Məhkəmə qərarları › İş №1(004)-393/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-393/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-393/2024 21.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” adlanan ərazidən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,531 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 05 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 20:30-da ünvan 2 ünvanın qarşısında küçədə saxlanılaraq, Bakı şəhəri, Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsinin inzibati binasına aparılmış, polis bölməsində onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 0,531 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə onun əynindəki tünd göy rəngli gödəkçənin sağ iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, günorta saatları idi. Saat 4-5 radələri idi. Kubinka adlanan ərazidə 10 manata patı almışdır. Saat 9-a qalmış polislər tərəfindən saxlanılmışdır. İlk dəfə 2019-cu ildə avqust ayında İran İslam Respublikasında olarkən narkotik vasitə istifadə etmişdir. Əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını və bir uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onu polis bölməsindən çağırıblar. Təqsirləndirilən şəxs üzərində axtarış edib, lakin heç nə çıxmamışdır. Ona kimi artıq üzərindəki metamfetamini polisə təqdim etmişdi. Ona qarşı heç bir zorakılıq olmayıb. Şəxs müqavimət göstərmədi, narkotik vasitəni özü təqdim etdi, sonra o da baxış keçirdi, üstündə heç nə yox idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Yaşadığı yeri müəyyən edib ona yaxınlaşıb özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla polis bölməsinə gəlmişdir. Ona qarşı heç bir zorakılıq olmamışdır. Özünü tərbiyəli aparmışdır. Üzərindəki narkotiki özü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Qərəzsiz mənbədən xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmışdır. 05 mart 2024-cü il tarixdə qrupun üzvü Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yer müəyyənləşdirilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanın qarşısına getmişlər. Həmin gün saat 20:30-da qeyd olunan ünvanda küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları olduqlarını deyib, narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlayaraq daşıması barədə məlumatlı olduqlarını bildirmiş və onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə onlardan yayınmağa çalışmış, ona yayınmamasını və onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz edə bilməmiş və onlarla birlikdə polis bölməsinə getməyə razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə Yasamal rayon polis bölməsinə getmiş və bu barədə raportla polis bölməsinin rəhbərliyinə məruzə etmişlər. Araşdırma aparılması polis idarəsinin təhqiqatçısı Məlik Məlikova tapşırılmış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bu barədə qərar ona və müdafiəçisinə təqdim edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində onun öz cinsindən olan şəxsin də iştirakı zəruri olduğundan 26-cı polis bölməsində xadimə işləyən Şahid1 dəvət edilmişdir. Belə ki, o, Şahid3, Şahid1 və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ iç cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümünü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs soruşulduqda təqdim etdiyi həmin bükümün içərisində «patı», yəni psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 05 mart 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki «Kubinka» adlanan ərazidən üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul verərək aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş kütləyə baxış keçirilən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, onun üzərindən əlavə qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1342 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 170” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,531 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2024-cü il tarixli 2690 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyalorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”da ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-142/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbayacn Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq olunaraq hökmlə ona təyin edilmiş cəzanın çəkilməsi 12 mart 2016-cı il təvəllüdlü uşağı X2 14 yaşına çatanadək təxirə salınmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Həmçinin belə olduğu təqdirdə Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Bununla da hazırkı cinayəti, əvvəlki hökmlə cəzanın təxirə salındığı müddətdə törətdiyi üçün və hazırkı cinayət qəsdən törədilən az ağır cinayət hesab edildiyi üçün Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)-142/2019 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təxirə salınması ləğv edilməli və ona Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Lakin “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndinin d) hissəsinə görə qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 adında uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını və bir uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə saat 21:40-da tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)-142/2019 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təxirə salınması ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əssən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)- 142/2019 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 il 08 ay 28 gün (3 il səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,481 qram psixotrop maddə matamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxsnun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar