Məhkəmə qərarları › İş №1(004)-402/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-402/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-402/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X3, xx.xx.1995-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketin anbarının qapısını açmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla anbarda yerdə yığılmış 1 ədədinin qiyməti 18 manat olan 12 ədəd 3 kq çəkidə ümumi dəyəri 216 manat təşkil edən “Arid” yuyucu tozu və 1 ədədinin qiyməti 33 manat olan 5 kq çəkidə 5 ədəd ümumi dəyəri 165 manat təşkil edən “Arid” yuyucu tozlarını ələ keçirərək, zərərçəkmiş "xxxx" MMC-nə ümumilikdə 381 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,966 qram ağ kristallik kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 14:00 radələrində Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 27 ünvanda saxlanılaraq 27-ci PŞ-nə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,966 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan bir müddət əvvəl narkotik vasitə gəbul etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Araz” supermarketin yanından keçən zaman marketin anbarının qapısının açıq olduğunu görmüşdür. Bundan sonra o, ətrafa baxıb, heç kimin olmadığından əmin olduqdan sonra anbara daxil olaraq "xxxx" yuyucu tozlarını anbardan küçəyə çıxarmışdır. Bundan sonra həmin yuyucu tozlarını hissə-hissə daşıyaraq oradan uzaqlaşmışdır. Səhər açıldıqdan sonra həmin "xxxx" yuyucu tozlarını təxminən 96 manata satmışdır. 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 01 büküm psixotrop maddə olan metamfetamin alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 27 ünvanının qarışısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİnin 27-ci PŞ-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları “Araz” supermarketdən oğurluq etməkdə şübhəli olduğunu bildirib onu Yasamal rayon 27-ci Polis şöbəsinə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 27-ci polis şöbəsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükümün icərisinə psixotrop maddə olan metamfetamin var. Həmin metamfetamini Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus psixotrop maddə metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən "xxxx" MMC-nin filialın administratoru saat 15 radələrində ona zəng edərək həmin gün saat 05 radələrində naməlum şəxs tərəfindən marketin anbarından 01 ədədinin qiyməti 18 manat olan 12 ədəd 03 kq çəkidə ümumi dəyəri 216 manat təşkil edən "xxxx" yuyucu tozu və 01 ədədinin qiyməti 33 manat olan 5 kq çəkidə 5 ədəd ümumi dəyəri 165 manat təşkil edən "xxxx" yuyucu tozlarının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra onlar bu barədə DİN-in 102 xidmətinə zəng edərək də məlumat vermişlər. Baş vermiş oğurluq nəticəsində müəssisəyə ümumilikdə 381 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketin anbarında olan oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin məlumatı yoxlamaq məqsədi ilə ondan və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qruppu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis şöbəsinə gətirilmişdir. Orada onların sualına cavab olaraq Davud etdiyi oğurluq əməlini etiraf etmişdir. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə ona üzərində daşınması qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofana bükülmüş bükülünü masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Davud həmin bükülünün içərisində olan psixotrop maddə metamfetamini Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 25-28-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 6-7 il müddətdir ki, “Araz” supermarketlər şəbəkəsində müxtəlif vəzifələrdə işləyir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketdə administrator vəzifəsində işləyir. Adətən hər gün saat 14 radələrində işə gedir, saat 23 radələrində işdən çıxır. İşi marketdə işçilərin idarə edilməsindən və marketdə olan əşyalara nəzarət etməkdən ibarətdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində işə gəlmişdir. Marketin yan tərəfində marketə bitişik anbar yerləşir. Anbara daxil olan zaman yerdə yığılmış "xxxx" yuyucu tozlarının əksik olduğunu aşkar etmişdir. Marketdə vitrinə baxdıqdan sonra həmin yuyucu tozlarının vitrinə də qoyulmadığını aşkar etmişdir. Bundan sonra marketdə quraşdırılmış videokamera vasitəsi ilə görüntülərə baxış keçirmişdir. Videogörüntülərə baxan zaman bir nəfər şəxsin xx.xx.2024-cü il tarixdə saat 05 radələrində marketin anbarının şüşəli dəmir qapısının qıfılını sındıraraq içəri daxil olduğunu və yerdə yığılmış "xxxx" yuyucu tozlarını anbardan küçəyə çıxardığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı naməlum şəxsin marketin anbarının qapısının qıfılını sındırıb içəri daxil olaraq yerdə yığılmış 1 ədədinin qiyməti 18 manat olan 12 ədəd 3 kq çəkidə ümumi dəyəri 216 manat təşkil edən "xxxx" yuyucu tozu və 1 ədədinin qiyməti 33 manat olan 5 kq çəkidə 5 ədəd ümumi dəyəri 165 manat təşkil edən "xxxx" yuyucu tozlarını oğurladığı məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, administrator vəzifəsində işlədiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketin anbarından xx.xx.2024-cü il tarixdə saat 05 radələrində naməlum şəxs tərəfindən 1 ədədinin qiyməti 18 manat olan 12 ədəd 3 kq çəkidə ümumi dəyəri 216 manat təşkil edən "xxxx" yuyucu tozu və 1 ədədinin qiyməti 33 manat olan 5 kq çəkidə 5 ədəd ümumi dəyəri 165 manat təşkil edən "xxxx" yuyucu tozları oğurlanmış və nəticədə ümumilikdə 381 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar konkret olaraq şübhələndiyi şəxs və ya şəxslər olmadığını bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 204-207-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 27-ci Polis şöbəsinin inzibati ərazisi olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketin anbarından 12 ədəd 3 kq çəkidə və 5 ədəd 5 kq çəkidə "xxxx" yuyucu tozlan naməlum şəxs tərəfindən oğurlanmışdır. Marketdə quraşdırılmış videomüşahidə cihazında qeydə alınmış görüntülərə əsasən hadisəni törətmiş şəxsi müəyyən etmək məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilirmiş. xx.xx.2024-cü il tarixdə saat 14:00 dəqiqədə Şahid2lə birlikdə Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsində xidmətdə olan zaman 27 saylı evin qarşısında bir nəfər şəxsin videomüşahidə cihazında qeydə alınmış görüntülərə əsasən “Araz” supermarketin anbarından oğurluq edən şəxsə oxşadığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketin anbarından "xxxx" yuyucu tozları oğurlanması barədə məlumat verib onu Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də heç bir etiraz etməyib onlarla 27-ci Polis şöbəsinə gəlmişdir. Yolda gələrkən adını dedikdən sonra bildiyi Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, hazırda da üzərində psixotrop maddə olduğunu bildirmişdir. Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinin inzibati binasında təhqiqatçı Elvin Hümbətov və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Davud üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhərində “Kubinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa fərdi söhbət zamanı Təqsirləndirilən şəxs səmimi etiraf edərək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketin anbarının qapısını açaraq anbarda yerdə yığılmış 12 ədəd 3 kq çəkidə və 5 ədəd 5 kq çəkidə olmaqla ümumi 17 ədəd "xxxx" yuyucu tozlarını oğurladığını və sonradan tanımadığı şəxslərə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 25 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" yuyucu tozlarını Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketin anbarından oğurlamışdır. (i.v. 8-12) "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda yerləşən “Araz” supermarketin anbarından "xxxx" yuyucu tozları oğurlanması nəticəsində MMC-nə ümumilikdə 381 manat maddi ziyan dəymişdir. (i.v. 32) “İfadənin yerində yoxlanması haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsində bildirdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərməklə təsdiq etmişdir. (i.v. 71-74) “Diskə baxış keçirilməsi haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, bir nəfər əynində göy rəngli cins şalvar, ağ rəngli idman ayaqqabısı və qara rəngli başı papaqlı gödəkçə olan şəxsin “Araz” supermarketin anbarına daxil olaraq yerdə yığılmış "xxxx" yuyucu tozlarını götürərək bayıra daşıması müşahidə olunur. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan görüntülərdə əksi təsvir olunan şəxsin özü olduğunu, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Statistika” deyilən ərazidə İnşaatçılar prospektində yerləşən “Araz” supermarketin yanından keçən zaman marketin yanında anbar kimi nəzərdə tutulmuş yerin qapısının qismən açıq olduğunu gördüyünü, bundan sonra ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra anbarın qapısına yaxınlaşdığını və qapını möhkəm itələyib açdıqdan sonra içəri daxil olub anbarda yerdə yığılmış 12 ədəd 3 kq çəkidə, 5 ədəd 5 kq çəkidə ümumilikdə 17 ədəd "xxxx" yuyucu tozlarını anbardan küçəyə çıxardığını və bundan sonra həmin yuyucu tozlarını hissə-hissə daşıyaraq oradan uzaqlaşdığını bildirmişdir. (i.v. 87-88) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (i.v. 118- 119) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tаriхli 3-16-16/2-6/1165 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №168” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 0,966 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. (i.v. 128-132) “Diskə baxış keçirilməsi haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (i.v. 182-183) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 06 may 2024-cü il tаriхli 2970 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 208-209) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan 0,966 qram metamfetamin, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar videogörüntünün köçürüldüyü və şəxsin üzərinə şəxsi axtarış və götürmə prosesinin görüntülərinin köçürüldüyü iki ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,916 qram metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, iki ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 218-226) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndində qeyd edilir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0.966 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heçbir məlumat yoxdur. (i.v. 51) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da tutulmuşdur. (i.v. 61-62) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da tutulmuşdur. (i.v. 108) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 156-157) “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 158-159) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 4(004)-427/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 may 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 191-196) "xxxx" MMC tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş 381 manat zərər tam ödənilmişdir. Onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və olmayacaqdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmalarını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş, ekspertiza tədqiqatından qalıq qalmış 0.916 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilməli, 02 ədəd DVD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixdək 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və CM-in 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixdək 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.916 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilsin. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar