Məhkəmə qərarları › İş №1(004)-407/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-407/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-407/2024 09.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,172 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 15 mart 2024-cü il tarixdə saat 15:45-də ünvan 2 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq Polis İdarəsinə aparılmış və orada üzərinə keçirilən şəxsiaxtarış və götürmə zamanı əynindəki tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən səffaf polietilenə bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,172 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlin törədilməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin məhz həmin maddəsindəki əməli törətməsi tam sübuta yetirilmədi. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edildi. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, evinin həyətində oturub, polis əməkdaşları yaxınlaşıb. Üzərinə baxış keçirilib. 0,172 qram, yəni xeyli miqdarda heroin – küçə adı “kokos” aşkar edildi. Üzərində narkotik vasitə olub, lakin satış məqsədli olmayıb. Niyə müstəntiqin CM-in 234.2-ci maddəsi ilə tövsif etməsini bilmir. Vəkil çəkiliş zamanı olmuşdur, etiraz etmədi. Narkotik vasitəni özü təqdim etmişdi. Ona aid idi. O, ifadənin dediyi kimi qeyd edildiyini zənn edirdi. Müstəntiq onu aldatdı, o da imzaladı. Polis əməkdaşları təklif etdilər ki, nə sənəd verilirsə, imzala. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, onun himayəsində 2 azyaşlı övladı var, ali təhsillidir. Bəli, 21 88 rəqəm ilə bitən onun nömrəsidir. 2 ildir ki, mütəmadi narkotik vasitə istifadə edir. Narkotik vasitəni daimi aldığı konkret şəxs olmamışdır. Yazışmalarda söhbət narkotikin keyfiyyətindən gedirdi. Narkotik vasitəni qəbul edəndə, ona pis təsir etdi. O da bunu qarşı tərəfə bildirdi. Aldığı şəxsin adı Anar olmuşdur. Anarın adını polisə verməmişdir. Təkcə Anardan almırdı. Gedib əlbəəl götürürdüm. Anarın adını istintaq dövründə çəkmək ağlına gəlmədi. İlk vaxtlar həftədə 3 və ya 4 dəfə çəkirdi. Son zamanlar günaşırı istifadə etməyə başladı. Narkotik vasitəni alan zaman əksər vaxtı bir istifadəlik alırdı. Nadir hallarda isə 2 və ya 3 istifadə üçün. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, o heç bir vaxtı narkotik vasitə satmamışdır. Üzərində narkotik vasitə olub, lakin satış məqsədli olmayıb. Narkotik vasitəni özü təqdim edib, özünə aid olmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindəki əməli deyil, məhz CM-nin 234.1-ci maddəsindəki əməli törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, martın 15-i 2024-cü il tarixində saat 05:00 radələrində Zahid Xəlilov küçəsində yaşayan Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatı gəlib. Yaxınlaşıb ozlərini təqdim ediblər, vətəndaşı Yasamal rayonu polis idarəsinə dəvət ediblər, onlarla birlikdə təhqiqatçının otağına yaxınlaşıblar. Təhqiqatçı vəkilin iştirakı ilə üzərinə baxış keçirərkən, kakos adlanan narkotik vasitəsini təqdim etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, yanında heç kim yox idi, tək idi. Şəxsə heç bir təzyiq olunmayıb. Üzərində bir büküm var idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, martın 15-i 2024-cü il tarixində xidməti ərazilərində Zahid Xəlilov 586 ünvanının qarşısında yaxınlaşıblar vətəndaşa. Narkotik vasitələrinin istifadəsində sübhəli şəxs qismində Yasamal rayon polis idarəsinə dəvət ediblər. İnzibati otaqların birində vətəndaşa üzərində olan qeyri-qanuni predment varsa, könüllü olaraq təqdim etməsini təklif etmişlər və üzərində bir ədəd şəffaf salafana bükulmüş özünün kakos adlandırdığı maddəni onlara könüllü şəkildə təqdim etmişdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 da bildirmişdir ki, üzərində bir büküm kakos var idi, şəxsi istifadəsi ücün qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 15 yanvar 2024-cü il tarixdə o, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nin kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü, yəni, 15 mart 2024-cü il tarixdə saat 15:45 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək birlikdə qeyd etdiyi idarəyə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və sol yan cibindən isə 01 ədəd ***-***-**-** CSM nömrə ilə istifadə olunan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində olan “kola”, “kakos” kimi tanınan narkotik vasitə heroindir. Həmin narkotik vasitə heroini, 15 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Sovetiski” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 15 manat pulun qarşılığında alıb əynindəki tünd qəhvəyi rəngli şalvarının sağ yan cibinə qoyaraq ünvan 4 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq DİNnin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən, görünür ki, təhqiqatçı həmin vaxtı şübhəli şəxs olan Təqsirləndirilən şəxs üzərindəki qanunsuz əşyaları təqdim etməyi təklif edir, Təqsirləndirilən şəxs isə cibindən 1 bükümdə vasitəni çıxarıb stolun üzərinə qoyur. Təhqiqatçı onu sorğu sual edir, Təqsirləndirilən şəxs da bildirir ki, narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1559 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,172 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2024-cü il tarixli 1966 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”da ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,172 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələrin satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəllcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarında isə təqsirləndirilən şəxsin əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Hazırkı ittihamdakı “satış məqsədi”ni müəyyən edərkən, ibtidai istindaq orqanı sms və yazışmalardan başqa, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı əlavə dindirilməsi zamanı verdiyi ifadədən başqa hər hansı bir sübut müəyyən etməmişdir. “Satış məqsədi”ni müəyyən edən hər hansı bir sübut yoxdur. Yuxarıda göstərilənlə bağlı məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib üzərində saxlaması, gəzdirməsi barədə nəticəyə gəlmək üçün yalnız ibtidai istintaq zamanı ifadə verməsini kifayət etmədiyini, belə məqsədin olmasını təsdiq edən başqa halların və sübutların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olmasının, satış məqsədilə həmin narkotik vasitənin əldə edilməsinə dəlalət edən digər hər hansı bir sübutların olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Hətta Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, onun üzərinə xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış protokolunda da onun üzərindən götürülmüş narkotik vasitənin məhz satış məqsədilə əldə etdiyi, üzərində saxladığı və daşıdığı barədə məlumat əks etdirilməmişdir. Axtarış və baxışın qeydə alındığı videogörüntüdə Təqsirləndirilən şəxs sorğu sual zamanı bildirir ki, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq müddətində də özünü CM-nin 234.2-ci maddə ilə təqsirli bilməmişdir, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Belə bir ifadəsi mövcud deyildir. Hətta həm xx.xx.2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi üzrə şübhəli şəxs kimi ifadəsində və sorğu-sual zamanı, xx.xx.2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs kimi ifadəsində və sorğu-sual zamanı özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Lakin sonradan müstəntiq tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs dindirilərdən anket məlumatlarını xatırlamadığı yaxın tanışlarına narkotik vasitəni verməsi barədə ifadəsi qeyd edilmişdir. Bundan sonra müstəntiq tərəfindən xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. Həmin tövsif qərarında da müstəntiq yalnız "xxxx" MMC-dən əldə edilmiş yazışmalar ilə əlaqədar, həmçinin əlavə dindirilməsi zamanı alınan ifadə ilə əlaqədar, digər hər hansı bir dəlil və sübuta, digər hər hansı bir hala istinad etmədən öz şəxsi mülahizəsinə əsasən əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif etmişdir. İlk öncə məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-dən əldə edilmiş təqsirləndirilən şəxsin yazışmalarında onun narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsinə dəlalət edən ümumiyyətlə hər hansı yazışmanın aparılması müəyyən edilməmişdir. Həmçinin müstəntiq “sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarında konkret hər hansı sms yazışmaya istinad etməmişdir. Həmin yazışmalar məhkəmə iclasında araşdırılmış və təqsirləndirilən şəxs bildirmişdir ki, “yazışmalarda söhbət narkotikin keyfiyyətindən gedirdi. Narkotik vasitəni qəbul edəndə, ona pis təsir etdi. O da bunu qarşı tərəfə bildirdi”. Bundan əlavə məhkəmə iclasında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı sonradan vermiş olduğu ifadəni təsdiq etməmiş, sənədlərin polis əməkdaşlarının təklifi ilə imzaladığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı sonradan veridiyi ifadəsi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə bir vəziyyətdə müstəntiqin şəxsi mülahizəsinə əsasən, digər hər hansı bir sübut olmadan, əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi yolverilməzdir. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Qərarın 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi onun əlehinə istifadə edilə bilməz, həmçinin onun əməli etirafedici ifadəsi kimi də qəbul edilə bilmir. Göründüyü kimi həm ibtidai istintaq dövrü, həm də məhkəmə istintaqı dövrü təqsirləndirilən şəxsin özünü yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddə ilə təqsirli bilmiş, narkotik vasitəni özünün istifadəsi üçün aldığını bildirmişdir. Bununla hazırkı iş üzrə təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyəti ilə əldə etmə əməlini etiraf etməmişdir, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddədəsi ilə özünü təqsirli bilməmişdir. Hətta şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilsəydi belə, həmin əməl yalnız iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edilməli idi. Lakin göründüyü kimi onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud deyildir, ibtidai istintaq müddətində belə bir sübut toplanılmamışdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Göstərilənlərlə əlaqədar onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Belə ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlinin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki, həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 2 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 26 gün (iki il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,122 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar