Məhkəmə qərarları › İş №1(004)-40/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-40/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-40/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 və X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.2, 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin 11-14 may və 2022-ci ilin 12-17 iyul tarixlərində öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X6 ilə aralarında bağlanmış 05 fevral 2018-ci il tarixli əmək müqaviləsi əsasında "X16" MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyərkən gömrük bəyannamələrinin tərtib edilməsi, gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlərin hazırlanması, rüsumların ödənilməsi sahəsində vəzifələrinin icrası üçün onun istifadəsinə verilmiş MMC-yə məxsus “Biznes” kartı üzərində tam sərəncam verməyə səlahiyyətli şəxs kimi 2022-ci ilin may ayının 11-dən 14-dək olan dövr ərzində tamah məqsədilə əsassız surətdə maddi sərvət əldə etmək üçün həmin kartdan 36.260 manat 60 qəpik məbləğində pul vəsaitini "xxxx" ASC-də öz adına açılmış 5247 4805 0358 2179 saylı karta köcürərək öz ehtiyaclarına sərf etməklə özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vuraraq mənimsəmiş, talama faktı MMC tərəfindən aşkar olunduqdan sonra qeyd olunan pul vəsaitini 24 may 2022-ci il tarixli seriya GDG/1 No 012795 nömrəli kassa mədaxil orderi əsasında cəmiyyətin xəzinəsinə ödəyərək geri qaytarmışdır. Bundan başqa, o, təkrarən cəmiyyətin ünvan 3 ünvanında yerləşən Sənaye parkının Təchizat və logistika departamentində gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyərkən tamah məqsədilə, əsassiz surətdə maddi sərvət əldə etmək üçün öz qulluq mövqeyindən istifadə etməklə ona gömrük əməliyyatlarının aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədilə 7 iyul 2022-ci il tarixdə “X16” MMC tərəfindən ona etibar edilmiş "xxxx" ASC-də həmin cəmiyyətin adına açılmış 5477 1047 5411 9223 saylı biznes kartından 2022-ci ilin 12-16 iyul tarixlərində müxtəlif ünvanlarda “Mobil şöbə” tətbiqi vasitəsi ilə 27104,88 (iyirmi yeddi min yüz səkkiz manat səksən səkkiz qəpik) manat, sonuncu dəfə isə 17 iyul 2023-c ü il tarixdə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin “Nizami” filialının qarşısında istifadəsində olan “İpohne 11 Pro max” markalı mobil telefonuna yüklədiyi "xxxx" ASC-nin “Mobil şöbə” tətbiqi vasitəsi ilə “cart to cart” əməliyyatı edərək cəmiyyətin adına açılmış 5477 1047 5411 9223 saylı biznes kartından "xxxx" ASC-də öz adına açılmış 5247 4805 0358 2179 saylı kartına 6733.50 (altı min yeddi yüz otuz üç manat, əlli qəpik) manat vəsaiti köçürməklə, ümumilikdə 33838,38 (otuz üç min səkkiz yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə "xxxx" ASC-də adına olan 5247 4805 0358 2179 saylı kartına köçürərək həmin vəsaiti şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən özgə əmlaını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “X14” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2022-ci il tarixdə həmin şirkətin işçisi Şahid1 məzuniyyətdə olduğu üçün onun istifadəsində olan “X16” MMC-nin biznes kartı ona təhkim olunmuşdur. O, gömrük əməliyyatlarının aparılması ilə bağlı rüsum ödənilməsi zamanı texniki problem yarandığı həmin kartda olan 36.260 manat 60 qəpik pul vəsaitini buna icazəsi olmadan öz adına açılmış karta köçürmüş, Şahid1 işə qayıtdıqdan sonra o, bu barədə rəhbərliyə məlumat verərək həmin pulu cəmiyyətə geri ödəmişdir. Bundan sonra o, 13 iyul 2022-ci il tarixdə 4 dəfə 748.73 manat pul vəsaitinin təyinat olaraq "xxxx" ASC-də öz adına olan 5247 4805 0358 2179 nömrəli karta köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 748.73 manat, xx.xx.2022-ci il tarixdə 748.73 manat və əlavə olaraq 5 dəfəyə hər dəfəsində 4522,50 manat və xx.xx.2022-ci il tarixdə 1 dəfəyə 6733,50 manat pul vəsaitlərini təyinat olaraq "xxxx" ASC-də öz adına olan karta köçürmüşdür. O, gömrük xərclərinin ödənilməsi üçün ona etibar edilmiş "xxxx" ASC-də “X16” MMC-nin adına açılmış biznes kartından şəxsi borclarını ödəmək üçün 2022-ci ilin 12-17 iyul tarixlərində hissə-hissə olaraq ümumilikdə 33838,38 (otuz üç min səkkiz yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat vəsaitini "xxxx" ASC-də öz adına olan kartına hissə-hissə köçürmüş və şəxsi borclarının ödənilməsinə sərf etmişdir. O belə əməliyyatları istifadəsində olan “İpohne 11 Pro max” markalı mobil telefonu vasitəsilə həyata keçirmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, "xxxx" ASC-də “X14” MMC-nin adına açılmış kartdan 6733,50 manat pul vəsaitini "xxxx" ASC-də öz adına olan karta köçürmüş, köçürmədən sonra həmin pulun təxminən 3000 manat hissəsini nağdlaşdıraraq öz adına olan karta köçürmüşdür. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı qismən ödəyərək onunla barışmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən “X14” MMC-nin maliyyə direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2018 tarixli əmək müqaviləsinə əsasən cəmiyyətdə gömrük işləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs buna səlahiyyəti olmadan “Biznes" kartından 36.260 manat 60 qəpik pul vəsaitini öz adına açılmış karta köçürmüş, həmin məbləğin mənimsənilməsi müdiriyyət tərəfindən aşkar olunduqdan sonra 36.260 manat 60 qəpik vəsaiti cəmiyyətə geri ödəmişdir. Daha sonra cəmiyyətin xəzinədarı Şahid2 Təqsirləndirilən şəxs cəmiyyət tərəfindən ona etibar edilmiş "xxxx" ASC-də Cəmiyyətinin adına açılmış kartdan 15 iyul 2022-ci il tarixdə 4 dəfə 748.73 manat pul vəsaitinin təyinat olaraq başqa karta köçürdüyünü müşahidə etdikdən sonra ona məlumat vermişdir. Bununla bağlı Şahid2 dəqiqləşdirmə işləri aparmaq üçün Samirin özünə zəng edərək onun həftənin birinci günü, yəni 18 iyul 2022-ci il tarixdə ofisə yaxınlaşmasını tapşırmışdır. Samir ofisə gəldiyində pulu geri ödəmək üçün ona zaman verilməsini xahiş etdikdə onun qoyulan zaman müddətində pulu ödəməcəyi təqdirdə işdən çıxarılacağı bildirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışıq sazişi bağlamışlar. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs müəyyən müddət ərzində zərərin qalan hissəsini qrafik üzrə ödəyəcəkdir. Yekun olaraq o Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "X14" MMC-də logistika üzrə menecer vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs həmin cəmiyyətdə gömrük işləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. O, ilk dəfə 2022-ci ilin may ayında “Biznes" kartından 36.260 manat 60 qəpik pul vəsaitini öz adına açılmış karta köçürmüş, həmin məbləğin mənimsənilməsi müdiriyyət tərəfindən aşkar olunduqdan sonra 36.260 manat 60 qəpik vəsaiti cəmiyyətə geri ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs etibar edilmiş “AFB” bank cəmiyyətinin adına açılmış 5477 1047 5411 9223 saylı biznes kartından 4 dəfə 748.73 manat pul vəsaitinin təyinat olaraq başqa karta köçürüldüyünü “X14" MMC-nin xəzinədarı Vüsal İsgəndərov tərəfindən müşahidə edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs səhv etdiyini, lakin bu səhvini düzəldəcəyini demişdir. Təqsirləndirilən şəxsla bu barədə danışmış, sonuncu pula ehtiyacı olduğunu, borcları olduğu bildirmiş, Təqsirləndirilən şəxs düz etmədiyini, yanlış yolda olduğunu, pulu təcili şəkildə geri qaytarmasını demiş, bir müddət keçdikdən sonra məlumatı olmuş ki, Təqsirləndirilən şəxs yenidən 29,318 (iyirmi doqquz min üç yüz on səkkiz) manat pul vəsaitinin kartdan çıxartmış və digər 3000 manat ilə birlikdə geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs öz əməli nəticəsində vurulmuş ziyanı ödəmədiyindən onunla bağlı prokurorluğa müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "X14" MMC-nin xəzinədarı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmin cəmiyyətdə gömrük işləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. O, ilk dəfə 2022-ci ilin may ayında “Biznes” kartından 36.260 manat 60 qəpik pul vəsaitini öz adına açılmış karta köçürmüş, həmin məbləğin mənimsənilməsi müdiriyyət tərəfindən aşkar olunduqdan sonra 36.260 manat 60 qəpik vəsaiti cəmiyyətə geri ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs etibar edilmiş “AFB” bank cəmiyyətinin adına açılmış biznes kartından 4 dəfə 748.73 manat pul vəsaitinin təyinat olaraq başqa karta köçürüldüyünü müşahidə etmişdir. Bununla bağlı dəqiqləşdirmə işləri görmək üçün Samirin özünə zəng etmiş həmin əməliyyatla bağlı soruşduqda ona səhv etdiyini, lakin bu səhvini düzəldəcəyini qeyd etmişdir. Buna baxmayaraq o bunu müəyyən etdikdən sonra bu barədə cəmiyyətin maliyyə direktoru Şahmurad Yəhyayevə məlumat vermiş, o da öz növbəsində cəmiyyətin baş direktoruna bildirmişdir. Cəmiyyətin baş direktorunun tapşırığı ilə o Təqsirləndirilən şəxs zəng edərək həftənin birinci günü, yəni 18 iyul 2022-ci il tarixdə ofisə yaxınlaşmasını tapşırmış, Samir məsələdən agah olduğu üçün öz kartına köçürdüyü təxminən 3000 manat pulu geri ödəmək üçün gələcəyini bildirmişdir. 18 iyul 2022-ci il tarixdə Samirin gəlmədiyini görüb mobil telefonla əlaqə saxlamış və həmin vaxt Samir ona cəmiyyətin adına açılmış biznes kartında olan 29,318 (iyirmi doqquz min üç yüz on səkkiz) manat pul vəsaitinin kartdan çıxardığını, digər 3000 manat ilə birlikdə geri qaytaracağını bildirdi. Həmin vaxt ona təcili işə gəlməsini tapşırdıqda cəmiyyətin gömrük məsələləri ilə bağlı işləri ilə əlaqədar məşğul olduğunu və bir saatdan sonra yaxınlaşa biləcəyini demişdir. Samir ofisə gəldiyində səhv etdiyini və pulu geri ödəmək üçün ona zaman vermələrini xahiş etdiyində, onu maliyyə direktoru Şahmurad Yəhyayevin xidməti otağına aparmış, həmin vaxt Samir yenə də pulu geri qaytarmaq üçün zaman istəmiş, lakin, rəhbərlik S.Mənsimovun qısa zaman ərzində pulu geri ödəməyəcəyini görüb S.Mənsimovdan törətdiyi əməl ilə bağlı etiraf edici izahat və ərizəsini almış, Samir xx.xx.2022-ci il tarixə qədər pulu ödəyəcəyini bildirmişdir. Rəhbərlik isə S.Mənsimova ödəməyəcəyi halda barəsində prokurorluğa müraciət olunacağını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 fevral 2018-ci il tarixli 024 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə “X16” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. (Cild İ, i.v. 5-10) Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 09 avqust 2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs ilə “X16” MMC arasinda bağlanmış xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. (Cild İ, i.v. 76) “X16” MMC-nin xx.xx.2022-ci il tarixli 012912 nömrəli kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 10000 manat məbləğində pul vəsaiti şirkətə dəymiş zərərin bir hissəsi olaraq ödəniş edilmişdir. (Cild İ, i.v. 86) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində ifadəsi yoxlanılarkən təsdiq etmişdir. (Cild İ, i.v. 139-142) “X16” MMC-nin xx.xx.2022-ci il tarixli 012795 nömrəli kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 36260.60 manat məbləğində kartdan səhvən çıxarılan məbləğin geri qaytarılması olaraq ödəniş edilmişdir. (Cild İ, i.v. 225) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 9/1947 nömrəli ekspert rəyindən görünür ki, audit yoxlamasında göstərilənlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda “X16” MMC-də yoxlanılan dövr üzrə “X16” MMC-yə məxsus biznes kartından öz bank hesabına köçürməklə cəmiyyətə 23838.38 manat məbləğində ziyan vurulması müəyyən olunmuşdur.(Cild İİ, i.v. 66-71) 19 iyun 2023-cü il tarixli müstəqil audit hesabatına əsasən Təqsirləndirilən şəxs "X16" MMC-də Gömrük işləri üzrə mütəxəssis vəzifəsində işlədiyi dövr ərzində "X16" MMC-yə məxsus biznes kartından 70.098 manat 98 qəpik pul vəsaitini öz bank hesabına köçürməklə cəmiyyətə külli miqdarda, yəni 70.098 manat 98 qəpik ziyan vurmuşdur. Həmin məbləğdən xx.xx.2022-ci il tarixdə 012795 saylı kassa mǝdaxil orderi ilə 36.260 manat 60 qəpik və xx.xx.2022-ci il tarixdə 012912 saylı kassa mədaxil orderi ilə 10.000 manat nağd pul vəsaitini, ümumilikdə 46.260 manat 60 qəpik pul vəsaitini Cəmiyyətin kassasına ödəmişdir. Hal-hazırda yəni, 03 mart 2023-cü il tarixə Təqsirləndirilən şəxs çatışmazlığı 23.838,38 (iyirmi üç min səkkiz yüz otuz səkkiz manat otuz səkkiz qəpik) AZN təşkil edir. (Cild İİ, i.v. 79-84) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli 9/4735 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “X17” MMCdə Gömrük işləri üzrə mütəxəssis işlədiyi dövrdə bank çıxarışında bir neçə gün gecikmə ilə qeydiyyat tarixi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi göstərilən, faktiki olaraq açıqlama hissəsində qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixlərində “X16” MMC-nin “Biznes” kartından 36260 manat 60 qəpik və bank çıxarışında bir neçə gün gecikmə ilə qeydiyyat tarixi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi göstərilən, faktiki olaraq açıqlama hissəsində qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cəmiyyətə aid 33.838 manat 38 qəpik pul vəsaitini təkrarən təyinatı üzrə sərf etməyərək öz bank hesabına köçürdüyü və sərf etdiyi müəyyən edilir. Beləliklə, Təqsirləndirilən şəxs “X16” MMC-də Gömrük işləri üzrə mütəxəssis işlədiyi dövrdə “X16” MMC-yə məxsus biznes kartından 70098 manat 98 qəpik pul vəsaitini öz bank hesabına köçürməklə Cəmiyyətə külli miqdarda yəni 70098 manat 98 qəpik ziyan vurmuşdur. Həmin məbləğdən xx.xx.2022-ci il tarixdə 012795 saylı kassa mədaxil orderi ilə 36260 manat 60 qəpik və xx.xx.2022-ci il tarixdə 012912 saylı kassa mədaxil orderi ilə 10000 manat nəğd pul vəsaitini, ümumillikdə 46260 manat 60 qəpik pul vəsaitini Cəmiyyətin kassasına ödənildiyi və Təqsirləndirilən şəxs çatışmamazlığı 23838,38 AZN təşkil etdiyi müəyyən edilir. (Cild İİ, i.v. 109-116) "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 375462 nömrəli kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 5000 manat məbləğində şirkətə dəymiş zərərin bir hissəsi olaraq ödəniş edilmişdir. (Cild İ, i.v. 225) "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər zərərin qalan 18838.38 manat hissəsini təqsirləndirlən şəxs tərəfindən hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə onun ilkin olaraq texniki problem yarandığı üçün 36.260 manat 60 qəpik məbləğində pulu öz kartına köçürməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. (Cild İ, i.v. 44) “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 131-132) 37 saylı MKİS tərəfindən tərtib edilmiş xasiyyətnamədən görünür ki, Məsimov X5 rayonu, T.Şıxəliyev 18, mən 27 ünvanında 1988-ci ildən 4 nəfər ailə tərkibi ilə yaşamış, yaşadığı müddətdə onun və ailəsinin barəsində istər hüquq mühafizə orqanları, istərsə də, qonşuları tərəfindən 37 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət və təqsirləndirici material daxil olmamışdır. (Cild İİ, i.v. 107) 1660 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxsdur. (Cild İİ, i.v. 172) 4145 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxsdur. (Cild İİ, i.v. 173) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 1(004)-40/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin 27 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Leyla Məmmədova tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq sazişi bağlamışlar. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, iki azyaşlı uşağının olmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs “X16” MMC-də mütəxəssis vəzifəsində işləyərək öz qulluq mövqeyindən istifadə edərək hazırki cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, ona CM-nın 46.2-ci maddəsinə əsasən əsas cəzadan əlavə olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növündə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə yəni, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 27 mart 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək olan 09 (doqquz) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 18 (on səkkiz) gün hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52- 1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2na dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 27 mart 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək olan 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar