Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-392/2023 19.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış evin qonaq otağında qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ondan ayrılmaq istəməsi səbəbi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı sonuncunun sol qol nahiyəsini tutub sıxması və əli ilə bir neçə dəfə sifət nahiyəsinə zərbələr endirərək ona sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan, sol gözün üst qapağı nahiyəsinin qançırı, sifətin sol yarısının, sol bazu nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 5 ilə yaxın müddətdir Zərərçəkmiş şəxs ilə tanışdır və onunla sevgili münasibətlərində olaraq qeyri rəsmi yaşamışlar.O, və Nərmin ailəlidir və hər ikisi rayonda yaşadıqları üçün orada görüşə bilməmişlər. Bu məqsədlə aralarında olan sevgi münasibətlərinə görə Bakı şəhərinə gəlib birgə işləyib yaşamaq qərarına gəlmişlər.Təxminən bir ay bundan əvvəl Nərmin Bakı şəhərinə gələrək kirayə ev götürməsi barədə ona məlumat vermişdir və o da Bakı şəhərinə gələrək onunla birlikdə yaşamağa başlamışlar.Birgə yaşadıqları müddətdə bir neçə dəfə Nərmin ona rəsmi ailə həyatı qurmağı bildirsə də, onunla razılaşmamışdır və bu səbəbdən də, Nərmin ondan ayrılmaq istəmişdir. O, da Nərminə söyləmişdir ki, iyun ayının sonunadək yaşasınlar, sonra o rayona gedəcəkdir. Hər dəfə bu mövzuda söhbət olanda aralarında sözlə mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, evə gəlmiş və həmin vaxt Nərmin evdə olmuşdur. Söhbət əsnasında Nərmin ondan ayrılmaq istədiyini söyləmiş və o, da nə səbəbə onunla ayrılmaq istəməsini soruşmuşdur. Həmçinin düşünmüşdür ki, Nərminin həyatında digər şəxs vardır və bu səbəbdən də, ondan telefonunu istəmişdir. Nərmin özünü şübhəli aparmış və telefonu ona vermək istəmədiyindən aralarında mübahisə yaranmışdır. Aralarında olan mübahisə dahada şiddətlənmiş və o, əsəbləşərək Nərminin sol qolundan tutaraq sıxmış və bir neçə dəfə əli ilə Nərminin sifət nahiyəsinə vurmuşdur. Sonra Nərmin çölə çıxmış və bir neçə dəqiqədən sonra polis işçiləri gələrək onları birlikdə Yasamal RPİ 26-cı PB-nə aparmışlar. Münaqişə yaşadıqları evdə qonaq otağında baş vermiş, təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt evdə heç kim olmayıb.Münaqişə zaman o heç bir xəsarət almayıb, ona görə də məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Hazırda da zərərçəkmiş şəxslə münasibətlərini davam etdirir. Yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 5 ilə yaxın müddətdir Təqsirləndirilən şəxs ilə tanışdır və sevgili münasibətləri var.O və Namir ailəli olduğu üçün onlar rayonda görüşüb birgə yaşaya bilməmişlər, həmçinin ailəsində problemlər yarandığından ondan ayrılmaq istəsə də, Namir ondan ayrılmamışdır. Bu səbəbdən də, təxminən bir ay bundan əvvəl o, rayondan çıxıb Bakı şəhərinə yaşamaq üçün gəlmişdir. Bakı şəhərində Namir dalınca gəlmiş və onlar birlikdə kirayə yaşadığı evdə yaşamağa başlamışlar. Birgə yaşadıqları müddətdə o Namirdən ayrılmaq istəməyini bildirsə də, sonuncu ondan heç vaxt ayrılmayacağını söyləmişdir. Lakin buna baxmayaraq onunla birlikdə qalmışdır, həmçinin aralarında sözlə mübahisələr olsa da, lakin dava-dalaş olmamışdır.xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində o işdən çıxıb evə gəlmişdir. Bir müddət sonra Namir də evə gəlmişdir, saat 18:30 radələrində o, yenə də Namirə ondan ayrılmaq fikri olduğunu söyləmişdir. Lakin Namir ondan ayrılmayacağını bildirərək onunla mübahisə etməyə başlamışdır. Aralarında olan mübahisə daha da şiddətlənmişdir. Bu zaman Namir onun sol qolundan tutaraq möhkəmdən sıxmış və əli ilə sifət nahiyəsinə bir neçə dəfə zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. O, Namirin əlindən bir təhər çıxaraq çölə çıxmış və küçədə polis işçilərini görmüşdür. Onlara bu barədə məlumat vermişdir. Sonra polis işçiləri ilə birlikdə həmçinin Namir də Yasamal RPİ 26-cı PB-nə gələrək ərizə ilə müraciət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onları münaqişəsi 3-5 dəqiqə davam etmişdir, həmin vaxt evdə heç kim olmayıb. Münaqişə zamanı Namirin onu vurması nəticəsində sifət və sol qolun nahiyələrindən xəsarətlər almışdır. Münaqişə zamanı o Namiri vurmayıb. Həmçinin hazırda da Namir ondan əl çəkmir və onu narahat edir. Cinayət işi ola-ola yenə də onu narahat edir. Bu səbəbdən ailəsində də mübahisə vardır. Ona görə də Namirin ən ağır formada cəzalanmasını xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət qanunu ilə nəzərdə tutulmuş əməl düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ailəli olmasını, təqsirləndirilən şəxsin bu hərəkətlərinin hər ikisinin də ailə münaqişəsinə və problemlərinə səbəb olduğunu, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə münasibətlərinə son qoymaq istəsə də, təqsirləndirilən şəxsin barəsində cinayət işi davam etdiyi vaxtlarda zərərçəkmiş şəxsi narahat etdiyini, zərərçəkmiş şəxsin şikayətçi olduğunu, bununla da törətdiyi əməldən peşmançılıq keçirməməsini, təyin edilən cəzanın şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İş üzrə qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 ay (üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-392/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-392/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver