Məhkəmə qərarları › İş №1(004)-399/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-399/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-399/2024 11.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 04-cü Nərimanov döngəsi, 22 saylı evdə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 11 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1.023 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:30 radələrində isə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən zaman şübhəli göründüyü üçün saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükülünün içərisində təmiz çəkisi 1,023 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddət narkotik vasitə olan heroindən istifadə etmiş və bu onda artıq asıllıq yaratdığı üçün narkotik maddədən istifadə etməyəndə dözülməz ağrıları olurdu. Təxminən beş il əvvəl çanaq sümüyü sındığı üçün ayaqlarında tez-tez ağrılar baş vermiş və ağrıları şiddətli olan zaman o, narkotik vasitə olan heroin tapıb qəbul etmişdir. Belə ki, o, 11 mart 2024-cü il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün Bakı şəhəri, Nəsimi rayonundakı “Kubinka” adlanan əraziyə getmiş və orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf rəngli selofana bükülmüş və içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik maddə olan heroin kimi bildiyi bir ədəd bükümü alıb əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə olan heroini cibində gizlədib piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 19:30 radələrində o, ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onun şəxslərdən hansı səbəbə saxlandığını soruşduqda, polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada onu xidməti iş otaqlarının birinə apararaq hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət etmişlər. Daha sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ondan üzərində hər hansı bir qeyri-qanuni əşya olduğu təqdirdə, həmin əşyanın təqdim edilməsi tələb edilmişdir. O, həmin vaxt üzərində olan narkotik vasitəni artıq gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəffaf rəngli selofanda olan bir ədəd büküm onun iştirakı ilə açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o, bükümdəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik maddəni o, 11 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri. Nəsimi rayonunun «Kubinka» adlanan ərazisində üzdən tanıdığı lakin adı, soyadı, atasının adını bilmədiyi kişi cinsli şəxsdən cəmi 15 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd büküm polis əməkdaşı tərəfindən içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzərinə iştirakçılar, müdafiəçisi və özü tərəfindən imzalar atılmışdır. Yekunda bu barədə protokol tərtib edilmiş və iştirakçılarla birlikdə həmin protokolu onlar imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 27-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 27-ci PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 mart 2024-cü il tarixdə saat 19:30 radələrində Şahid2 ilə birlikdə ünvan 1 evin qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Rəfail onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 27-ci Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə həmin PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Hacı Şıxməmmədova təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Rəfail əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli selofana bukulmuş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Rəfail həmin bükülünün içərisində olan narkotik vasitə olan heroini həmin gün Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 89-91-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın bir daha yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis idarəsinin 27-ci Polis Şöbəsinin C/A üzrə baş əməliyyat müvəkkili, Şahid1 və onun iştirakı ilə 11 mart 2024-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 11 mart 2024-cü il tarixdə saat 19:45 dəqiqədə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 ünvan 1 ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınması şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinin inzibati binasına gəlmişdir. Orada xidməti iş otaqlarının birində həmin şəxsə hüquqları izah olunmuş və müdafiəçi kimi Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etmək təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümü çıxaıdıb qarşısındakı masanın üzərinə qoymuşdur. Büküm Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya, yaxud predmet aşkar olunmamışdır. Digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroinə bənzər kütlə olan bir ədəd şəffaf selofana bükülmüş büküm içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd bükümün içərisində olan narkotik maddənin konkret nə olması və onu haradan əldə etməsi soruşmuş və həmin şəxs üzərində aşkar olunmuş bir ədəd bükümdəki olan narkotik maddənin heroin olduğunu bildirmiş, aşkar olunmuş narkotik maddəni isə 11 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunun «Kubinka» deyilən ərazisində tanımadığı kişi cinsli şəxsdən 15 manat pul müqabilində aldığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 31-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 12 mart 2024-cü il tarixli 33-16-16/2-6/1448 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N* 168" möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd biikümdə təmiz çəkisi 1,023 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ei il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 40-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 nəticələrinə dair 25 mart 2024-cü il tarixli 1778A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 78-79) “Maddi sübut kimi tanınma haqqında” 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,023 qram narkotik maddə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra bir ədəd zərfdə qalıq qalmış 0,923 qram narkotik vasitə olan heroin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. (i.v. 86) “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 11 mart 2024-cü il tarixdə saat 21:30 dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı X6 qarşısındakı masa arxasında sağ tərəfdə əyləşmiş şəxs, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun müdafiəçisi Müdafiəçidur. Xidməti otaqda olan masadan sol tərəfdə isə əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli uzunqol köynəyi olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar olaraq sol əlində əsa gəzdirir. Təqsirləndirilən şəxs sol və sağ tərəfində dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid1dur. Həmin videoçəkilişin davamında təhqiqatçı Səyyad Gözəlov, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlini əvvəl əynindəki qara rəngli şalvarının sağ yan cibinə salaraq oradan şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli maddənin olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddənin «kokos» kimi tanıdığı narkotik maddə olan heroin olduğunu və həmin narkotik maddəni 11 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunun «Kubinka» adlanan ərazisində tanımadığı kişi cinsli şəxsdən on beş manat pul müqabilində aldığını və satış məqsədi olmadan üzərində daşıyaraq həmin tarixdə saat 19:30 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanıldığım bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli selofana bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında təhqiqatçı X8 tərəfindən qablaşdınlaraq içərisi boş zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin ‘‘Zərflər üçün” 168 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və iki nəfər polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. (i.v. 95) “Sübutların qiymətləndirilməsinə dair” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 111-116) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.923 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 21) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-236/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 68-72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimişdir. (i.v. 96-99) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(004)-262/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 101-106) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 24 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(004)-262/2023 nömrəli hökmünə əsasən təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 15 gün hissəsini çəkmiş və çəkilməmiş cəza müddəti 01 il 09 ay 11 gün təşkil edir. (i.v. 108) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(004)-262/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, habelə onun əvvəllər CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.923 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməməsini məhkəmə bunu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla hesab edirki ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(004)-262/2023 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (10 ay 20 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 11 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarına saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(004)-262/2023 saylı hökmü ilə təyin olunmuş və 11 mart 2024-cü il tarixə çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla (10 ay 20 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarının saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.923 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar