Məhkəmə qərarları › İş №1(004)-400/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-400/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-400/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxx 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 mart 2023-cü il tarixdə saat 17:45 radələrində Bakı Metropoliteni QSC-nin «20 Yanvar» stansiyasından “Neftçilər” stansiyası istiqamətində hərəkət edən qatara metronun “20 Yanvar” stansiyasından minib “İnşaatçılar” stansiyasına çatarkən qatarda olan sərnişinlərin sıxlığından istifadə edərək sərnişin Zərərçəkmiş şəxs əynində olan kostyumun sağ yan cibindən 1500 manat dəyərindən olan “İphone 11” markalı **********25000 və **********86186 imei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 10 manat olan ***-***-**-** saylı GSM mobil nömrəni, dəyəri 20 manat olan telefon kabrosunu və həmin telefonun üzərindəki dəyəri 10 manat olan ekran qoruyucusunu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1540 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, heç kəslə ədavəti və düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyildir, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Hazırda taksi sürücüsü işləyir. 17 mart 2023-cü il tarixdə o, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən dəqiq ünvanını bilmədiyi binanın mənzilində usta kimi işləmişdir. Həmin gün saat 17 radələrində o, işdən çıxmışdır. O, yaşadığı evə getmək üçün metronun “Memar Əcəmi” stansiyasına daxil olmuşdur. O, metronun “Memar Əcəmi” stansiyasında metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişdir. Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. O, həmin qatarın dəqiq yadında qalmayan vaqonuna minmişdir. Həmin vaxt qatarın vaqonunda çoxlu sayda sərnişin olmuşdur. Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar metronun “20 Yanvar” stansiyasında dayanmışdır. Həmin vaxt adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs o, olduğu vaqona minmişdir. Zərərçəkmiş şəxs əynində kostyum olmuşdur. Həmin kostyumun sağ yan cibində olan mobil telefon diqqətini cəlb etmişdir. O, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Vaqonda olan sərnişinlərin sıxlığından istifadə edərək metronun “İnşaatçılar” stansiyasında telefonu oğurlamışdır. Qatar metronun “İnşaatçılar” stansiyasında dayanmışdır. O, vaqonun digər qapısından düşərək vaqonu tərk edib metrodan çıxmışdır. O, metrodan çıxandan sonra oğurladığı telefonun “İphone” markalı olduğunu bilmişdir. Lakin o, telefonun modelini bilməmişdir. O, telefonu oğurladıqdan sonra həmin telefonu təxminən 15-20 dəqiqə söndürə bilməmişdir. Sonra o, cinayət yolu ilə əldə etdiyi mobil telefonu söndürmüşdür. Həmin telefonun üzərində olan ekran qoruyucusunu, kaburonu və GSM nömrəni çıxardıb tullamışdır. Telefonu oğurladığı gün o, metronun “İnşaatçılar” stansiyasının yaxınlığından nömrəsi yadında qalmayan xətt maşrutu ilə metronun “İçəri Şəhər” stansiyasının yaxınlığına gəlmişdir. O, oradan metronun “İçəri şəhər” stansiyasına daxil olmuşdur. Metronun “28 May” stansiyasına getmişdir. Metronun “28 May” stansiyasının yaxınlığında oğurluq yolu ilə əldə etdiyi “İphone 11” markalı mobil telefonu tanımadığı şəxsə 160 manata satmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxs özünü ona təqdim edərək polis əməkdaşı olduğunu demişdir. Sonra həmin polis əməkdaşı ondan özünü təqdim etməyini xahiş etmişdir. O, polis əməkdaşına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonra həmin polis əməkdaşı onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişdir. O, polis əməkdaşı ilə birlikdə Bakı Metropolitenində Polis İdarəsinə gəlmişdir. Bundan başqa o, polis əməkdaşı tərəfindən saxlanılan zaman və Polis İdarəsinə gətirilən zaman ona qarşı fiziki və ya psixoloji təsir olmadığını, qeyd olunan cinayət hadisəsini törədərkən ona heç kim köməklik göstərmədiyini və məsləhət vermədiyini, hadisə ilə bağlı heç kimin məlumatı olmadığını, başqa heç bir cinayət hadisəsi törətmədiyini, onun maddi imkanı olmadığından və dolanışığı pis olduğundan o, mobil telefonu oğurladıqdan sonra telefon tanımadığı şəxsə 160 manata satdığını və əldə etdiyi pulu şəxsi sərfıyyatına xərclədiyini, mobil telefonu o, tanımadığı şəxsə sənədsiz 160 manata satdığını, həmin telefonu ondan alan şəxs telefonun oğurluq olmasını bilmədiyini, çünki, ondan telefonu alan şəxsə telefonun özünə məxsus olduğunu əvvəlcədən bildirdiyini, o, cinayət yolu ilə əldə etdiyi “İphone 11” markalı mobil telefonu 17 mart 2023-cü il tarixdə metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı şəxsə 160 manata satdığını bildirmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, 2 ayağı amputasiya olunmuş xəstə atasına baxmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 mart 2023-cü il tarixdə saat 17:45 radələrində o, Bakı Metropoliteni QSC-nin “Neftçilər” stasiyasına getmək üçün metronun “20 Yanvar” stansiyasına daxil olmuşdur. O, metronun “20 Yanvar” stansiyasının platformasında dayanmışdır. Həmin vaxt platformada çoxlu sayda sərnişin olmaqla platforma sıxlıq olmuşdur. O, platformada dayanıb metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişdir. Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. O, həmin qatarın yadında qalmayan vaqonuna minmişdir. O, qatara minən zaman özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi **********25000 və **********86186 imei kodlu “İphone 11” markalı mobil telefonu əynində olan kostyumun sağ yan cibində olmuşdur. Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın vaqonlarında da çoxlu sayda sərnişin olmuşdur. O, qatarın vaqonunda ayaq üstə dayanmışdır. Metronun “İnşaatçılar” stansiyasında vaqonda olan zaman o, telefonunun oğurlandığını aşkar etmişdir. O, qatar platformada dayanana kimi yanında olan tanımadığı sərnişilərdən telefonunu soruşmuşdur. O, həmin vaxt vaqonda olan bir neçə sərnişinin üzərində yoxlamışdır. Sonra o, metronun “İnşaatçılar” stansiyasında vaqondan düşmüşdür. Həmin stansiyada xidmət aparan polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin polis əməkdaşları onu Bakı Metropolitenində Polis İdarəsinə yönəltmişlər. Bundan başqa o, əynində olan kostyumun sağ yan cibindən ona məxsus olan ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi **********25000 və **********86186 imei kodlu “İphone 11” markalı mobil telefonu oğurlayan şəxsi görmədiyini, o, metronun “İnşaatçılar” stansiyasında qatara minəndən sonra mobil telefonunun oğurlandığını aşkar etdiyini, ona məxsus olan və oğurlanmış “İphone 11” markalı mobil telefonu o, 1500 manata, həmin telefonun üzərində olan kaburonu 20 manata, ekran qoruyucusunu 10 manata, 051-378-20- 27 saylı GSM nömrəni 10 manat aldığını, baş vermiş oğurluq cinayəti nəticəsində ona 1540 manat maddi ziyan dəydiyini, ona məxsus olan və oğurlanmış “İphone 11” markalı mobil telefonun üzərində hər hansı bir başqa aksessuar olmadığını bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir münasibəti olmamışdır. 17 mart 2023-cü il tarixdə o, Bakı şəhərində olmuşdur. Həmin vaxt o, metronun “28 May” stansiyasının yaxınlığına gəlmişdir. Orada olan telefon mağazalarının birindən mobil telefon almaq istəmişdir. O, bir neçə telefon mağazasına daxil olub satılan telefonlarla maraqlanmışdır. Həmin vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. O, əlində olan bir ədəd “İphone” markalı mobil telefonu ona göstərmişdir. Sonra Təqsirləndirilən şəxs ona atasının xəstə olduğunu müalicəsi üçün həmin mobil telefonu satdığını bildirmişdir. Təqsirləndirilən şəxs telefonu götürüb baxmışdır. Həmin vaxt telefon ekran klidində olmuşdur. O, Ceyhundan telefonun ekran klidini soruşmuşdur. Ceyhun ona telefon kilidini unutduğunu demişdir. Daha sonra isə onlar orada olan telefon mağazalardan birinə birlikdə daxil olub telefonu göstərmişlər. Telefon mağazalarından birində işləyən proqramçı ona həmin telefonun ekran klidini aça biləcəyini demişdir. Daha sonra həmin proqramçı xidmətinə görə 100 manat pul alaçağını bildirmişdir. O, proqramçı ilə razılaşmışdır. Daha sonra mağazadan çıxıb Ceyhunla telefonu 160 manata razılaşmışdır. O, Ceyhundan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Ceyhun ona şəxsiyyət vəsiqəsini itirdiyini bildirmişdir. Lakin özünə məxsus olan digər telefonunda şəxsiyyət vəsiqəsinin şəkilinin olduğunu demişdir. Onlar birlikdə onun telefonundan şəxsiyyət vəsiqəsinin şəklini A4 formatlı kağızda çıxartmışlar. Daha sonra Təqsirləndirilən şəxs həmin kağızın üzərinə ”1” mart 2023-cü il telefon özünə məxsusdur oğurluq və ya girov deyil satıram. (160 manat)” sözlərini yazıb imza edərək soyadını yazmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs mobil telefonu alan zaman telefonun oğurluq olmasını bilmədiyini, o, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla heç bir mansibətinin olmadığını, o, Təqsirləndirilən şəxs aldığı telefonun markasının “İphone” olduğunu bildiyini, lakin modelini bilmədiyini, Təqsirləndirilən şəxs mobil telefonu aldıqdan təxminən 5 gün sonra həmin telefon əlindən yerə düşərək yararsız hala düşdüyünü, həmin telefonu təmir etdirmədən tulladığını, o, Təqsirləndirilən şəxs aldığı mobil nömrənin üzərində heç bir mobil nömrə işlətmədiyini, o, köhnə telefonunun yaddaşında olan nömrələləri və özünə aid şəkil və videoları aldığı telefona yüklətdirdikdən sonra mobil telefona-nömrə qoyub işlətmək istədiyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarına əsasən (AZEMİS Elektron Məhkəmə Sistemi məlumatları) Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, təqsirləndirilən şəxsin ailəli olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Daha sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 4(004)-337/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan “həbs” qismində qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək ev dustaqlığındadır. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə 03 ay 24 gün həbsdə və ev dustaqlığında saxlanılmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 24 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 10 ay 12 gün (bir il on ay on iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar