Məhkəmə qərarları › İş №1(004)-390/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-390/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-390/2022 02.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 8 yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, 14 iyun 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,128 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 15 iyun 2022ci il tarixdə saat 22:00-da Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsi, 68 nömrəli ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Maqna” markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümündə təmiz çəkisi 1,128 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd istifadə olunmuş və içərisində qırmızı rəngli qana bənzər maye olan və 01 ədəd istifadə olunmamış 02 ml-lik şprislər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 nömrəli ünvanda qeydiyyatda olmaqla ünvan 8 ailə üzvləri ilə birlikdə yaşayır. Orta təhsilini Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən “21 nömrəli” tam orta məktəbdə Azərbaycan dili bölməsində almış, tam olaraq orta təhsilini bitirmişdir. Yüksək ölçülü şəkər xəstəsi olduğundan hərbi xidmətə getməmişdir. xx.xx.1986-cı il təvəllüdlü X2 ilə 2010-cu il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il il təvəllüdlü Rüstəm Hüseynov adında bir oğlan övladı dünyaya gəlmişdir. Bildirmişdir ki, bundan öncə, bir dəfə məhkum olunmuşdur. O, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan, yəni, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb və üzərimdə daşıdığıma görə barəsində cinayət işi başlanılıb və Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə 02 il 11 ay 26 gün müddətə azadlığının məhdudlaşdırılması cəzası ilə hökm çıxarılmışdır. Bildirmişdir ki, təxminən səkkiz il olar ki, narkotik vasitə istifadə etmişdir. İlk olaraq marixuana, sonralar isə əsasən “patı", “şüşə” kimi tanınan psixotrop maddədə olan metamfetamindən istifadə etməyə başlamışdır. Bildirmişdir ki, narkotik vasitəyə ehtiyacı olduğundan lakin pulu olmadığına görə narkotik vasitə əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixində saat 01:00 radələrində ünvan 5 ünvanda yerləşən “İstanbul Lahmacun” adlı restoranın qarşısında gəzən zaman restoranın qarşısında motosiklet dayandığını görüb həmin motosikletə yaxınlaşmışdır. Motosikletin üzərində olan baş geyimi olan dəbilqəni görüb düşünmüşdür ki, dəbilqəni götürüb, yaxşı pula satıb və qarşılığında narkotik alıb istifadə edər. Ətrafa nəzər yetirmiş, qaranlıq olduğundan və ətrafda heç kim olmadığından dəbilqəni götürüb özü ilə gətirdiyi sellofan torbaya qoymuş, sonra restoranın qarşısında olan dəmirdən açılıb bağlanan stulu götürüb oradan uzaqlaşmaq istəmişdir. Dəmir stul ağır olduğu üçün stulu orada yerə qoyub dəbilqəni özü ilə götürüb qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt dəbilqənin üstündə olan bloutooth aparatını xatırlamadığı yerdə düşürüb itirmişdir. Oğurladığı dəbilqəni satmağa çalışsa da sata bilmədiyindən aparıb yaşadığı evin yaxınlığında, sahibsiz, gizli bir yerdə gizlətmişdir. Bundan başqa bildirmişdir ki, 14 iyun 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanın” adlanan ərazidə olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əynindəki qara rəngli şalvarının sağ yan cibində olan “Maqna” siqaretinin qutusunun içinə qoyub üzərində saxlayıb gəzdirmişdir. Yaşadığı mənzil istiqamətində hərəkətdə olarkən yolu üzərində olan yerini dəqiq xatırlamadığı apteklərin birindən aldığı metamfetamini istifadə etmək, vurmaq üçün 02 ədəd şpris alıb cibinə qoymuşdur. Bundan sonra işləri ilə məşğul olmuş, yaşadığı mənzilə getmişdir. Ertəsi gün, yəni 15 iyun 2022-ci il tarixdə yuxudan oyanandan sonra yaşadığı mənzildən çıxmış və tənha, sakit bir yerə, heç kimin görməyəcəyi məkan tapıb ağrılarını aradan qaldırmaq üçün dünən aldığı psixotrop maddə olan metamfetamindən aldığı iynə ilə az bir qədərini inneksiya üsulu ilə istifadə etmişdir. Qalıq qalan psixotrop maddə olan metamfetamini, istifadə etdiyi və digər istifadə etmədiyi şprisi əynində olan qara rəngli şalvarının sağ yan cibinə, daha dəqiq desə “Maqna” siqaretinin boş qutusunun içinə qoyub üzərində saxlayıb gəzdirmiş, işləri ilə məşğul olmuşdur. İşlərini bitirib 15 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı ünvan 6 ünvana gedərkən, mənzilinin qarşısında üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal RPİnin 28-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları 13 iyun 2022-ci il tarixində saat 01:00 radələrində ünvan 7 ünvanda yerləşən “İstanbul Lahmacun” adlı restoranın qarşısında dayanmış motosikletin üzərində olan baş geyimi olan dəbilqənin oğurlanması hadisəsini tərəfindən törədildiyinə dair şübhələrinin olduğunu, bundan başqa həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən şübhə etdiklərini bildirib onu, Bakı Şəhər Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə gəlməyə razı olub birlikdə getmişdir. Polis Bölməsində oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunnuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə nə varsa təqdim etməsi təklif olunmuşdur. İçərisində şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı 01 ədəd bükümdə siqaretin gümüşü kağızına bükülmüş bükülü olan metamfetamin, 01 ədəd istifadə olunmuş və 01 ədəd istifadə olunmamış şpris olan “Maqna” markalı siqaret qutusunu əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Sonra həmin içərində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə olan metamfetamin, 01 ədəd istifadə olunmuş və 01 ədəd istifadə olunmamış şpris olan “Maqna” markalı siqaret qutusu, orada olan müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Ailəli olmasını, 1 uşağının olmasını, əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis majoru rütbəsi daşıyır. Bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 15-də yaşayan X7 13 iyun 2022-ci il tarixdə Bakı Şəhər Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edərək 13 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 7 ünvanda yerləşən “İstanbul Lahmacun” adlı restoranın qarşısında saxladığı motosikletin üzərindən 01 ədəd 500 manat dəyərində olan üzərində 01 ədəd 280 manat dəyərində « Bluetooth » aparatını işlədən baş geyimi sayılan dəbilqənin (kaskanın) naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması nəticəsində ona ümumilikdə 780 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Bununla bağlı rəhbərliyin göstərişinə əsasən Elsever Bayramovun motosikletinin üzərində asılmış Bloutooth aparatı quraşdırılan dəbilqəni oğurlayan şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini keçirilməyə başlanmışdır. Bununla bağlı o, Bakı Şəhər Yasamal RPİ-nin 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində X3 13 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 7 ünvanda yerləşən “İstanbul Lahmacun” adlı restoranın qarşısında saxladığı motosikletin üstündən asdığı 01 ədəd 500 manat dəyərində olan üzərində 01 ədəd 280 manat dəyərində “Bluetooth” aparatı quraşdırılmış baş geyimi sayılan dəbilqəni oğurlayan şəxsin xx.xx.1987-ci il tarixdə Bakı şəhərində, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 nömrəli ünvanda qeydiyyatda olan, ünvan 8 yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər və həmin şəxsə xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 9 ünvanının qarşısında yaxınlaşıb özlərini təqdim edərək ona 13 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 7 ünvanda yerləşən “İstanbul Lahmacun” adlı restoranın qarşısında dayanmış motosikletdən dəbilqə oğurlamasında şübhəli olduğunu bildirib Bakı Şəhər Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə bölməyə gəlmişdir. Təqsirləndirilən şəxs özünü çox şübhəli apardığından onun üzərində qanunla qadağan olunmuş nəsə olduğunu düşünüb başdan sonacan onu tam nəzarətdə saxlamışlar ki, üstündə qanunla qadağan əşya, predmet olsa atmasın. Polis Bölməsinə çatdıqda raportla bölmə rəisinə müraciət etmiş və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Təxminən saat 22:25-də sənədləşmə prosesi başlamışdır. X10 Hüseynov etiraf edərək bildirmişdir ki, 13 iyun 2022-ci il tarixdə saat 01 radələrində ünvan 7 ünvanda yerləşən “İstanbul Lahmacun” adlı restoranın qarşısında dayanmış motosikletdən üstündən asılmış 01 ədəd üzərində Bloutooth aparatı quraşdırılmış dəbilqəni (kaskanı) oğurlayıb narkotik vasitə əldə etmək üçün satmaq istəmiş, lakin sata bilmədiyindən yaşadığı evinin yaxınlığında gizlətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, o, təxminən 08 il olar ki, narkotik vasitə qəbul edir, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Azər Əliyev tərəfindən dövlət hesabına tutulmuş vəkil Nofəl Əhmədovun iştirakı ilə 23:00-da İsrafil şübhəli şəxs qismində tutulmuş sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Maqna” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Həmin 01 ədəd “Maqna” markalı siqaret qutusunun içərisinə baxdıqda siqaretin gümüşü rəngli kağızı bükümündə ağ rəngli kristal 1 şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd istifadə olunmamış 02 ml-lik şpris və 01 ədəd 02 ml-lik içərisində qırmızı rəngli qana bənzər maye olan şpris aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd “Maqna” markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızı bükümündə ağ rəngli kristall şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, 14 iyun 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən bir bükümünə 20 manat pul verərək öz şəxsi istifadəsi üçün alıb bir qismini inyeksiya yolu ilə qəbul etmiş qalan qismini isə siqaretin gümüşü kağızı bükümündə 01 ədəd “Maqna” markalı siqaret qutusunun içərisinə qoyub əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayaraq özü ilə ünvan 10 ünvanına daşımışdır. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd “Maqna” markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızı bükümündə ağ rəngli kristall şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd istifadə olunmamış 02 ml-lik şpris və 01 ədəd 02 ml-lik içərisində qırmızı rəngli qana bənzər maye olan şpris cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 167 saylı möhürü möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 oğlunun ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3370 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №167» möhür əksi»..” saxlanılan şəxs Təqsirləndirilən şəxs” və.s sözlər, yazılar və imzalar olan kağız paketdəki “Maqna” markalı siqaret qutusuna yerləşdirilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,128 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixtorop maddə - metamfetamindir. 01 ədəd içərisində qırmızımtıl izlər olan 2 ml-lik şprisdə narkotik vasitə heroinin izləri müəyyən edildi. Bu şprisdə heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Digər şprisdə nəzarətdə olan maddələrə məxsus izlər müəyyən edilmədi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 3271 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 7(004)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-280/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. İş materiallarında olan Bakı Şəhəri Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(004)-44/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək 01 il azaldılmışdır. Qalan cəzasından 05 ay 04 gününü çəkmiş və onun 01 il 06 ay 22 gün çəkilməmiş cəzası qalmışdır. Bununla da hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 01 il 06 ay 22 gün olduğundan, çəkilməmiş həmin cəza hazırkı iş üzrə əhəmiyyət kəsb edir. Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, himayəsində azyşalı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı, 1 ədəd istifadə olunmuş, 1 ədəd istifadə olunmamış 2 ml-lik şprislər və 01 ədəd “Maqna” markalı siqaret qutusu məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzasının çəkilməmiş qalan 01 il 06 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) hazırkı hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 10 ay (on ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 15 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 160 manat (yüz altmış manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,900 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd istifadə olunmuş, 1 ədəd istifadə olunmamış 2 ml-lik şprislər və 01 ədəd “Maqna” markalı siqaret qutusu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar