Məhkəmə qərarları › İş №1(004)-401/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-401/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-401/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs xx xxxxxx 1966-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, əvvəllər məhkum olunmuş, evli, işləməyən, tutulanadək Bərdə rayonu Hacallı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Dədə" ləqəbli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə istintaqa məlum olmayan saatda ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ət mağazasının qapısını açmaq yolu ilə binaya qanunsuz yolla daxil olaraq həmin mağazadan 812 manat dəyərində 58 kiloqram mal ətini, İran nemətləri olan 100 manat dəyərində bir kisə düyü, hər biri 20 manat olan ümumilikdə 200 manat dəyərində 10 qutu İrandan gətirilmiş qurudulmuş çay, hər biri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 ədəd keçibuynuzu, ümumilikdə 88 manat dəyərində 9 ədəd İrandan gətirilmiş diş pastasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 (min beş yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ilk dəfə 1983-cü il tarixdə oğurluq etdiyi üçün məhkum olunmuşdur. Ümumilikdə 3 dəfə məhkumluq həyatı yaşamış, 2 dəfə oğurluq, 1 dəfə isə bıçaqla xəsarət yetirmişdir. Sonuncu dəfə Nərimanov rayon məhkəməsində ona oğurluq etdiyi üçün hökm oxunmuş və o, probasiya şöbəsinə getmədiyi üçün axtarışda olmuşdur. Mahiyyəti üzrə bildirir ki, vətəndaş Zərərçəkmiş şəxs yazmış olduğu ərizə ilə tanış olmuşdur. Dədə təxəllüslü, adını bilmədiyi bir nəfər 30 yaşlarında olan bir şəxslə Bakı şəhəri Nərimanov rayonu inzibati ərazisində tanış olmuşdur. Münasibəti yaxşı idi. Dədə narkoman idi və özünü dolandırmaq üçün oğurluq edirdi. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, Bakı şəhəri Yasamal rayonu İlahiyyat məscidində idi, namaz qılırdı. Həmin vaxt Dədə onun yanına gəlmiş və onlar orada çörək yemiş, söhbət etmişlər. Bundan sonra piyada Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsinə tərəf piyada getmişlər. Yolda ona Dədə demişdir ki, narkotik satanla görüşüb narkotik alasıdır, narkotik alsın və birlikdə yaşadıqları Bakı şəhəri Nərimanov rayon inzibati ərazisinə getsinlər. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində təxminən, 40 dəqiqə gözləmişdirlər. Sonra həmin narkotik satan gəlib Dədə ilə görüşmüş və onlar həmin şəxsdən aralanmışlar. Yolda ət mağazası görmüşlər və Dədə onun qapısını yoxlamışdır ki, qapısı açıqdır. Dərhal Dədə ona demişdir ki, mağazanın qapısı açıqdır və oğurluq üçün mağazaya daxil olsunlar. O, pulsuzluqdan şikayət etdiyi üçün dərhal oğurluq etmək qərarına gəlmiş və Dədə ilə razılaşmışdır. Ətrafa nəzər salıb onları heç kimin görmədiyinə əmin olduqdan sonra birinci o, sonra isə Dədə mağazaya daxil olmuşlar. Mağazaya daxil olan kimi rəflərdə olan 3 ədəd İran diş pastası, 3 ədəd keçi buynuzu, 5 qutu iran çayı, 2 ədəd yarım kiloluq bankalarda bal və mal ətini Dədə ilə köməkləşib oğurlamışlar. Yolda tanımadığı taksini saxlatmış və yaşadıqları Bakı şəhəri Nərimanov rayonu inzibati ərazisinə aparmışlar. Orada xatırlamadığı 24 saat işləyən meyvə dükanında əti çəkdirmiş və ətin çəkisi 27 kiloqram olmuşdur. Oradan çıxıb xatırlamadığı çayçıda oturmuş və Dədə çayçıda olduqları müddətdə tanımadığı adama əti ümumilikdə 180 (yüz səksən) manata satmışdır. O puldan ona 80 (səksən) manat qalmışdır. Digər əşyaları isə götürüb yarı bölmüş və evə aparıb istifadə etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin yerdən Dədə adlı şəxslə oğurluq etdiyi üçün hadisə yerində onun əl-barmaq izinin düşməsini istisna etmir. Çünki, o, oradan oğurluq etmişdir və əlində heç bir əlcək olmamışdır. Özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə axşam saat 22:00 radələrində ona məxsus ünvan 2 ünvanında yerləşən ət satışı mağazasının qapısını bağlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 09:00 radələrində mağazaya işə gələn zaman naməlum şəxsin mağazanın giriş qapısını kənar alətlə açaraq içəridə soyuducuda olan 58 kiloqram mal ətini, bundan başqa mağazada olan İran nemətləri, yəni bir kisə düyü, təxminən, 10 qutu bir ədəd 20 manat dəyərində olan çayları, 5-6 ədəd keçi buynuzlarını, diş paslalarının oğurladıqlarını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının 19 iyun 2023cü il tarixli, 3/929 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 1, 3, 5, 6 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1, 2, 3, 4, 5, 6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından qalmışdır. Təqdim edilmiş 3, 5, 6 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs əl-barmaqlarından qalmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, 6 dəfə məhkum olunub, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşması cəzası təyin edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs çəkilməmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasına dair icra məmuru tərəfindən Nərimanov Rayon Məhkəməsinə təqdimat verilmiş, lakin həmin təqdimatı təmin etməmişdir. Bununla da müəyyən edilir ki, həmin hökmlə təyin edilmiş azadllığın məhdudlaşdırılması cəzası tam olaraq çəkilməmiş qalmışdır. Bununla da müəyyən olunur ki, ona təyin olunmuş cəza tamamilə çəkilməmiş qalmışdır. Hazırkı əməli həmin hökm qüvvəyə mindikdən sonra, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə geçən gecə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs çəkilməmiş həmin cəzası nəzərə alınmaqla, ona CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İttiham aktına əlavə edilmiş arayışda maddi sübut kimi tanınmış, hadisə yerindən götürülmüş 06 ədəd əl-barmaq izləri cinayət işinin materiallarına əlavə ediliyi göstərilsə də, cinayət işində belə bir maddi sübut olmamışdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzasının çəkilməmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 02 il 03 ay (iki il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan hadisə yerindən götürülmüş 06 ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 69,29 manat (altmış doqquz manat 29 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X1 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar