Məhkəmə qərarları › İş №1(004)-403/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-403/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-403/2023 22.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Rusiya Federasiyasının, Uxta şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində Xarici İşlər Nazirliyinin yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə ona yol verməməsini cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan idarə etdiyi avtomobildən düşüb sonuncu ilə mübahisə edib səs-küy salmaqla 3-5 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olub ictimai qaydaya, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü Zərərçəkmiş şəxs və ətrafda olan şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla əli ilə Zərərçəkmiş şəxs baş, alın, qulaq nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vuraraq zor tətbiq edib sonuncuya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alının sağ yarısının şişkinliyi, sağ qulaq seyvanının şişkinliyi və qançırı, hər iki said və hər iki diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o sürücü işləyir, himayəsində autizm xəstəsi olan oğlu və altsheymer xəstəliyindən əziyyət çəkən anası vardır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində etibarnamə əsasında idarə etdiyi qara rəngli “Toyota Camry" markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib hərəkətə başlamışdır. Həmin vaxt qarşısında olan qara rəngli “Honda CRV" markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı sürücüsünə siqnal verərək ona yol verməsini xahiş etmişdir. Həmin sürücü idarə etdiyi avtomobili bir qədər irəli sürüb saxlamış, lakin o, həmin yerdən keçməkdə çətinlik çəkdiyi üçün həmin sürücüyə yol verməsi üçün yenidən siqnal vermiş və avtomobilin şüşəsini aşağı endirib sürücüyə ona bir qədər də yol verməsini xahiş elmişdir. Bundan sonra Elnur onun ünvanına “gel işinlə məşğul ol, maşın sürməyi öyrən" sözlərini demişdir. O, da Elnurun onun yolunu kəsdiyini və tərpənmək istəmədiyini görüb yenidən siqnal verməyə başlamışdır. Bu zaman Elnur əlini şüşədən bayıra çıxararaq “əcəb edirəm yol vermirəm" sözlərini bildirmiş, o isə da əsəbiləşib avtomobildən yerə düşüb Elnura yaxınlaşmışdır. Həmin vaxt Elnurda avtomobildən yerə düşmüş və onların aralarında sözlə mübahisə yaranmışdır. O, da əsəbi halda Elnurun baş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş və Elnur müvazinətini itirərək avtomobilin üzərinə yıxılmışdır. Mübahisə zamanı Elnurda onu vurmuşdur, lakin o tibbi müayinədən keçməmiş və bu barədə şikayət etməmişdir. Bundan sonra o, idarə eldiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Yekun olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, himayəsində autizm xəstəsi olan oğlu və altsheymer xəstəliyindən əziyyət çəkə anasının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində Xarici İşlər Nazirliyinin yaxınlığında idarə etdiyi “Honda CRV" markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun kənarında saxlayıb həmin ərazidə kursda olan qızını gözləmişdir. Həmin vaxt arxada dayanmış qara rəngli “Toyota Camry" markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətə başladığı üçün o, yol vermək məqsədi ilə idarə etdiyi avtomobili bir qədər irəli sürüb saxlamışdır. Bu zaman onundan arxada olan həmin avtomobilin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi sürücüsü bir neçə dəfə siqnal verərək ondan yol istəmişdir. Bundan sonra o, əlini avtomobilin pəncərədən bayıra çıxararaq həmin avtomobilin sürücüsünə əli ilə işarə edərək keçməsi üçün yer olduğunu bildirmiş, sürücü yenidən siqnal verməyə başlamış, o isə mübahisə yaranmaması üçün yenidən avtomobili bir qədər irəli sürüb saxlamışdır. Həmin vaxt “Toyota Camry” markalı avtomobilin sürücüsü olan Tərlan onun sağ tərəfi ilə hərəkət edib bir qədər qaşıda avtomobili saxlayaraq duşub ona yaxınlaşmışdır. Bundan sonra onların aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zaman Tərlan ona “mən elə belə oğlan deyiləm" sözlərini deyərək yumruqla onun başının arxa hissəsindən bir dəfə vurmuşdur. O, həmin zərbədən huşunu itirərək avtomobilin üzərinə yıxılmış və Tərlan onun başına, alnına bir neçə dəfə yumruq zərbələri vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər onları ayırmışlar. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmiş və ona cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində Xarici İşlər Nazirliyinin avtomobil dayanacağında park nəzarətçisi işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun nəzarətçi işlədiyi dayanacaqda idarəetdiyi avtomobili park etdiyi üçün onu tanıyır. Hər zaman Tərlanla münasibətləri normal olmuşdur. 18 may 2023-cü il tarixdə saat 18 radələrində qara rəngli “Honda CRV" markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili dayanacağın çıxış hissəsində saxlayaraq yolu bağlamışdır. Həmin vaxt qara rəngli “Toyota Camry" markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oradan keçmək istəyən Tərlan siqnal verərək həmin avtomobilin ona yol verməsini istəmişdir. Bu zaman “Honda CRV" markalı avtomobilin sürücüsü Tərlanın siqnalına dərhal məhəl qoymamış, lakin sonradan idarə etdiyi avtomobili bir qədər qabağa sürmüşdür. Bundan sonra Tərlan bir daha siqnal verərək “Honda CRV" markalı avtomobilin sürücüsünə bir qədər qabağa sürməsini istəmiş, həmin avtomobilin sürücüsü Elnur Tərlana “sürə bilmirsənsə maşını sürmə” demişdir. Bundan sonra Elnur avtomobili bir qədər irəli sürüb saxlamış, Tərlan isə avtomobilini hərəkət etdirməyə başlamışdır. Bu zaman o, orada olan digər avtomobilə başı qarışmışdır. Bir qədər keçdikdən sonra kənardan Tərlanın Elnurla mübahisə eldiklərini görüb onlara yaxınlaşmış və Tərlanı kənara çəkib mübahisə etməməsini demiş, Tərlan isə idarə etdiyi avtomobilə əyləşib sürüb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dalaşma Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində Xarici İşlər Nazirliyinin yaxınlığında baş vermişdir. (i.v. 8-10) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 22 may 2023-cü il tarixli, 557 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alının sağ yarısının şişkinliyi, sağ qulaq seyvanının şişkinliyi və qançırı, hər iki said və hər iki diz oynağı nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətlərin vətəndaş Zərərçəkmiş şəxs özü-özünə yetirə bilməsi nəticəsində törənməsi inkar olunur. (i.v. 16-19) 04 iyul 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək hadisə vaxtı Elxan Əliyevin ona xəsarət yetirdiyini təsdiq etmişdir. (i.v. 47-51) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 37) “Qətimkan tədbiri seçilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 83-84) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. AZ-İİİ № 900046 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, X2 atipik autizmi xəstəsidir. “X6” tərəfindən Xanımana Qəmbərəliyeva adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli başbeyinin MRT müayinəsi nəticəsindən görünür ki, orta ağırlıq dərəcəsində serebral mikroangiopatiya və serebral kortikal atrofiya əalmətləri aşkar edilmişdir. Mastoid hüceyrələr daxilində mukozal hioertrofiya və az miqdarda eksudat izlənir (bilateral xroniki mastoidit). Burun çəpəri tortuoz quruluşdadır. Bilateral olaraq nazal konxalar hipertrofiyalaşıb. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını və ona dəymiş ziyan ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində autizm xəstəsi olan uşağının və altsheymer xəstəliyindən əziyyət çəkən anasının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar