Məhkəmə qərarları › İş №1(004)-400/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-400/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-400/2021 05.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx xxxxxx 1986-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvəllər məhrum olunmuş, ünvan 1 ünvanda qeydiyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə saat 22:00 radələrində Nəsimi rayonu «Kubinka» adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,013 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və 15 iyul 2021-cı il tarixdə saat 11:00 radələrində Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nətiçəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,013 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, hal-hazırda göstərdiyi ünvanda yaşayır, özü isə heç bir yerdə işləmir. Heroin adlanan narkotik vasitəni 14 iyul 2021-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən «Kubinka» adlanan yerdən üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat pul verib almış, 15 iyul 2021- ci il tarixdə saat 11:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ 26-ci PB-nin inzibati binasına gətirilmişdir. Yasamal RPİ 26-ci PB-də xidməti otaqlardan birində polis əməkdaşları onun üzərinə baxış keçirilməsini bildirmiş və üzərində hər hansı bir maddə gəzdirməsi və saxlanması qadağan olunmuş əşya və maddənin olub-olmamasını soruşmuşlar. Bundan sonra o, üzərində narkotik vasitə olan heroini əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli bir ədəd sellofan bükümdə, içərisində qəhvəyi rəngli maddə heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin qəhvəyi rəngli maddə heroinə və sonradan isə üzərinə baxış keçirmişlər. Üzərindən başqa hər-hansı qeyri qanuni əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar olunmuş şəffaf rəngli sellofan bükümdə içərisində qəhvəyi rəngli maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənərək və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və o, həmin protokola imza etmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, uşaqlarının olmasını, nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Yasamal RPİ 26-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi bölməyə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi və üzərində narkotik vasitə daşıması ilə məşğul olur. Alınmış məlumatın və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə bölmənin əməliyyat müvəkkili X3 iştirakı ilə əməliyyat qrupu yaradılmış və saat 11:00 radələrində tədbir iştirakçıları əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saxlayaraq xidməti vəsiqələrini göstərərək şəxsiyyəti barədə soruşduqda onlara məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ 26-cı PB-nə gətirərək dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs bildirildi ki, üzərində qeyri qanuni əşyalar varsa masanın üstüna qoysun bu zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir büküm sellofana bükülmüş maddəni təqdim etdi və bildirdi ki, təqdim etdiyii maddə narkotik vasitə olan heroindir və onu 14 iyul 2021-cı il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» deyilən ərazidən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 15 manata əldə etmişdir. Ona görə də protokol tərtib edilmiş, çəkiliş aparılmış, götürülmüş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilindiyini, ona daxil olan məlumatda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı heç bir məlumat olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2889 saylı 16 iyul 2021-ci il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 2588 saylı 31 iyul 2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 14.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına əsasən X2 evli olmaqla 18.01.2011-ci il təvəllüdlü Dəniz Zeynalova və 18.06.2013-cü il təvəllüdlü Ömər Zeynalov adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını, 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 17.07.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15.07.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 02 ay (iki il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 15 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,963 qram narkotik vasitə olan-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar