Məhkəmə qərarları › İş №1(004)-41/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-41/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-41/2024 22.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X5, Xüsusi ittihamçı (mülki iddiaçı): X6, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 08 aprel 1957-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət təqibi üzrə şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X8 “Vəkilin səsi” beynəlxalq ictimai-siyasi hüquq qəzetinin sabiq baş redaktoru X2 qarşı xüsusi ittiham qaydasında xx.xx.2023-cü il tarixli şikayətlə və həmin şikayətə xx.xx.2023-cü il tarixli əlavə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, şikayətin icraata qəbul edilməsi, xüsusi ittihamçı kimi tanınması, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması və onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin verilməsinə əsas və səbəb X4 tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərində “Facebook” sosial şəbəkəsində təsisçisi və baş redaktoru olduğu “Vəkilin Səsi” adlı qəzetin səhifəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları müvafiq statuslarında paylaşmaqla yayması olmuşdur. Belə ki, xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, 2014-cü ilin dekabr ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, uzun müddətdir ki, peşəkar vəkillik fəaliyyəti ilə məşğul olur. 2017-2022-ci illərdə Vəkillərin İntizam Komissiyasının üzvü kimi fəaliyyət göstərmiş, 2022-ci ilin dekabr ayından isə həmin Komissiyanın sədri vəzifəsini icra edir. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə uzun illər səmərəli vəkillik fəaliyyətinə görə “X10” adı ilə təltif olunmuş və həmin təltif ona VKRH-nin xx.xx.2023-cü il tarixdə keçirilən iclasında təqdim edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə hüquqşünas X4 tərəfindən "Facebook" sosial şəbəkəsində təsisçisi və baş redaktoru olduğu “Vəkilin Səsi” adlı qəzetin səhifəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan aşağıda qeyd edilən məlumatları paylaşmaqla yaymışdır: “Ailə münaqişəsinə görə (iki qadın arasında qalıbmış) prokurorluq orqanlarından kənarlaşdırılan, sonradan vəkil olan, müştərisi Aytən Mahmudovadan 20.000 manat “xidmət haqqı” adı ilə pullar alıb keyfiyyətli iş görməyən və həmin pulları da qaytarmaq istəməyən vəkil Cavid Alıyev 20 min məbləğdən 6000 manatını dostu İlham Dadaşovun vasitəsilə geri qaytarıb. Nəticədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov onu “X10” adı ilə təltif edib. Hətta söz veriblər ki, əgər pulların hamısını qaytarsa onu Anar Bağırovun yerinə qoyacaqlar. Bu isə qeyri-rəsmi məlumatdır. Səhv varsa təkzib verə bilərik).” Bununla, barəsində hazırkı şikayətin verildiyi Camal Bağırzadə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələmək və onu cəmiyyətdə nüfuzdan salmaq məqsədi güdən sözügedən həqiqətə uyğun olmayan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayaraq, onu ailə münaqişəsi və dələduzluq cinayəti törətməkdə ittiham etməklə böhtan atmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yayılmış məlumatlar heç bir sübuta söykənməyərək açıq-aşkar böhtan xarakterli olmaqla, onun şəxsi və ictimai həyatına, işgüzar fəaliyyətinə kobud müdaxilədir. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən, böhtana görə cinayət məsuliyyətinin yaranması üçün yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkləyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması tələb olunur ki, bu halda Camal Bağırzadə tərəfindən onunla bağlı həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ona ciddi xələl gətirən və nüfuzdan salan məlumatlar "Facebook" sosial şəbəkəsində yayılmaqla kütləvi nümayiş etdirilmiş və onun bu əməli böhtan cinayətinin tərkibini yaratmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Camal Bağırzadə tərəfindən törətdiyi hüquqazidd əməlləri davam etdirərək, yenə də “Facebook” sosial şəbəkəsində təsisçisi və baş redaktoru olduğu “Vəkilin Səsi” adlı qəzetin səhifəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan aşağıda qeyd edilən məzmunda məlumatları “Anar Bağırovun “üstü bəzək, altı təzək” Kollegiyası” başlıqlı statusunda paylaşmaqla yaymışdır: “... O ki, qaldı İntizam Komissiyasının fəaliyyətinə vəkillərin içində intizamı ən çox pozan məhz sədrə yaxın olan vəkillərdir İntizam Komissiyasının sədri Alıyev Cavidin özü də onların içində olmaq şərti ilə. Təsadüfi deyil ki, bir-iki həftə əvvəl Aytən Mahmudova adlı bir qadın onun vəkili olmuş məhz elə həmin Cavid Alıyevdən bizə şikayət etmişdi. Ortada 20 min, hətta 75 min manat pulun alınmasından gedirdi. Lakin qadının işi hələ bitmədiyi üçün hələlik susmağı üstün tutur. Cavid ona deyib ki, narahat olmasın pulu da istəməsin onun işini Ali Məhkəmədə “aşıracaq”. Hələlik isə bilinmir kim kimi aşıracaq. ...” Göründüyü kimi, Camal Bağırzadə bu dəfə onu əvvəlki statusunda olduğu kimi təkcə dələduzluq cinayəti törətməkdə deyil, həm də guya intizamı ən çox pozan vəkil olmaqda ittiham etməklə böhtan atmış, onun bu hüquqazidd əməli bütövlükdə Vəkillər Kollegiyasını, onun orqanı olan İntizam Komissiyasını və həmin Komissiyanın sədri kimi onu cəmiyyətdə nüfuzdan və hörmətdən salmağa, şərəf və ləyaqətini ləkələməyə yönəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il 3 nömrəli Qərarına əsasən (bənd 5), kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olmaqla, dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “'Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiya fikir və söz, məlumat azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Başqa sözlə, qanunvericilik söz və fikir azadlığının yalnız başqa şəxslərin hüquq və mənafelərinə toxunulmayacaq həddə ifadə edilməsini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinin İİ hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 71-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “İnsan hüquqları və X3 haqqında” Avropa Konvensiyasının 10.2-ci maddəsinə əsasən, fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ... digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün ... qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri də ehtiva edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Cerusalem Avstriyaya qarşı” məhkəmə işi üzrə 27 fevral 2001-ci il tarixli Qərarında göstərmişdir: “Lakin Məhkəmə hesab edir ki, mülahizə subyektiv qiymətləndirmə kimi qəbul edilsə belə, müdaxilənin mütənasibliyi təkzib olunan fikrin kifayət qədər əsasının olub-olmamasından asılıdır, çünki heç bir faktiki əsası olmayan subyektiv qiymətləndirmə həddi aşa bilər” (§ 43). AİHM eyni mövqeyini “Pedersen və Badsqard Danimarkaya qarşı” məhkəmə işi üzrə 19 iyun 2003-cü il tarixli Qərarında da təkrarən vurğulamışdır (§ 64). AİHM “Lesnik Slovakiyaya qarşı” məhkəmə işi üzrə 11 mart 2003-cü il tarixli Qərarında göstərmişdir: “Ərizəçinin prokurorun peşəkar və şəxsi keyfiyyətləri barədə fikirləri sübut edilməli olmayan qiymətləndirici mülahizələr kimi qəbul olunsa belə, Avropa Məhkəməsi qeyd edir ki, yuxarıda adı çəkilən məktublarda prokuroru qanunsuz hərəkətlərdə və sui-istifadədə təqsirləndirən ittihamlar da öz əksini tapmışdır. Çünki ərizəçi prokuroru onun cinayət barədə şikayət ərizəsini qəbul etməkdən qanunsuz imtina etməkdə, rüşvət almaqla və ərizəçinin telefon danışıqlarına qanunsuz qulaq asmaqla öz səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir. Avropa Məhkəməsinin mövqeyinə görə, bu ittihamlar faktı əmələ gətirir və buna görə də milli məhkəmələr göstərilən faktların təsdiqi üçün sübut tələb etməkdə haqlı olmuşlar” (§57). Bu baxımdan, AİHM tərəfindən formalaşdırılmış “qiymətləndirici mülahizə” anlayışı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsə sosial şəbəkədə yaratdığı səhifədə hər istədiyini yazmaq və paylaşmaq imkanı vermir və bu, mümkün də deyil. Göründüyü kimi, ifadə azadlığı hər kəsə, hər istədiyini, hər yerdə və hər zaman başqalarının şərəf və ləyaqətini alçaldan və ya nüfuzdan salan şəkildə ifadə etmək imkanı vermir. Bu baxımdan, başqalarının şərəf və ləyaqətini alçaldan, cəmiyyətdəki nüfuzuna xələl gətirən, heç bir faktiki bazaya malik olmayan və müəllifin şəxsi mülahizələrindən ibarət olan düşüncə ifadələri əlbəttə ki hüquqi müdafiədən faydalana bilməz. Çünki, belə düşüncələrin ifadə olunmasının təməl əsasları yoxdur və bunlar həqiqətə nail olmaq yönündə heç bir ictimai faydası olmayan ifadələrdir. Cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Lakin barəsində hazırkı şikayətin verildiyi şəxs bu hüquq və azadlıqlardan sui- istifadə edərək, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2-ci və 12.3-cü maddələrinə əsasən, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa, cinayət prosesi gedişində özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi məhkəməyə verilmiş və X8 xüsusi ittihamçı qismində tanınmışdır. Bundan sonra məhkəmə iclasında xüsusi ittihamçı X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə tərəfindən X2 qarşı xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş məlumatların təkzib edilməsini və üzr istənilməsini nəzərə alaraq, həmçinin məhkəmənin məsələnin tərəflər arasında sülh yolu ilə həlli təklifinə hörmətlə yanaşaraq və AR CPM-in 32.2.8, 32.2.10, 39.1.8, 41.7, 43.1.1, 88.4.2, 89.4.19-cu maddələrinə əsaslanaraq, şikayətdən və mülki iddiadan imtina etdiyini bəyan etməklə, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində “Facebook” sosial şəbəkəsində “Vəkilin Səsi” adlı səhifədə yazılmış statuslarda onun barəsində böhtan xarakterli həqiqətə uyğun olmayan məlumatların paylaşılmasına görə, tərəfindən “Vəkilin səsi” beynəlxalq ictimai-siyasi hüquq qəzetinin sabiq baş redaktoru X2 qarşı xüsusi ittiham qaydasında xx.xx.2023-cü il tarixli şikayətlə və həmin şikayətə xx.xx.2023-cü il tarixli əlavə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə məhkəməyə şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması, həmin məlumatların yayılmasına görə üzr istənilməsi və bu məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iddia verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət icraata qəbul olunaraq, Camal Bağırzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi məhkəməyə verilmişdir. Sonradan iş üzrə 2024-cü ilin aprel ayında keçirilən məhkəmə baxışı iclaslarında Camal Bağırzadə barışıq təklifi ilə çıxış etməklə, Cavid Alıyevin barəsində qeyd edilən məlumatların yayılmasına görə təkzib verilməsini və üzr istənilməsini təşkil edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə “Vəkilin Səsi” adlı facebook səhifəsində Cavid Alıyevin barəsində yayılmış məlumatların təkzib edilməsinə və ondan üzr istənilməsinə dair “Təkzib” başlıqlı status paylaşılmış və “Vəkilin Səsi Hüquq Qəzeti” adlı facebook səhifəsi bu məlumatı repost etmişdir. Camal Bağırzadə xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, sosial şəbəkələrdə “Vəkilin Səsi” facebook səhifəsi tərəfindən Cavid Alıyevin barəsində “TƏKZİB” başlığı altında paylaşma edildiyini, bu paylaşmada “Vəkilin Səsi” səhifəsinin Cavid Alıyevin barəsində yazılanları təkzib edərək ondan üzr istədiyini, həmin paylaşmanın “Vəkilin səsi” beynəlxalq ictimai-siyasi hüquq qəzeti və sair istifadəçilər tərəfindən də paylaşıldığını məhkəmənin diqqətinə çatdırmaqla və həmin paylaşmanın skrinlərini elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim etməklə, nəzərə alınmasını xahiş etmiş, bundan başqa müvafiq paylaşımların skrinlərini 15 və xx.xx.2024-cü il tarixlərdə də elektron məhkəmə sisteminə yükləmişdir. Məhkəmə baxışı iclasında iştirak edən xüsusi ittihamçı X8 ərizəni müdafiə edərək, ərizədə göstərilən səbəb və əsasları nəzərə alaraq məhkəmədən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X4 məhkəmədən xüsusi ittihamçı şikayətindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədən xüsusi ittihamçı şikayətindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Beləliklə, yuxarıda şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, xüsusi ittihamçı xüsusi ittiham qaydasında cinayət təqibindən imtina etdiyindən, iş üzrə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X2 göstərilmiş hüquqi yardımla bağlı Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. X2 göstərilmiş hüquqi yardımla bağlı Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar