Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-408/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Bəylər qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Quba rayonu, Üçgün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, Küpçal Ərazi Dairəsi, Üçgün kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə internet vasitəsi ilə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya Təhsil Nazirliyində şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs bitirmiş olduğu Azərbaycan Ali X2 diplomunun Təhsil Nazirliyi tərəfindən hüquqi əsaslarla tanınması, sonuncunun diaqnostik bal toplaması və Quba rayonu, Alekseyevka kənd orta məktəbinə direktor təyin etdirəcəyi adı ilə yalan vəd verib inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin may ayının sonunda ünvan 2 ünvanında yerləşən “Meydan” adlanan ərazidə Zərərçəkmiş şəxs 1.000 manat, 2018-ci ilin iyun ayının əvvəlində Quba rayonu, Alekseyevka kəndində yerləşən Azərpoçtun qarşısında Zərərçəkmiş şəxs 600 manat, 2018-ci ilin iyun ayının əvvəlində Quba şəhəri, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən Avtovağzal ərazisində Zərərçəkmiş şəxs 800 manat və 2018-ci ilin iyun ayının sonunda ünvan 4 ünvanında yerləşən metronun “İnşaatçılar” stansiyasının qarşısında Zərərçəkmiş şəxs 5.900 manat pulu alıb cinayət əməlini başa çatdıraraq, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 8.300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ilin fevral ayında «facebook» sosial şəbəkəsində tanış olmuşdur. Sevil Azərbaycan Ali X2 diplomunun Təhsil Nazirliyində tanınmadığını bildirmiş və bunun üçün kömək etməyini xahiş etmişdir. Həmin vaxt o, Sevilə yalandan tanışlarının vasitəsilə Sevilə məxsus Azərbaycan Ali X2 diplomunun Təhsil Nazirliyində tanınması işini həll edəcəyini öz öhdəsinə götürmüşdür. Bu məqsədlə o Sevildən Quba şəhərində yerləşən “meydan” ərazisində 200 manat, Quba rayonu, Alekseyevka kəndində yerləşən poçtun qarşısında Sevil ona 600 manat, Quba şəhərində yerləşən avtovağzal ərazisində Sevil ona əlbə-əl 800 manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında isə 2700 manat pul vermişdir. O, etdiyi cinayət əməlindən çox peşmandır. Yekun olaraq o, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Bəylər qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə sosial şəbəkələrin birində tanış olmuşdur. O, Azərbaycan Ali Tətbiqi Elmlər Kollecini bitirərək diplom alsa da, 2013-cü il tarixdə müəllimlərin diaqnostik imtahanı zamanı məlum olmuşdur ki, qeyd etdiyi təhsil müəssisəsinin diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmır və bu səbəbdən o, qeyd etdiyi imtahanlarda iştirak edə bilməmişdir. O, bu problemi sosial şəbəkədə öz hesabından paylaşaraq problemin həlli yolunu axtaran zaman Təqsirləndirilən şəxs onun yazdığı statusa rəy bildirərək həmin problemin həllində ona köməklik edəcəyini bildirmişdir. Daha sonra bu barədə o, Mahidlə danışmağa başlamışdır. Təqsirləndirilən şəxs diplomunun tanıdılması, bundan əlavə diaqnostik balının toplanması, o, cümlədən Quba rayonu, Alekseyevka kənd orta məktəbinin direktoru vəzifəsinə işə qəbul etdirməsi müqabilində ondan ümumilikdə 9.000 (doqquz min) manat məbləğində pul istəmişdir. O, Mahidlə tam razılaşaraq həmin pulu bir dəfəyə verməyə imkanı olmadığı üçün, qeyd olunan pulu hissə-hissə verəcəyini demişdir. 2018-ci ili may ayının sonlarında ünvan 2 ünvanında yerləşən «Meydan» adlanan ərazidə Mahidə əlbə-əl 1.000 manat, 2018-ci ilin iyun ayının əvvəllərində Quba rayonu, Alekseyevka kəndində yerləşən poçtun qarşısında Mahidə əlbə-əl 600 manat, 2018-ci ilin iyun ayının əvvəllərində Quba şəhəri, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən Avtovağzal ərazisində 800 manat və 2018-ilin iyun ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının qarşısında Mahidə əlbə-əl 5.900 manat pul vermişdir. Bununla da o, Mahidə ümumilikdə 8.300 manat pul vermişdir. Sonra isə o, məsələnin nə yerdə qaldığı barədə Mahiddən zəng edib soruşanda Mahid müxtəlif bəhanələr gətirərək məsələnin bir qədər uzandığını demişdir. 01 iyul 2018-ci il tarixdən etibarən Mahidin mobil telefon nömrəsinə zəng çatmamış və internetdə sosial şəbəkə hesabını dondurmuşdur. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 137138-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı Mahid Sevildən 8.300 manat pul almışdır. İstintaq zamanı qardaşı Təqsirləndirilən şəxs tərəfindən iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 2.000 manat pul tərəfindən Zərərçəkmiş şəxs ödənilmiş və hazırda qardaşı Mahidin Sevilə 4.900 manat verəcəyi qalmışdır. Qalan 4.900 manat pulu da 24 may 2024-cü il tarixə kimi Zərərçəkmiş şəxs tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 13 avqust 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yer altı çıxışının qarşısıdır. (i.v. 17-19) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tərəfindən xx.xx.2024-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 162-163) “Axtarışda olan şəxsin tutulması barədə” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. (i.v. 101) “Şübhəli şəxsin tutulması haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:05-də tutulmuşdur. (i.v. 120-121) 10 may 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs Bəylər qızı ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 130-135) “Vurulmuş ziyanın ödənilməsi” və “Maddi ziyanın təqdim olunması haqqında” 10 may 2024-cü il tarixli protokollardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qardaşı Şahid tərəfindən 2000 manat pul Zərərçəkmiş şəxs ödənilmişdir. (i.v. 139-140) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 155-156) “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 157-158) İş materiallarında olan Zərərçəkmiş şəxs Bəylər qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2075 manat Maliyyə Nazirliyi – X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-408/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-408/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver