Məhkəmə qərarları › İş №1(004)-40/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-40/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-40/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, “xxxx” MMC-nin təsisçisi olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-558/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 22, mənzil 20 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquq verən və vəzifədən azad edən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb satma və epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratma cinayətlərini törətmişdir. Belə ki, о, epidemiya və karantin rejimlərini pozmaqla koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 57 В ünvanında yerləşən, təsisçisi olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində özünə məxsus "Acer" markalı, Aspire E1 seriyalı, Z5WE3 modelli noutbukda vətəndaş Zərərçəkmiş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində rəsmi qaydada hər hansı bir vəzifədə işləmədiyi halda guya onun həmin cəmiyyətdə texniki nəzarətçi işləməsi ilə bağlı karantin postlarında təqdim edilməsi hüququ verən və vəzifədən azad edən digər rəsmi sənəd hesab olunan buraxılış vərəqəsini saxtalaşdırmaqla hazırlayıb həmin saxta sənədi özünə məxsus “HP Officejet K7103" modelli printer aparatında çıxararaq qeyd edilən cəmiyyətin icraçı direktoru Şahid4 adının qarşısında öz imzasını çəkib saxtalaşdırmaqla qanunsuz hazırladığı həmin sənədi 200 manat müqabilində Zərərçəkmiş şəxs satmış, bununla da «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarının 1-ci bəndinə əsasən xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 19:00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 57 B ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinin qarşısında saxlanılaraq onun iştirakı və razılığı ilə baxış keçirilərkən həmin yerdə saxta sənədin hazırlanmasında istifadə olunan bir ədəd “Acer" markalı, Aspire E1 seriyalı, Z5WE3 modelli noutbuk, bir ədəd “HP Officejet K7103" modelli printer, həmin cəmiyyətə məxsus olan bir ədəd möhür və "xxxx" ASC tərəfindən X6 adına verilmiş bir ədəd hesab kartı aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilib, həmin Məcəllənin 139-1.1 maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə proses iştirakçılarının mülahizələrini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək icraat zamanı verilmiş ifadəsinin onun iştirakı ilə elan edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasına elan olunmuş ifadəsindən görünür ki, o, 2013-cü ilin noyabr ayında “xxxx” MMC-ni təsis etmiş, şirkətin təsis nizamnaməsi olmaqla, həmin şirkətin təyinatı daşınar və daşınmaz əmlakla bağlı müstəqil ekspertiza xidmətlərinin, qiymətləndirmə xidmətlərinin göstərilməsi olmuşdur. Şirkətin təsisçisi özü olsa da, direktoru Şahid4 olmuşdur. Şirkətdə ondan başqa ekspert qismində qiymətləndirmə ilə məşğul olan X9 adlı işçi olmuşdur. Karantin rejimi tətbiq edildiyinə görə vətəndaşların hərəkəti qanunla məhdudlaşdırılmış və Nazirlər Kabinetinin qərarı əsasında yalnız arayışları olan şəxslər həmin arayışları polis postlarında təqdim edib sərbəst hərəkət edə bilmişdir. Bununla əlaqədar o, müxtəlif şəxslərin buraxılış vərəqini karantin postlarında təqdim edib sərbəst hərəkət edə bilmələri üçün şirkətin adından həmin şəxslərə buraxılış vərəqi verməyi düşünmüşdür. Uzun müddətdir ki, tanıdığı Elşən adlı şəxs söhbət zamanı ona heç bir yerdə işləmədiyini, ölkədə karantin rejimi tətbiq edildiyinə görə sərbəst hərəkət edə bilmədiyini demişdir. Elşən ondan karantin postlarında təqdim edilməsi üçün arayış istəmiş, o, sonuncuya belə bir arayış verə biləcəyini demişdir. Həmin arayışda Elşənin guya “xxxx” MMC-də texniki nəzarətçi vəzifəsində işləməsi barədə yalan məlumat yazacağını demiş, bunun üçün Elşəndən 200 manat pul istəmişdir. O, xx xxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində şirkətə getmiş və şirkətin qapısını açarla açıb içəri daxil olmuş, özünə məxsus olan «Acer» markalı noutbukda Elşənin adına buraxılış vərəqi hazırlamış və həmin buraxılış vərəqində icraçı direktor kimi qaynı Şahid4 adını yazmış və sonuncunun ad və soyadının qarşısından elə öz imzasını çəkmişdir. O, həmin arayışda Zərərçəkmiş şəxs “xxxx” MMC-də texniki nəzarətçi vəzifəsində işlədiyini yalan olaraq yazmış, həmçinin arayışın verilmə tarixini xx xxxxx 2020-ci il kimi və arayışın etibarlı olma müddətini xx xxxxx 2020-ci il tarixə kimi yazmışdır. Kompüterdə həmin buraxılış vərəqini hazırlamış və arayışı «HP» markalı printer aparatından çıxarmış, arayışı printerdən çıxartdıqdan sonra arayışda Etibarın ad və soyadının qarşısında öz imzasını çəkmiş, sonra şirkətin möhürünü arayışa vurmuşdur. xx xxxxx 2020-ci il tarixdə Elşənə arayışın hazır olduğunu demiş, ona qaynanası X6 adına olan «xxxx» ASC-yə aid olan hesab kartının nömrəsini vermiş, həmin hesab nömrəsinə 200 manatı köçürməsini bildirmişdir. Daha sonra o, “9933” taksi xidmətinə zəng etmiş və həmin arayışı gələn taksi sürücüsünə verərək onu Etibara çatdırmasını xahiş etmişdir. Bir qədər sonra Elşən zəng edib arayışı götürdüyünü və pulu isə verdiyi hesab nömrəsinə köçürtdüyünü bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində o, ofisdə olan zaman polislər ofisə gəlmiş, ona onun saxta arayış hazırlamağı barədə məlumat daxil olduğunu demişlər. Ofisə baxış keçirən zaman ofisdən bir ədəd “Acer" markalı noutbuk, bir ədəd "HP" markalı printer, bir ədəd möhür və bir ədəd hesab kartı aşkar edilib götürülmüşdür (1. cild: iş vərəq: 64-68). Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həm cinayət işinin materiallarında, həm də elektron məhkəmə informasiya sistemində olan sərhədkeçmə məlumatına əsasən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının hüdudlarından kənarda Türkiyə Respublikasında olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, zərərçəkmiş şəxs uzun müddətdir ki, Türkiyə Respublikasındadır və onun nə vaxt qayıdacağı məlum deyildir və bu səbəbdən məhkəmə baxışının təxirə salınması və ya məhkəmə iclasının başqa vaxta keçirilməsi cinayət işi üzrə məhkəmə baxışının lüzumsuz uzadılmasına səbəb olacaqdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, bir müddət öncə tanış olduğu Oktay adlı şəxsin Azərbaycan Respublikasında yaranmış "Covid 19" virusu ilə əlaqədar xüsusi karantin dövründə vətəndaşların sərbəst hərəkəti üçün buraxılış vərəqəsi hazırladığını və ona da 200 manat müqabilində buraxılış vərəqəsi düzəldə biləcəyini demişdir. Bunun qanunsuz olduğunu bildiyi üçün Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinə müraciət etmək qərarına gəlmiş və şəxsi vəsaiti hesabına Oktay adlı şəxsin qanunsuz əməllərini ifşa edilməsində iştirak etməyinə hazır olduğunu bildirmişdir. Belə ki, şəxsi vəsaitində olan 02 ədəd 100 manatlıq pul əskinasından ibarət 200 manat pulun ksero surəti çıxarılmış və yenidən özünə qaytarılmışdır. xx xxxxx 2020-ci il tarixdə Oktay adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış və Oktay adlı şəxs ona karantin dövründə sərbəst hərəkət etmək məqsədi ilə polis postlarına təqdim etmək üçün buraxılış vərəqəsini hazırlayacağını bildirmişdir. Bir müddət sonra taksi vasitəsi ilə ona üzərində Zərərçəkmiş şəxs yazılmış “xxxx” MMC-nin buraxılış vərəqəsi yazılmış möhürlü, imzalı sənədi göndərmişdir. O da bunun üçün Oktayın verdiyi X6 adına olan ******************** saylı hesab nömrəsinə 200 manatı “xxxx" vasitəsi ilə köçürmüşdür. Oktayın ona verdiyi buraxılış vərəqəsini və 200 manat pulun köçürülməsinə dair qəbzi polis əməkdaşları götürərək qablaşdırmışlar (1. cild: iş vərəq: 100-102). Şahid - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, xidməti zərurətlə əlaqədar keçirilən məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaq məqsədi ilə ayrı-ayrı vətəndaşlara saxta arayışlar vermiş, həmin şəxslər də qeyd edilən arayışlardan istifadə edərək karantin rejimlərini pozmuşlar. İdarəyə müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs bildirmişdir ki, Oktay ona saxta arayış vermək üçün 200 manat pul istəmişdir. Zərərçəkmiş şəxs keçiriləcək əməliyyat tədbirində şəxsi pul vəsaiti hesabına iştirak etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məxsus olan 200 manat pul vəsaitinin nömrələri və seriyaları protokolda yazılaraq bu proses videoçəkilişlə rəsmiləşdirilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 200 manat pul vəsaitini Təqsirləndirilən şəxs verərək ondan bir ədəd arayışı almış və həmin arayışda Zərərçəkmiş şəxs “xxxx” MMC-də operator işləməsi qeyd edilmişdir. Lakin əslində isə Zərərçəkmiş şəxs həmin şirkətdə işləməmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi şirkətə getmiş və şirkətdə onları Təqsirləndirilən şəxs qarşılamışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib bildirmişlər ki, onun karantin rejimlərini pozması və insanlara saxta arayış verməsi haqqında məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, 200 manat pul müqabilində Zərərçəkmiş şəxs saxta arayış vermiş, həmin arayışda Elşənin guya həmin şirkətdə operator işlədiyini, lakin əslində isə işləmədiyini bildirmişdir. Bundan sonra Elşən Quliyevin otağına videoçəkilişlə baxış keçirilməyə başlanılmış və baxış zamanı həmin ofisdən bir ədəd "Acer" markalı noutbuk, bir ədəd “HP" markalı printer, bir ədəd möhür və bir ədəd hesab kartı aşkar edilib götürülmüşdür (3. cild: iş vərəq: 172-174). Şahidlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları Şahid1 və Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, xidməti zərurətlə əlaqədar keçirilən məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (3. cild: iş vərəq: 175-177). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (3. cild: iş vərəq: 178-180). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2018-ci ildən etibarən “xxxx” MMC-nin icraçı direktoru işləyir, həmin şirkətin təsisçisi yeznəsi Təqsirləndirilən şəxsdur. Həmin şirkət əsasən daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi ilə məşğul olmaqla, müstəqil ekspert kimi fəaliyyət göstərir. Hər hansı bir əmlakın qiymətləndirilməsi lazım olanda Oktay ona tapşırıq vermiş, o da həmin tapşırıq əsasında qiymətləndirilməli olan əmlakın mövcud vəziyyətinin fotoşəkillərini çəkmiş və həmin fotoşəkilləri Oktaya təqdim etmişdir. Oktay təqdim etdiyi fotoşəkillər əsasında qiymətləndirmə haqqında arayış və ya rəy hazırlamışdır. O, bir neçə gün əvvəl bilmişdir ki, Oktay kiminsə adına saxta arayış hazırlamışdır ki, guya həmin şəxs “xxxx” MMC-də hansısa vəzifədə işləyir, həmin arayışda isə onun adını yazmış və adının qarşısından imza çəkmişdir. Həmin arayışın hansı məqsədlə hazırlandığını bilməmişdir. Oktay belə bir saxta arayışı hazırlaması barədə nə qabaqcadan, nə də sonradan ona məlumat verməmişdir. Əgər bundan məlumatı olsaydı, icazə verməzdir ki, belə bir arayış hazırlasın. Həmin şirkətdə Elşən adlı şəxs işləməmiş, Oktayın əvvəllər saxta sənəd hazırlayıb-hazırlamadığını dəqiq bilməmişdir (1. cild: iş vərəq: 82-84). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertizası və X4 tibb eksperti X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, hər hansı bir sağlam şəxs tərəfindən sanitar-gigiyena qaydalarının pozulması ilə onun bədənində, paltarında və ya sair formada koronavirusun bir yerdən başqa bir yerə daşınması və digər şəxsləri yoluxdura bilməsi mümkündür (3. cild: iş vərəq: 229-230). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 5/158/159 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki: 1. Tədqiqata təqdim edilmiş bir ədəd noutbuk “Acer" markalı Aspire E1 seryalı Z5WE3 modelli olmaqla, hal-hazırda istifadəyə yararlıdır və həmin noutbukda Zərərçəkmiş şəxs adına olan buraxılış vərəqəsi blankın rəqəmsal təsviri aşkar edilmişdir. 2. Tədqiqata təqdim edilmiş bir ədəd “HP Offıcejet K7103" modelli printer qurğusunun axınlı çap üsuluna malik olmasına əsasən tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs adına yazılmış xx xxxxx 2020-ci il tarixli buraxılış vərəqəsi tədqiq olunan bir ədəd “HP Officejet K7103" modelli printer qurğusu vasitəsi ilə çap olunması istisna edilmir. 3. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs adına yazılmış xx xxxxx 2020-ci il tanxli buraxılış vərəqəsində olan mohur əksi relyef klişe vasitəsilə sənəd üzərinə birbaşa vurulmuşdur və təqdim olunmuş möhürlə və həmin möhürdən alınmış eksperimental əks nümunələrlə eynilik təşkil edir. Ekspertiza xərci 107,16 manat təşkil edir (1. cild: iş vərəq: 34-39). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 4/172 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş «xxxx» MMC-nin adından olan xx xxxxx 2020-ci tarixli buraxılış vərəqəsində «İcraçı direktor» qrafikasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 112 manat təşkil edir (3. cild: iş vərəq: 123-126). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən Baş X1 İdarəsinə ünvanlanmış xx xxxxx 2020-cı il tahxli ərizədən görünür ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaq məqsədi ilə saxta sənədlər hazırlayıb satmaqla məşğul olmuş, hətta onun özünə də belə bir sənəd hazırlaya biləcəyini demişdir (1. cild: iş vərəq: 6). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş BMCMİ-nin əməkdaşı Şahid2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası ərazisində xüsusi karantin dövründə polis postlanna təqdim etmək üçün saxta buraxılış vərəqəsi alınması üçün Zərərçəkmiş şəxs şəxsi vəsaitindən təqdim etdiyi bir ədəd A seriyalı 65690341 nömrəli 100 (yüz) manatlıq və bir ədəd A seriyalı 29134967 nömrəli 100 (yüz) manatlıq pul əskinaslarından ibarət olmaqla 200 manat pulun keçiriləcək əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün kserosurəti çıxarılmaqla videoçəkiliş vasitəsi ilə əməliyyat-axtarış tədbirində iştirak edən Zərərçəkmiş şəxs verilmişdir (1 cild: iş vərəq: 9). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş BMCMİ-nin əməkdaşı Şahid2 tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli «əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə» protokoldan görünür ki, həmin tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 57B ünvanında fəaliyyət göstərən «xxxx» MMC-dən 5 ədəd ezamiyyət vərəqəsi, 1 ədəd buraxılış vərəqəsi, 1 ədəd boş blank, 2 ədəd möhür, 1 ədəd “HP" markalı printer, "Acer" və "Dell" markalı noutbuklar və 200 manat pulu qəbul etdiyi “xxxx"-a məxsus bank kartı aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd "Acer" markalı Aspire E1 seriyalı Z5WE3 modelli noutbuk, bir ədəd "HP Officejet K7103" modelli printer, 1 ədəd möhür, Zərərçəkmiş şəxs adına yazılmış 1 ədəd buraxılış vərəqəsi, 200 manat pul vəsaitinin köçürülməsini təsdiq edən qəbz və əməliyyat-axtanş tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu disklər, 200 manat pul vəsaitinin köçürüldüyü 1 ədəd hesab kartı iş üzrə maddi sübut hesab edilməsi, bir ədəd "Acer" markalı Aspire E1 seriyalı Z5WE3 modelli noutbuk, bir ədəd "HP Officejet K7103" modelli printer, 1 ədəd möhürün BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılması, Zərərçəkmiş şəxs adına yazılmış 1 ədəd buraxılış vərəqəsi, 200 manat pul vəsaitinin köçürülməsini təsdiq edən qəbz və əməliyyat-axtanş tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu disklərin cinayət işinin materiallarında saxlanılması, 200 manat pul vəsaitinin köçürüldüyü 1 ədəd hesab kartı gündəlik tələbat əşyası olduğundan sahibinə qaytarılması, həmin hesab kartının surətinin çıxarılaraq cinayət işində saxlanılması qərara alınmışdır (3. cild: iş vərəq: 181-182). İş materiallarında olan “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Nuran Quliyev və xx.xx.2014cü il təvəllüdlü Nurgün Quliyeva adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan, hökmdən və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)- 558/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(103)-823/2016 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı ağır X3 Oktay Təvəkkül oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair xx.xx.2015cı il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə təyin edilmiş əsas və əlavə cəzalar yüngülləşdirilərək azadlıqdan məhrum etmə cəzasının müddəti 09 ildən 08 il 06 aya, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddəti 02 il 06 aydan 02 ilə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxsin əməli AR CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək azadlıqdan məhrum etmə cəzası 07 il 06 aya endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən, azadlıqdan məhrum etmə cəzası 05 il 06 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 05 ay 19 gününü çəkməkdən ötrü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Penitensiar Xidmətin 2 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixə (şübhəli şəxs qismində tutulan günə) çəkilməmiş qalan cəzası 07 ay 14 gün təşkil edir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (1. cild: iş vərəq: 46). İş materiallarında olan qərarlardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(005)-451/2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs brəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(005)-807/2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır (1. cild: iş vərəq: 77-80, 3. cild: iş vərəq: 143-148). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən CM-in 139-1.1-ci maddəsinə münasibətdə inkar edilsə də, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin digər materialları ilə hər iki maddəyə münasibətdə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaradılması cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)- 558/2015 saylı hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halı ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin törədilmə şəraitini və xarakterini, ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yəni dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-558/2015 saylı hökmü ilə təyin edilmiş və sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə endirilmiş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə və azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış və Baş X1 İdarəsində saxlanılan bir ədəd “Acer” markalı “Aspire” E11 seriyalı Z5WE3 modelli noutbuk, bir ədəd “HP Officejet K7103” modelli printer, bir ədəd möhür “xxxx” MMC-yə qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs adına yazılmış bir ədəd arayışın, 200 manat məbləğində pul vəsaitinin köçürülməsini təsdiq edən qəbzin və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair videoçəkilişin əks olunduğu disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 200 manat pul vəsaitinin köçürüldüyü bir ədəd hesab kartının sahibi X7 qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertizaların keçirilməsinə xərclənmiş ümumilikdə 219,16 (iki yüz on doqquz manat, on altı qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)- 274/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayə Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 08 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə və azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Baş X1 İdarəsində saxlanılan bir ədəd “Acer” markalı “Aspire” E11 seriyalı Z5WE3 modelli noutbuk, bir ədəd “HP Officejet K7103” modelli printer, bir ədəd möhür “xxxx” MMC-yə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs adına yazılmış bir ədəd arayışın, 200 manat məbləğində pul vəsaitinin köçürülməsini təsdiq edən qəbzin və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair videoçəkilişin əks olunduğu disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 200 manat pul vəsaitinin köçürüldüyü bir ədəd hesab kartının sahibi X7 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizaların keçirilməsinə xərclənmiş ümumilikdə 219,16 (iki yüz on doqquz manat, on altı qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar