Məhkəmə qərarları › İş №1(004)-395/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-395/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-395/2022 04.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili X6, Təqsirləndirilən şəxs: xx xxx 1991-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,011 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 22 iyun 2022-ci il tarixdə saat 19:15-də ünvan 2 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq Polis Bölməsinə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd sarımtıl rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 1,011 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx xxx 1991-ci il tarixdə Balakən rayonu, Mahammalar kəndində anadan olmuş, Balakən rayonunda böyümüş, milliyyətcə azərbaycanlıdır. Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan dilində sərbəst danışa bilir və tam olaraq sərbəst formada başa düşür, tərcüməçinin, həmçinin mütəxəsisin köməyindən və xidmətlərindən istifadə etməyinə ehtiyac yoxdur, psixoloji, fiziki və əqli qüsuru yoxdur, bu və ya digər xəstəliklərlə bağlı hər hansısa bir xəstəlik keçirtməmiş və heç bir tibb müəssisəsində qeydiyyatda olmamış, eləcə də bu və bu kimi xəstəliklərlər bağlı hər hansısa bir yerə müraciət etməmişdir. Tam, rahat və sərbəst formada ifadə verərək bildirmişdir ki. Balakən rayonu, Mahammalar qəsəbə ərazi dairəsi, Mahammalar kəndində qeydiyyatdadır, lakin ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. Orta təhsilini Balakən rayonu, “Nəsimi adına 2 saylı” tam orta məktəbdə Azərbaycan dili bölməsində alıb tam olaraq orta təhsilini bitirmişdir. 2009-cu il tarixdən 2011-ci il tarixədək müddətdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N saylı” hərbi hissəsində xidmətdə olmuş və xidməti başa vurmuşdur. Təxminən 5-6 ay olar ki. narkotik vasitə istifadə etmişdir. İlk olaraq marixuana, sonralar isə əsasən “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroinə başlamış, hazırda da inneksiya üsulu ilə istifadə elməkdədir. Bildirmişdir ki. 22 iyun 2022-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri. Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün təxminən 5 manat pul müqabilində bir ədəd sarımtıl rəngli kağıza bükülmüş bükümdə “kakos" kimi tanınan narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əynindəki qara rəngli şalvarının arxa sağ cibinə qoyub üzərində saxlayıb gəzdirmiş, bir-iki xırda işlərini həll etmiş və yaşadığı ünvan 6 ünvana doğru hərəkət etmişdir. Elə həmin günü, təxminən iki saatdan sonra, yəni, 22 iyun 2022-ci il tarixdə saat 19:15 radələrində ünvan 7 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal RPİnin 26-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələr istifadə etdiyindən şübhə etdiklərini bildirib onu, Bakı Şəhər Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Polis Bölməsində oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə nə varsa təqdim etməsi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı sarımtıl kağıza bükülmüş bir bükümdə “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroini əynindəki qara rəngli şalvarın arxa sağ cibindən çıxarıb təqdim etmişdir. Sonra həmin bir bükümdə olan heroin, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsi daşıyır. Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 22 iyun 2022-ci il tarixdə o, və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 26cı Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 22 iyun 2022-ci il tarixdə saat 19:15 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onlarla birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Bölməyə gəlmiş və Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış apanlmazdan əvvəl Elvin Mamcdova hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğluna təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli şalvarının arxa sağ cibində saxladığı bir ədəd sarımtıl rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan narkotik vasitə “kola”, “kakos” kimi tanınan heroindir. Həmin heroini 22 iyun 2022-ci il tarixdə saat 16:30 radələrinfdə Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün bir bükümünü 5 manat müqabilində alıb əynindəki qara rəngli şalvarının arxa sağ cibinə qoyaraq ilə ünvan 8 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3496 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” imza sözləri olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1,011 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroin təmiz çəkisi - 1,011 qram, tədqiqata sərf edildi ümumi 0,100 qram, qalıq 0,911 qram.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 3474 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOPİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıliıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 28 gün (on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,911 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar