Məhkəmə qərarları › İş №1(004)-392/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-392/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-392/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi ev 164-də qeydiyyatda olmaqla faktiki olaraq Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi ev 164-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 13 mart 2024-cü il tarixdə Nəsimi rayonu, «Şamamxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,059 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Yasamal rayonu ərazisinə daşımış, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, 13 mart 2024-cü il tarixdə, saat 17:15-də yaşadığı ünvan 1 ünvanın qarşısında saxlanılaraq 29-cu PŞ-nə gətirilib, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd 1,059 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən təxminən 25 ilə yaxındır ki, inyeksiya yolu ilə istifadə edir. Məhz buna görə də dəfələrlə məhkum olunmuşdur. 13 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Şamaxinka” adlanan ərazidə piyadaların keçidi üçün nəzərdə tutulmuş körpünün altında üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 20 (iyirmi) manat qarşılığında şəffaf rəngli sellona bükülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin almış və istifadə etmək üçün geyindiyi cins şalvarının sağ yan cibində gizlətmişdir. O, həmin gün təxminən saat 17 radələrində yaşadığı Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 164 saylı ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək həmin şəxslərlə birlikdə şöbəyə getməyi təklif etmişdilər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və onlar Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdilər. Üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis idarəsində olan zaman onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış və ona Bakı şəhəri Mərkəz vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra dövlət hesabına vəkil dəvət olunmasını xahiş edib ərizə ilə yazıb müraciət etmişdir. Bundan sonra vəkil Müdafiəçi iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis şöbəsində inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstündə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da bundan sonra geyindiyi tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamin olan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra aşkar olunmuş psixotrop maddə olan metamfetamin ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 13 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 13 mart 2024-cü il tarixdə ondan və şöbənin sahə rəisi, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərar 29-cu PŞ-nin rəisi, polis polkovnik leytenantı Tural Nəzərov tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onlar həmin tarixdə saat 16 radələrindən Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 164 ünvanın yaxınlığına yəni, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına gəlmişdilər. Keçirilmiş güdmə nəticəsində ünvan 2 ünvanın yaxınlığında zahiri əlamətlərindən Təqsirləndirilən şəxs uyğun gələn bir nəfərin orada olduğunu görüb saat təxminən 17 radələrində Vüqara yaxınlaşaraq saxlamış və xidməti vəsiqələrini Vüqara təqdim etmişdilər. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Vüqara həmin şəxs barəsində əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdilər. Daha sonra həmin şəxslə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gəlmişdilər. Polis Bölməsində xidməti otaqların birində Vüqara dövlət hesabına vəkil dəvət olunmuş və şübhəli şəxs kimi hüquq vəzifələri Vüqara izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşya və ya maddə varsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Vüqar əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə olan metamfetamin olduğunu, özü istifadə etmək məqsədilə Nəsimi rayonu ərazisində “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı lakin, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞnin sahə rəisi, Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə (saat 17:15 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 32). “Şəxsi axtarış və götürmə aparılması” haqqında 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü, çıxarıb könüllü olaraq təqdim etdi. Bükülüyə baxan zaman içərisində kristal şəkilli, ağ rəngli olan maddə aşkar edilmişdir. O, həmin maddənin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, bu psixotrop maddəni xx.xx.2024cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq xx.xx.2024-cü il tarixdə, saat 17:15 dəqiqədə polis əməkdaşları tərəfindən yaşadığı ünvan 4 ünvanının qarşısında saxlandığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə və ya psixotrop maddəyə bənzər vasitə olan bir ədəd şəffaf sellofana bükülmüş, kristal şəkilli, ağ rəngli olan bükülü içərisindəki maddə ilə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmçinin tərəfimdən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, lakin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Şəxsi axtarış və götürmə xidməti iş otağında, təbii işıqlandırma şəraitində 13 mart 2024-cti il tarixdə aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. (İ/V. 37-38) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 13 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2024-cü il tarixli, 6/1501 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №169 dairəvi möhür əksləri olan, “...4. Təqsirləndirilən şəxs “imza”...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,059 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (İ/V. 45-49). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının 18 may 2024-cü il tarixli, 3456 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 100-101). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-247/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(İ/v75-79) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Rəsulov X3 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. (İ/V. 93-95). “Sübutların qiymətləndirilməsi haqqında” 3 iyun 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,059 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut kimi tanınmalı, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0.05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 1,009 qram təşkil edən həmin psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ/V. 109-114). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,009 qram metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-240/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,009 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar