Məhkəmə qərarları › İş №1(004)-394/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-394/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-394/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2, nümayəndəsi vəkil Nümayəndə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X4 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdirlər. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, X2 xx.xx.1976-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC-də baş direktor vəzifəsində çalışır. Bu günədək işlədiyi dövrdə ondan zərrə qədər də olsa hər hansı şikayət və narazıçılıq olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti uzun müddətdir ki, Bakı şəhərində fəaliyyət göstərən və özündə peşəkar işçi komandasını birləşdirən tikinti şirkətidir. Şirkətin əsas fəaliyyət istiqamətini yeni yaşayış kompleksinin salınması və yaxud mövcud köhnə tikililərin sökülüb əvəzində yeni və müasir tələblərə cavab verən binaların inşa edilməsi təşkil edir. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı əsas tutan şirkət fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhərində bir çox yaşayış komplekslərinin layihələndirilməsi, tikintisi və təmirini həyata keçirmiş, bir tikinti şirkəti olaraq Bakı şəhərinin müasir görkəm alması istiqamətində əhəmiyyətli işlər görmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 150 nömrəli və xx.xx.2022-ci il tarixli, 265 nömrəli Sərəncamlarına əsasən "xxxx" MMC-yə 623 saylı məhəllə, Z.Əhmədbəyov, İ.İsmayılov, C.Məmməquluzadə, İ.Əbilov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçivani və Ə.Abdullayev küçələrinin əhatəsində yerləşən cəmi 5,29 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Artıq 1 ildən artıq müddətdir ki, şirkətin əməkdaşları ilə həmin ərazidə yaşayan sakinlər arasında danışıqlar aparılır, onların mülkiyyətində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin sökülməsi, onun əvəzində mövcud ərazinin ümumi sahəsindən 20 faiz və daha çox sahəyə malik yaşayış və ya qeyri-yaşayış sahələrinin verilməsi, bina tikilib istifadəyə verilənə qədər vətəndaşlara kirayə haqlarının verilməsi və digər məsələləri əhatə edən ilkin köçürmə müqavilələri bağlanır. Onların irəli sürdüyü şərtlərdən narazı olan bəzi sakinlər cari ilin müxtəlif vaxtlarında şirkətin tikinti ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu M.Naxçivani və Ə.Abdullayev küçələrinin kəsişməsinə media nümayəndələrini dəvət etmiş və həqiqəti əks etdirməyən məlumatlar səsləndirmişlər. Barəsində şikayət verilmiş şəxs olan X4 isə nəinki həqiqəti əks etdirməyən yalan məlumatlar səsləndirmiş, o, onun ünvanına təhqiredici və böhtan xarakterli ifadələr səsləndirmişdir. Rəhmanova Sevincin çıxışları müxtəlif internet kanalları vaitəsilə yayımlanmış və geniş izləyici kütləsinə çatdırılmışdır. Həmin çıxışlarda Rəhmanova Sevinc tərəfindən haqqında səsləndirilən nalayiq ifadələri diqqətə çatdırır: “Kanal 13 Xəbər” adlı Youtube kanalında xx.xx.2023-cü il tarixində yayımlanan videonun 4:28-ci dəqiqəsində onu “biqeyrət və binamus” adlandırmışdır (həmin Youtube kanalının ümumi 401 000 nəfər abunəçisi var, video 14 000 dəfə izlənilib, 100-dən artıq şərh yazılıb); “Kanal 13 Xəbər” adlı Youtube kanalında xx.xx.2023-cü il tarixində yayımlanan videonun 12:28-ci dəqiqəsində “pulun yoxdur, rədd ol, çıx get” ifadəsini, həmin videonun 26:34-cü dəqiqəsində “gedirik Rəfailin başına daş salmağa”, həmin videonun 43:11 -ci dəqiqəsində “bunlar maşennikdirlər, quldurdular, hamısının əli qandadır, gəliblər camaatı yerlə-yeksan etməyə” ifadələrini, həmin videonun 43:48-ci dəqiqəsində “bunlar dovşandır, Rafaeollo çıx bayıra, çıxmır qorxur” ifadələrini işlətmişdir (həmin Youtube kanalının ümumi 401 000 nəfər abunəçisi var, video 5 400 dəfə izlənilib, 20-dən artıq şərh yazılıb); “Azad söz” adlı facebook səhifəsində xx.xx.2023-cü il tarixində yayımlanan videonun 4:07ci dəqiqəsində onun ünvanına “psixdiye bu Allaha and olsun, başı xarabdır bunun, getsin girsin dəlixanaya” ifadələrini işlədən zaman jurnalist ondan soruşur ki, “söhbət kimdən gedir?”, bu suala cavab olaraq R.Sevinc bildirir ki, “RR şirkətinin Rəfaili” deyə cavab vermişdir. Həmin videonun 4:21-ci dəqiqəsində “getsin Şamaxıda tiksin, nəslinə də yaxın olar, cinsinə də” həmin videonun 5:43-cü dəqiqəsində “bu lotudur, gəlib başımıza oyun açsın” ifadələrini işlətmişdir (həmin Facebook səhifəsinin ümumi 457 807 nəfər izləyicisi var, video 173 590 dəfə izlənilib, 600-dən artıq şərh yazılıb); “Abzasmedia” adlı səhifənin xx.xx.2023-cü il tarixində yayımladığı videonun 18:45-ci dəqiqəsində onun ünvanına “İlham Əliyevin düşmənidir, o deyir ki, İlham Əliyev mənə heçnə edə bilməz” ifadələrini işlətmişdir (həmin Facebook səhifəsinin ümumi 112 951 nəfər izləyicisi var, video 55 753 dəfə izlənilib, 100-dən artıq şərh yazılıb). Rəhmanova Sevinc tərəfindən barəsində səsləndirilən aşağıdakı ifadələr təhqirdir: “biqeyrət və binamus”; “pulun yoxdur, rədd ol, çıx get”; “gedirik Rəfailin başına daş salmağa”; “bunlar dovşandır, Rafaeollo çıx bayıra, çıxmır qorxur”; “psixdiye bu Allaha and olsun, başı xarabdır bunun, getsin girsin dəlixanaya”; “getsin Şamaxıda tiksin, nəslinə də yaxın olar, cinsinə də” (Qeyd: cins sözü itə aid olan bir məfhumdur, insana yox). Hesab edir ki, Rəhmanova Sevinc tərəfindən barəsində səsləndirilən aşağıdakı ifadələr böhtandır: “bunlar maşennikdirlər, quldurdular, hamısının əli qandadır, gəliblər camaatı yerlə-yeksan etməyə”; “bu lotudur, gəlib başımıza oyun açsın”; “İlham Əliyevin düşmənidir, o deyir ki, İlham Əliyev mənə heçnə edə bilməz”. Göründüyü kimi, göstərilən məlumatlar həqiqətə uyğun deyil, ona qarşı təhqir və böhtandır ki, bu da məhkəmə tərəfindən araşdırılmaqla qanunamüvafiq tədbirlər görülməlidir. Çünki, Rəhmanova Sevinc öz yalan, böhtan və təhqir dolu statusunda şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, cəmiyyət içərisində onu nüfuzdan salan məlumatları yaymış, lakin həmin məlumatların həqiqət olmasını təsdiq edən heç bir sübut və mənbə göstərməmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, Rəhmanova Sevincin hərəkətləri nəticəsində o, arzuolunmaz vəziyyətə düşüb, onun barəsində bu cür yalan məlumatlar yayımlanması rəhbərlik etdiyi müəssisədə, cəmiyyət içərisində onun nüfuzuna ciddi xələl gətirmiş, xüsusilə ailəsinin psixologiyasına pis təsir göstərmiş, qanuni hüquqlarının və mənafeyinin pozulması ilə yanaşı, ailəsi onunla birgə mənəvi iztirab keçirmiş, əzab çəkmişdir. Hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi o, cəmiyyət arasında gördüyü işlər, həyata keçirdiyi layihələrlə nüfuz qazanan insandır. Bu hal onun işgüzar nüfuzuna xələl gətirmiş, şərəf və ləyaqətini alçaltmışdır. Həmçinin, Rəhmanova Sevincin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Ona görə də hesab edir ki, onun barəsində təhqir və böhtan xarakterli məlumatlar yayan Rəhmanova Sevinc qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidir. Yuxarıda qeyd etdiyi kimi barəsində şikayət verilən şəxs onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan, həmçinin təhqir, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları “Kanal 13 Xəbər” adlı Youtube kanalında, “Azad söz” adlı facebook səhifəsində, “Abzasmedia” adlı səhifəsində yaymaqla öz hərəkətində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddəsində qeyd olunmuş cinayət əməllərini törətmişdir. Onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, barəsində təhqir və böhtan xarakterli məlumatlar yaymış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi, vəkil Nümayəndə şikayətin icraata qəbul edilməsini və X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayətin verildiyi yer göstərilməmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar