 180.00 manat. (i.v. 94-96) “Sübutların qiymətləndirilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə iki ədəd ABŞ istehsalı olan “İphone 7” markalı mobil telefon maddi sübut kimi qəbul olunmuş və saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 97-101) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni onun Zərərçəkmiş şəxs mənzilindən cəmi iki ədəd “İphone 7” markalı mobil telefon oğurlaması 1300 manat məbləğində pulu isə götürməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 27 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, onun mülkiyyətində olan iki ədəd ABŞ istehsalı olan “İphone 7” markalı mobil telefonu qəbul etmişdir. (i.v. 109) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində ünvan 2 ünvanda yerləşən mənzilin giriş qapısını əli ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmin yaşayış evinin yataq otağından Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus hər biri 350 manat olmaqla iki ədəd 700 manat dəyərində ABŞ istehsalı olan «İphone-7» markalı mobil telefon və asılqandan asılmış qara rəngli cins şalvarın sağ cibindən 1.300 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.000 (iki min) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli 9/2918 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd qara rəngli, “İphone 7” markalı, “A1778” model mobil telefonun qiyməti 80.00 manat, 01 ədəd qara rəngli, “İphone 7” markalı, “A1660” model mobil telefonun qiyməti isə 180.00 manat təşkil edir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 02 ədəd «İphone-7» markalı mobil telefonu hər biri 350 manat olmaqla qiymətinin 700 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 17 may 2023-cü il tarixli 9/2918 saylı rəyində həmin 01 ədəd “İphone 7” markalı, “A1778” model mobil telefonun qiyməti 80 manat, 01 ədəd “İphone 7” markalı, “A1660” model mobil telefonun qiyməti 180 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 02 ədəd mobil telefon oğurladığına görə vurduğu maddi ziyanın miqdarının mobil telefonunun birinin qiyməti 180 manat, digərinin isə 80 manat olmaqla, cəmi 260 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 28-29) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 4(004)- 251/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 aprel 2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 60-61) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 19 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 24 dekabr 1992-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin 27 iyul 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Xalq Məhkəməsinin 08 may 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin 07 iyun 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X4 Rayon Məhkəməsinin 24 iyul 2006-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 158-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X5 Rayon Məhkəməsinin 02 fevral 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 158-ci maddəsinin 1ci hissəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 90-93) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(009)- 69/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 03 il (üç il) müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v. 87-89) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 14 saylı Cəzaçəkmə Müəssisəsinin 21 iyul 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəzadan azad olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən ödənilmiş telefonlar qaytarılmışdır. Yerdə qalan 1300 manat məbləğində ziyanın ödənilməsi tələb etmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 22 oktyabr 2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 03 dekabr 2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 dəymiş zərəri qismən ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 01 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “İphone 7” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “İphone 7” markalı mobil telefonun zərərçəkmiş şəxs X3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar