Məhkəmə qərarları › İş №1(004)-409/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-409/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-409/2023 06.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmuş, işləməyən, Salyan şəhəri, İ.Quliyev küçəsi, bina 3, mənzil 1-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 23 may 2023-cü il tarixdə saat 01:40-da ünvan 2 ünvanın qarşısında X4 yaxınlaşıb onun sağ əlində saxladığı içərisində 05 manat dəyərində “***-***-**-**” mobil nömrə olan 01 ədəd 400 manat dəyərində, 64 GB yaddaş tutumuna malik, qara rəngli “İphone” markalı “SE” modelli mobil telefon aparatını dartıb almaqla, hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş S.Ş.İsaevaya məxsus ümumilikdə 405 manat məbləğində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, işdə əlini ehtiyatsızlıqdan laqonda ilə sağ əlini kəsmiş, bu səbəbdən də əli xəsarət aldığı üçün sağ əlini işlədə bilmirmiş və əlindən xəsarət alandan sonra heç bir yerdə də işləyə bilmirmiş. Hadisə günü gecə saatları idi, gəzmək məqsədilə çölə çıxmışdır. Evə qayıdarkən zərərçəkən xanımı görmüş, əlində telefon var idi, halbuki onun əvvəlcədən belə bir niyyəti olmamışdır, pula ehtiyacı olduğundan və övladı evdə ac olduğundan həmin telefonu xanımdan götürərək qaçmışdır, sonradan oğurladığı mobil telefon aparatının qara rəngli “İphone” markalı olduğunu görüb həmin mobil telefon aparatını oğurladığı şəxsə qaytarmaq üçün geri qayıtmışdır, geri qayıdarkən polis əməkdaşları və xanımı görüb qorxmuş, gizlənmək istəsə də xanım onu görüb tanıyaraq onu polis əməkdaşlarına işarə etmişdir, daha sonra onu polis əməkdaşları tutmuşlar. Onun oğurluq niyyəti olmamışdır, həmin niyyəti telefonu gördükdən sonra formalaşmışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xarici İşlər Nazirliyinin qabağı, xidmət apardıqları sahə-üzrə, maşrut üzrə onlara bir vətəndaş xanım yaxınlaşaraq telefonunun oğurlandığını və telefonu oğurlayan şəxsin qaçdığını bildirmişdir. Onlar xanımı maşına dəvət etmiş, o isə həmin şəxsin hansı istiqamətə qaçdığını bildirmiş və onlar 5854 nömrəli avtopatrul maşını ilə həmin istiqamətə hərəkət etmişlər, bir nəfər şübhəli şəxs gecə vaxtı Xarici İşlər Nazirliyinin arxası tərəfə onları görərək qaçmağa cəhd göstərmiş, onlar isə onu yaxalamışlar. Telefon üzərində deyildi, atmışdı. Telefonu götürdükdən sonra şəxsi 26-cı PB-nə aparmışlar. Onunla birlikdə Şahid2 və Şahid3 adlı polis əməkdaşları da olmuşdur. Təqsirləndirilən şəxs telefonu götürüb qaçmışdı, xanım onun hara qaçdığını göstərmiş və onlar həmin şəxsi yaxalamışlar. Zaldakı şəxs həmin təqsirləndirilən şəxsdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 5 mərtəbə adlanan yerdə, Xarici İşlər Nazirliyinin qabağında xidmətdə olarkən, gecə saat neçə olduğunu dəqiq bilməmiş, yadından çıxmışdır, lakin raportda qeyd etmişdir, qadın onlara yaxınlaşmışdır ki, 1 nəfər tanımadığı şəxs telefonu əlindən alıb qaçmışdır, o, özü xanımdan soruşmüşdur ki, həmin şəxsi görsə tanıya bilərmi, xanım da tanıyacığını demişdir. Xanımı öz xidməti avtomobillərinə otuzdurmuşlar, qabağa gedib, biraz Kubinkanın arasına girmişlər, Yasamal ərazisində həmin bu şəxs orada onlar keçəndə o arxadan görmüş maşının yanından, onları görüb maşının yanında gizlənmişdi, onlar keçdikdən sonra çıxmış, o görmüşdür həmin şəxsi, düşüb, üstünə gedəndə qaçmış. Oradan qoç ətin yanına kimi qaçmışlar, düz Qoç Ətin yanında bu şəxsi tutmuşlar, aparmışlar bölməyə, raportla təqdim etmişdirlər. Telefonu isə yolda gedərkən yola atmış, onlar arxasınca qaçarkən, onlar tutmuş, telefonu da götürmüşlər, aparmışlar bölməyə. Xanım da yanlarında olmuş, müəyyən olunmuşdur ki, həmin telefondur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xarici İşlər Nazirliyinin qarşısında onlara bir xanım yaxınlaşmış, növbədə Mövsüm, Həsən və özü idi, xanım onlara yaxınlaşıb bildirmişdir ki, taksi sifariş edərkən 1 nəfər əlində olan telefonu götürüb qaçıb, onlar xanımı otuzdurmuşlar maşına, soruşmuşlar ki, həmin şəxsi üzdən tanıya bilərmi, gecə saatları imiş, adam az imiş, Kubinkaya baxanda görmüşlər ki, bir nəfər maşınların arasında çöküb aşağı və gizlənmişdir. Onlar maşını saxlayıb yaxınlaşanda həmin şəxs qaçmağa cəhd göstərmiş, Salatın Əsgərova küçəsində şəxsi saxlamış, 26-cı PB-nə aparmışlar. İş üzrə məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs X6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyası, Saratov vilayəti, Volsk şəhərində anadan olmuşdur. Təhsilini Rusiya Federasiyasında alsa da, yaxın ailə üzvləri Azərbaycanda yaşadığından azərbaycan dilində sərbəst şəkildə oxuyub yaza bilir. xx.xx.2021-ci il tarixdə istirahət etmək və ailə üzvlərini görmək məqsədilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Hazırda Azərbaycan Respublikasında Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4 ünvanında yaşayır. 22 may 2023-cü il tarixdə saat 22 radələrində rəfiqəsi Cəmilə ilə görüşmək üçün sonuncunun yaşadığı ünvan 5 ünvanında yerləşən evinə getmişdir. 23 may 2023-cü il tarixdə təxminən saat 01:40 radələrində o, rəfiqəsinin mənzilini tərk etmiş və Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsinin Şamil Əzibəyov küçəsi ilə kəsişməsinə gəlmişdir. Bundan sonra o, Ş.Əzizbəyov küçəsi 85 ünvanın qarşısında quraşdırılmış hazırda xatırlamadığı yol nişanlarının quraşdırıldığı dəmir borunun yanına gəlib orada dayanmışdır ki, mobil telefonu vasitəsi ilə onlayn qaydada taksi sifariş etsin. Belə ki, o, taksi sifariş edərək ünvan 4 ünvanında yerləşən yaşadığı evə gedəcəkmiş. O, qeyd etdiyi yerdə dayanarkən ondan təxminən 30-40 metr aralıda yolun kənarında təxminən 30 yaşlarında, orta boylu, əynində qara rəngli gödəkçə, boz rəngli idaman şalvarı və sağ əlində qara rəngli əlcək olan, sonradan polis bölməsində adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs dayanmışdır. O, sözügedən şəxsin də onun kimi avtomobil gözlədiyini düşünərək ondan hər hansı bir qanunsuz hərkət etməsi barədə şübhəsi yaranmamışdır. O, heç bir təhlükənin olmadığını görüb əlindəki 01 ədəd 64 GB yaddaş tutumuna malik, qara rəngli “İphone SE” markalı mobil telefon aparatının ekran kilidini açaraq telefonunu işlək vəziyyətə gətirmişdir. Daha sonra, taksi sifariş etmək məqsədilə mobil telefon aparatındakı “Bolt” proqramına daxil olduqda bayaq ondan bir qədər aralıda dayanmış, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs sol tərəfdən ona yaxınlaşıb sağ əlində tutduğu “İphone SE” markalı mobil telefon aparatını sol əli ilə dartıb əlindən alaraq ondan sağ tərəfə doğru qaçmağa başladı. Təqsirləndirilən şəxs ona doğru sakit şəkildə yaxınlaşdığından Təqsirləndirilən şəxs ona tərəf gəlməsini hiss etməmişdir. Təqsirləndirilən şəxs əlindəki mobil telefon aparatını dartıb aldıqdan sonra yanından qaçaraq uzaqlaşan zaman o, Təqsirləndirilən şəxs arxasınca qışqıraraq mobil telefon aparatını qaytarmasını bildirsə də, Təqsirləndirilən şəxs onun bu sözlərini eşidərək dönüb arxaya baxsa da, onun səsləməsinə məhəl qoymayıb oradan qaçaraq uzaqlaşmışdır. Mobil telefonunu oğurlayan şəxsin kişi cinsli və ondan cüssəli olduğunu düşünüb, həmçinin gecə saatları olduğunu nəzərə alıb qorxduğu üçün həmin şəxsin arxasınca qaçmamışdır. Bundan sonra onun mobil telefonu üzərində olmadığından və gecə saatları olduğu üçün həmin ərazidə gecə dövriyyə gəzən post patrul xidmətinin əməkdaşlarını axtarmağa başlamışdır. Hadisədən təxminən 20 dəqiqə sonra, gecə saat 02 radələrində Ş.Qurbanov küçəsində PPXB-nin üç əməkdaşına rast gəlmişdir. O, dərhal həmin şəxslərə yaxınlaşaraq hadisə barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə avtopatrula əyləşərək hadisə yerinə, yəni Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsinə getmişdir. Onlar oraya çatdıqda heç kimin olmadığını görüb həmin ərazidəki ara məhəllələrə baxış keçirməyə başlamışdırlar. Həmin vaxt dəqiq ünvanını bilmədiyi ara məhəllələrin birində bayaq ondan telefonunu götürüb qaçan şəxsin “Vaz 2107” markalı avtomobilin sol hissəsində gizləndiyini görmüşdür. Bu zaman o, polis əməkdaşlarına bayaq onun telefonunu götürüb qaçan şəxsin avtomobilin yanında gizlənən şəxs olduğunu söyləmişdir. Bundan sonra PPXB əməkdaşları Təqsirləndirilən şəxs təslim olmasını əmr etdikdə, sonuncu qaçmağa başlamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs arxasınca qaçmış, lakin o, olduğu yerdə dayanmışdır. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşlarının Təqsirləndirilən şəxsla birlikdə yanına qayıtdıqlarını, mobil telefonunu Təqsirləndirilən şəxs üzərində aşkar etdiklərini görmüşdür. Bundan sonra hamısı Yasamal RPİ-ni 26-cı PB-nə gəlmişdirlər. Polis bölməsində o, hadisə ilə bağlı ərizəylə müraciət etmiş və təhqiqatçı tərəfindən ilkin izahatı alınmışdır. Həmçinin hadisə vaxtı onun mobil telefonunu əlindən alıb qaçan şəxs telefonu bölmədə polis əməkdaşlarına təqdim etmişdir. O, özünə məxsus qara rəngli, 64 GB yaddaş tutumuna malik, “İphone SE” markalı mobil telefonu 2021-ci ilin noyabr ayında Rusiya Federasiyasında manatın məzənnəsi ilə 1.100 manata almışdır. Həmin mobil telefonu oğurlanan tarixdə, yəni xx.xx.2023-cü il tarixdə qiyməti 400 manat olmuşdur. Həmin mobil telefonu oğurlanan zaman üzərində 05 manat dəyərində ***-***-**-** mobil nömrəsi olmuşdur. Həmin mobil nömrənin balansında hər hansı məbləğdə pul və ya kontur olmamışdır. Qeyd olunan hadisə nəticəsində ona ümumilikdə 405 manat maddi ziyan dəymişdir. xx.xx.2023- cü il tarixdə gecə saat 01:40 radələrində ona məxsus “İphone SE” markalı mobil telefonunu götürən şəxsi görmüşdür. Həmin şəxs təxminən 30 yaşlarında, 1.70 sm boylarında olmaqla, əynində qara rəngli gödəkçə, boz rəngli idman şalvarı, əlində qara rəngli əlcək başında qara kepka olmuşdur. Hadisə vaxtı gecə saatları olduğundan hadisə yerində onlar ikisi olmuş, bu səbəbdən də 01 ədəd “İphone SE” markalı mobil telefonunun götürülməsini ondan başqa heç kim görməmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 01:40 radələrində ünvan 2 ünvanında ona məxsus 01 ədəd “İphone SE” markalı mobil telefonunu Təqsirləndirilən şəxs əlindən dartıb alaraq qaçan zaman tək olmuş, yanında başqa şəxs və ya şəxslər olmamışdır. Mobil telefonunu oğurlayan şəxs onun bələdçiliyi və polislərə həmin şəxsin zahiri görnüşü barədə vermiş olduğu məlumatlar əsasında onun yanında saxlanıldığı üçün Təqsirləndirilən şəxs şəxsiyyəti və zahiri görünüşü ona tam aydın olmuşdur. Bu səbəbdən həmin şəxsi artıq tanıyır. Hazırda mobil telefon aparatı Təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığı üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Mobil telefon aparatı oğurlanan zaman saz vəziyyətdə, istifadəyə yaralı olmuş, telefonunun hər hansı bir hissəsində və ya detalında, habelə ön şüşəsində və arxa korpusunda hər hansı zədə, cızıq və s. olmamışdır. Polis bölməsində izahat verən zaman o, hadisənin baş verdiyi ünvanı o qədər də yaxşı tanımadığından yanlışlıqla hadisə yerinin ünvan 5 olduğunu bildirmişdir. Çünki Təqsirləndirilən şəxs telefonunu ondan alıb qaçan zaman İ.Səfərli küçəsinə doğru qaçmışdır. O da hadisə yerinin İ.Səfərli küçəsi 10 olduğunu düşünmüşdür. Lakin reallıqda Təqsirləndirilən şəxs ona məxsus 01 ədəd “İphone SE” markalı mobil telefonunu ondan ünvan 2 ünvanında dartıb alaraq qaçmışdır. O, hadisə vaxtı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs yalnız əlindəki telefonu dartaraq qaçmış, telefonu ondan alan zaman ona hər hansı xəsarət yetirməmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3969 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd Çin istehsalı “İphone” markalı, “SE (2nd Generation) modelli 64 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzanı tam çəkib qurtarmışdır. Bundan başqa Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 06 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılıb. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05.11.21 il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs oğlunun az ağır cinayət əməlinə görə Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddətinin axımı onun hökmlə təyin edilmiş məhz qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından, yəni xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05.11.21-ci il tarixli Amnistiya qərarına əsasən təyin edilmiş cərimə cəzasından azad edildiyi tarixdən hesablanır. Belə olduğu halda Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını və himayəsində 1 azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 24 saatdan çox, yəni 02 gün həbsdə olmuşdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli, 64 GB yaddaş tutumuna malik, “İphone” markalı, “SE” modelli mobil telefon aparatı və həmin mobil telefonun üzərində olan 01 ədəd “***-***-**-**” mobil nömrənin zərərçəkmiş şəxs X1ytarılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə 12 HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 28 gün (bir il altı ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 06 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli, 64 GB yaddaş tutumuna malik, “İphone” markalı, “SE” modelli mobil telefon aparatı və həmin mobil telefonun üzərində olan 01 ədəd “***-***-**-**” mobil nömrənin zərərçəkmiş şəxs X1ytarılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar