Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-406/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X10, nümayəndəsi vəkil “Mirzəyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X6, müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdirlər. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında laborant vəzifəsində çalışır. Şəhid ailəsi üzvüdür. Belə ki, 06 yanvar 2023-cü il tarixində saat 12:00-13:00 radələrində keçmiş tanışı X6 tanımadığı telefon nömrələrindən - 055 *** ** ** və 070 *** ** ** nömrələrindən onun telefon nömrəsinə zəng edərək şərəf və ləyaqətini ən pis formada təhqir edən ifadələr işlətmiş, onu işlədiyi yerdə rüsvay edəcəyini, onun və ailəsinin barəsində həqiqəti əks etdirməyən ifadələri işlədəcəyini bildirmiş, o, isə iş yerində onunla danışa bilmədiyi üçün dəstəyi asmışdır. Bu zəngdən təxminən 30 dəqiqə sonra B.Zeynəb iş yerinə-Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının laboratoriya şöbəsinə gələrək kolleqalarını ətrafına toplayıb qışqıraqışqıra onun haqqında nalayiq, həqiqəti əks etdirməyən məlumatlar səsləndirmişdir. Onu görən Zeynəb hər kəsin gözü qarşısında üzərinə hücum edib onu ən pis söyüşlərlə - “əxlaqsız”, “evyıxan” kimi sözlərlə təhqir etdi, üzünə tüpürdü, əl atıb üz nayihəsinə ciddi xəsarət yetirdi. İş yoldaşları güc-bəla ilə onu xəstəxanadan çıxartdılar. Bütün bu hadisələr laboratoriya şöbəsində baş verib və həmin ərazidə kamera quraşdırılıb və B.Zeynəbin onun iş yoldaşlarının gözü qarşısında üzünə tüpürdüyünü, ona xəsarət yetirdiyini əks etdirən görüntülər laboratoriya şöbəsində quraşdırılan kameralar vasitəsilə qeydə alınmışdır. Baxmayaraq ki, klinikanın laboratoriya şöbəsinə tibbi personal və əməkdaşlardan başqa kənar şəxsin daxil olmaq ixtiyarı yoxdur, lakin Zeynəb gücnən ora daxil olub bu hadisəni edib. Hadisədən sonra Yasamal rayon 29-cu Polis Bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Təhqiqatçının göndərişi ilə həmin gün ekspertizaya getmişdir. B.Zeynəb həmin hadisənin səhərisi günü, 07 yanvar 2023-cü il tarixdə bir daha onun iş yerinə gəlib qışqıra-qışqıra haqqında həqiqəti əks etdirməyən məlumatları söyləyərək narahatlıq yaratmışdır. Yasamal Rayon Polis İdarəsi tərəfindən (Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Elnur Vəliyev) qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2023-cü il tarixli Qərara əsasən X6 barəsində AR İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, MTE və PA Birliyinin Yasamal rayon şöbəsinin 22 nömrəli rəyinə əsasən X7 aldığı xəsarətlərin-alın nahiyyəsinin tüklü hissəsindən başlayaraq burun qanadına qədər uzanan sıyırqlar olması, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi göstərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “Material üzrə izahatı alınan X6 xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Arzunun işlədiyi RKX-nın laboratoriya şöbəsinə getdiyini, Arzu orada olmadığı üçün iş yoldaşlarına onu çağırmalarını bildirdiyini, təxminən 2-3 dəqiqə sonra Arzunun gəldiyini, sonuncuya nə üçün onun haqqında pis sözlər danışmısan sualını verdikdə Arzunun “yaxşı eləmişəm” ifadəsini işlətdiyini, bundan sonra Arzunun üzünə tüpürdüyünü, həmin vaxt Arzunun əl ataraq onun saçından tutduğu üçün əliylə sonuncunun üz nahiyyəsinə vurduğunu, bu zaman orada olan insanlar, yəni Arzunun iş yoldaşlarının onları aralaşdırdığını, əsəbləri soyumadığı üçün bir neçə dəqiqə Arzunun ünvanına təhqiramiz ifadələr işlətdiyini, bundan sonra həmin yeri tərk edib getdiyini və hadisənin təxminən 5 dəqiqə çəkdiyini göstərmişdir”. Göründüyü kimi, Babayeva Zeynəb iş üzrə istintaq zamanı verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə iş yerinə gələrək iş yoldaşlarının gözü qarşısında onun üzünə tüpürdüyünü, onu təhqir etdiyini etiraf etmişdir. Yəni, X3 iş yerinə gələrək iş yoldaşlarımın gözü qarşısında onun üzünə tüpürməsi, onu təhqir etməsi preyudisial xarakter daşıyan Qərar ilə öz təsdiqini tapıb. Babayeva Zeynəb bu əməli ilə kifayətlənməmiş, 16 yanvar 2023-cü il tarixində “Tiktok” sosial şəbəkəsində ona məxsus olan “ZuZuM_021” profili vasitəsilə canlı yayım zamanı onun barəsində böhtan xarakterli, eyni zamanda şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirmişdir. Həmin canlı yayım zamanı B.Zeynəbin onun barəsində səsləndirdiyi fikirlər aşağıdakılardır: “O vaxtı mənim dayımın ailəsi var idi, gül kimi 2 uşağı var idi, bu qadın da (P.S. onu nəzərdə tutur) dayımın dükanında süpürgəçi və çörəkçi işləyirdi, həmin qadın mənim dayımın ailəsini dağıtdı, ondan uşaq dünyaya gətirdi. Bu qadın mənə deyir ki, “istəyirəm sən məni döyüb öldürəsən ki, tutulasan”. Bunun da əri Şəhiddir. O Şəhidin qanı sənin haramın olsun, ay murdar. Sən ərivin adına ləkə gətirirsən, heç olmasa onun familiyasından uşağıvı çıxart. O qadın 1 aydır məni qoymur yaşamağa. Mən 1 aydır 29-cu bölmə, 28-ci bölmə, bütün günü küçələrdə qalmışam. Məni elə həddə çatdırdı ki, onun iş yerinə getdim, başladım qışqırmağa, saçına əl atdım dedi ki, “döydü məni”. İndi də gedib ekspertizada deyir ki, “onu tutduracam, o türmələrə düşəcək, mən həzz alacam”. Bax bunu yeyəcəksən (P.S. dirsəyini göstərir). Qanun var, qayda var. Səni it balası kimi süründürəcəm. Sən məhkəmədə deyəcəksən ki, “pox yemişəm", o poxu sənə yedizdirəcəm. Dayım bu tərbiyəsizi hardan tapdı bilmirəm. İmişlidəndir. Nəhlət olsun ona. Onun 2 dənə gəlini var idi. Birini boşayanda dedi ki, oğlanla danışırdı ayırdım onu, öz qohumu idi. O birisini də boşayanda dedi ki, oğlanla tutdum onu evdə. Gəlinlərə mebellərini vermədi. Sən kim idin, az mebel alasan, yolçu? Dilənçiydin də, süpürgəçi idin, gəlib laborant işdiyirsən Respublikanskidə. Şəhiddən olan oğlu qumarda ailəsini uduzdu (P.S. anası dediyini təsdiq edir). Canlı yayım zamanı B.Zeynəbin anası Suqra kənardan müdaxilə edərək onun haqqında aşağıdakı məlumatları səsləndirmişdir: “Qardaşım onu oxutdurdu, laboratoriyada işə qoydu, 1 uşaq doğdu, düşdü bunun (P.S. Zeynəbi nəzərdə tutur) dayısının canına. Bu necə Şəhid arvadıdır, camaatın zaksdı ərini soxub yanına uşaq doğur”. Hesab edir ki, X3 aşağıda qeyd edilən hərəkətləri və onun ünvanına dediyi sözlər təhqirdir: xx.xx.2023-cü il tarixdə iş yerinə gələrək iş yoldaşlarının gözü qarşısında onun üzünə tüpürməsi; xx.xx.2023-cü il tarixdə iş yerinə gələrək iş yoldaşlarının gözü qarşısında onun ünvanına “əxlaqsız”, “evyıxan” sözlərini deməsi; 16 yanvar 2023-cü il tarixində “Tiktok” sosial şəbəkəsində ona məxsus olan “ZuZuM_021” profili vasitəsilə canlı yayım zamanı onun barəsində işlətdiyi bu ifadələr: “Bunun da əri Şəhiddir. O Şəhidin qanı sənin haramın olsun, ay murdar. Sən ərivin adına ləkə gətirirsən. Sən məhkəmədə deyəcəksən ki, “pox yemişəm”, o poxu sənə yedizdirəcəm. Dayım bu tərbiyəsizi hardan tapdı bilmirəm. İmişlidəndir”. Hesab edir ki, X3 onun ünvanına dediyi aşağıdakı sözlər böhtandır: “Həmin qadın mənim dayımın ailəsini dağıtdı”. Bu qadın ona deyir ki, “istəyirəm sən məni döyüb öldürəsən ki, tutulasan”; İndi də gedib ekspertizada deyir ki, “onu tutduracam, o türmələrə düşəcək, mən həzz alacam”; Onun 2 dənə gəlini var idi. Birini boşayanda dedi ki, oğlanla danışırdı ayırdım onu, öz qohumu idi. O birsini də boşayanda dedi ki, oğlanla tutdum onu evdə; Gəlinlərə mebellərini vermədi. Sən kim idin, az mebel alasan, yolçu? Dilənçiydin də, süpürgəçi idin, gəlib laborant işdiyirsən Respublikanskidə. Şəhiddən olan oğlu qumarda ailəsini uduzdu. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, Babayeva Zeynəbin hərəkətləri nəticəsində o arzuolunmaz vəziyyətə düşmüş, onun barəsində bu cür yalan məlumatlar yayımlanması işlədiyi müəssisədə, cəmiyyət içərisində onun nüfuzuna ciddi xələl gətirmiş, xüsusilə ailəsinin psixologiyasına pis təsir göstərmiş, qanuni hüquqlarının və mənafeyinin pozulması ilə yanaşı, ailəsi onunla birgə mənəvi iztirab keçirmiş, əzab çəkmişdir. Həmçinin, Babayeva Zeynəbin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Ona görə də hesab edir ki, onun barəsində təhqir və böhtan xarakterli məlumatlar yayan Babayeva Zeynəb qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında CM-nin 147-ci və 148-ci maddəsində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində qeyd olunmuşdur ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yayma hərəkətlərindən ibarətdir. Azərbaycan Respublikası CMnin 148-ci maddəsində qeyd olunmuşdur ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi hərəkətlərdən ibarətdir. Yuxarıda qeyd etdiyi kimi barəsində şikayət verilən şəxs onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan, həmçinin təhqir, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları “Kanal 13 Xəbər” adlı Youtube kanalında, “Azad söz” adlı facebook səhifəsində, “Abzasmedia” adlı səhifəsində yaymaqla öz hərəkətində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddəsində qeyd olunmuş cinayət əməllərini törətmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarda göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən yayım dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə və ya qeyri-şəxslər dairəsinə bildirmə başa düşülür. İşin təkzibedilməz halı ondan ibarətdir ki, barəsində şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin və 148-ci maddəsinin dispozisiyasında qeyd edilən cinayət əməllərini artıq törətmişdir. Bu şəxsin hərəkətləri onun mənəvi-psixoloji baxımdan ağır vəziyyətə salmış, ailəsinin psixologiyasına mənfi təsir göstərmiş, işlədiyi müəssisədə, cəmiyyətdə onu nüfuzdan salmışdır. Onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş, barəsində təhqir və böhtan xarakterli məlumatlar yaymış, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 və nümayəndəsi, vəkil Müdafiəçi şikayətin icraata qəbul edilməsini və X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və müdafiəçisi, vəkil X2 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayətin verildiyi yer göstərilməmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan əlavə şikayətin msəzmununda istinad edilmiş faktları təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilməmişdir. Yəni şikayətdə istinad edilmiş sosial şədəkələrdəki paylaşımları təsdiq edəcək sübutlar, Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının laboratoriya şöbəsində baş vermiş hadisənin mövcudluğunu təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilməmiş, həmin faaktları təsdiq edəcək sübutlara şikayətin məzmununda istinad edilməmişdir. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X5 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X1 ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-406/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-406/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver